Tağıyevin qızının aldığı “müsahibə” – “Atamın Nərimanovla münaqişəsinə səbəb nə idi?”

10-05-2019, 00:29           
Tağıyevin qızının aldığı “müsahibə” – “Atamın Nərimanovla münaqişəsinə səbəb nə idi?”
1906-cı ildə Müəllimlər Qurultayında H.Z.Tağıyevin N.Nərimanovla münaqişəsi ilə bağlı tarixçə çoxlarına məlumdur. Sovet dövrü ədəbiyyatında H.Z.Tağıyevin müəllimlər qurultayında "mürtəce rolu" qabardılır, onun N.Nərimanovla münaqişəsi həddindən artıq şişirdilirdi. Bununla əlaqədar 1956-cı il iyunun 30-da H.Z.Tağıyevin qızı Sara xanım qocaman müəllim, həmin qurultayın iştirakçısı olmuş Səməd Acalova müraciət ünvanlayıb.

Moderator.az tarix üzrə fəlsəfə doktoru, Hacı Zeynalabdin Tağıyevin əsas araşdırmaçılarından olan Fərhad Cabbarlıya istinadən Sara xanımın S.Acalova verdiyi həmin sualları təqdim edir:

1.H.Z.Tağıyev 1906-cı ildə Bakıda keçirilmiş müəllimlər qurultayında millətimizin özünütəyinetmə məsələsinə qarşı çıxış edibmi?
2. “Azərbaycan tarixi”nin maketində yazılır ki, H.Z.Tağıyev qaragüruhçu qoçu dəstələrini yaradaraq ermənilərlə azərbaycanlılar arasında qırğınlar törədirdi. S.Acalov bu haqda nə bilir?
3. Müəllimlər Qurultayında Nərimanovla Tağıyev arasındakı münaqişənin səbəbi nə idi?

S.Acalov həmin gün Sara xanıma aşağıdakı yazılı cavabları verir:

“1. Bizim millətin özünütəyinetmə məsələsi qurultayın proqramına daxil olmayan məsələ kimi müzakirə edilməyib.

2. Fikrimcə, Tağıyevin erməni-müsəlman qırğınlarını təşkil etməsi və bu məqsədlə qoçu dəstələrini yaratması haqqında deyilənlər ağ yalandır.

3. Nərimanovla Tağıyev arasında münaqişə qurultayda meydana gəlmiş bir məsələ ilə bağlı Qafqaz canişininə müraciətin forması üstündə yaranmışdı: bir qrup teleqramda “qurultay tələb edir”, digəri isə “qurultay xahiş edir” yazılmasının tərəfdarı idi. “Qurultay tələb edir” yazılmasına Nərimanovun başçılıq etdiyi qrup tərəfdar idi. Tağıyev səsvermədə iştirak etmirdi”.

MODERATOR,AZ












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.