Hikmət Hacızadə Emin Millidən danışdı -“Bakıdan gülməli görünür...”

16-05-2019, 08:39           
Hikmət Hacızadə Emin Millidən danışdı -“Bakıdan gülməli görünür...”
Sərdar Cəlaloğlu: “O vaxtdan tanıyırdım, qeyri-adi bir siyasi təfəkkürü də yox idi”
Sosial şəbəkələr “Meydan TV”nin keçmiş rəhbəri Emin Millinin statuslarını müzakirə edir. Hətta onunla eyni mövqedə dayanan fəallar da Millini tənqid edirlər.

O, prezidentdən, siyasətçilərdən üzr istəyir, islahat olarsa hakimiyyətlə işləməyə hazır olduğunu qeyd edir. BBC-yə verdiyi son müsahibəsində isə bildirib ki, güc hakimiyyətin əlindədir, bunu danmaq olmaz.

E.Milli bildirib ki, hökumət bu günə kimi çoxlu sazişlər imzalayıb, amma oradakı öhdəliklər yerinə yetirilməyib: “Müxalifət indi gözləyir ki, Avropa İttifaqı ilə saziş bağlansa, hakimiyyət oradakı tələbləri yerinə yetirəcək.

Guya iqtidar Avropa Birliyindən qorxur, müsbət addımlara gedir. İnsanları belə təqdimatla aldatmaq olmaz. Sadəcə, neftin qiyməti və hasilat hökuməti idarəçiliyi dəyişməyə məcbur edir".

O hesab edir ki, tam islahatlar getməyib, amma müəyyən müsbət addımlar atılıb: “Azərbaycan reallığında həm siyasi, həm iqtisadi azadlıqlar vermək mümkün deyil. Sadəcə, Sinqapur modeli, Çin modeli var. Bu dövlətlər xalqa siyasi azadlıqlar verməyiblər, amma iqtisadi azadlıqlar veriblər. Lakin bununla onlar inkişaf ediblər, geriyə getməyiblər. Azərbaycanda hakimiyyət nə etmək istəyirsə, onu xalqa açıq deməlidir”.

“Emin Millinin son bəyanatları siyasi yox, romantik xarakter daşıyır. Görünür ki, yorulub, darıxıb, belə danışmağa başlayıb ki, rəngarənglik olsun. Amma onun çıxışları Bakıdan gülməli görünür. Çünki buradakı vəziyyət heç də onun gördüyü qədər pozitiv deyil”.

Bu fikirləri “Yeni Müsavat”a siyasi ekspert Hikmət Hacızadə “Meydan TV”nin keçmiş rəhbəri Emin Millinin son günlərdə iqtidara pozitiv mesajları, prezidentdən üzr istəməsi haqda danışarkən söylədi.

Yada salaq ki, H.Hacızadənin oğlu Adnan Hacızadə ilə Emin Milli birgə təşkilat yaradıblar, bərabər həbs olunublar.

Adnanın atası H.Hacızadə deyir ki, E.Millinin bu çıxışları heç də satqınlıq kimi qələmə verilə bilməz: “Sadəcə, onun Berlində vəziyyəti yaxşıdır, dondurmadan yeyir, pivədən içir, kofedən dadır, sonra romantik şeirlər kimi statuslar yazır. Gah deyir ki, hakimiyyətlə işləməyə hazıram, gah deyir ki, nifrət çoxdur, sevgi lazımdır, gah üzr istəyir. Azərbaycanda bir-birinə nifrət edən qruplar var. Bu da gəlib ki, üzr istəyəcəm... Çox adam deyə bilər ki, iqtidar islahata gedərsə, onunla işləyərəm. Mən ondan incimirəm. Yaxşı dolanışığı var deyə belə danışır. Amma buradakı insanların vəziyyətini nəzərə almır, yersiz danışır. Cavandır, nə baş verdiyini anlamır. Ona görə hələ nikbin danışır. Biz nə gündə, o nə gündə...”

H.Hacızadə oğlunun ABŞ-da yaşadığını bildirdi: “Adnan elmi tədqiqat mərkəzlərindən birində işləyir. Buradakı vəziyyəti də izləyir, məndən soruşur. Deyir ki, ata, bu niyə belə oldu, filan məsələ nə üçün bu cür baş verdi. Yəni ürəyi buradadır. İndi Emin belə danışır, camaat da inciyir, hamını anlayıram”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, ümumiyyətlə, xaricdəki blogerlərin fəaliyyətinə yüksək qiymət vermədiyini açıqladı.

Onun sözlərinə görə, E.Millinin son davranışları onu tanımayanlarda çaşqınlıq yarada bilər: “Emin burada tərcüməçi işləyirdi. O vaxtdan tanıyırdım, qeyri-adi bir siyasi təfəkkürü də yox idi. Sadəcə, kimlərsə təsadüfən siyasətə gəlir, sonra anlayır ki, yanlış fəaliyyət sahəsi seçib. Emin kimdir ki, hakimiyyətlə işləsin? Onun təcrübəsi, gücü o qədər yoxdur ki, ölkədə islahat olarsa işin irəli aparılmasına xidmət eləsin. Tutaq ki, islahatlar var, sən dəstək bəyanatı verməklə nə dəyişir ki? Dəstək ifadə edəndə işlər qabağa gedir? Onun çıxışları özünü aktuallaşdırmaq formasıdır. Onu tanıyıram, heç bir çəkisi olmayan adamdır”.

REAL Partiyasının icraçı katibi Natiq Cəfərli son bir ildə bir neçə dəfə E.Milli ilə beynəlxalq tədbirlərdə görüşdüyünü yada saldı. Onun sözlərinə görə, bu görüşlərdəki söhbətlərdə E.Millinin fikirlərində müəyyən transformasiyalar, yanaşmalarda yenilənmələr müşahidə edirmiş: “Emin mənim dostumdur, 15 ildir tanışıq. Onun siyasətçi olmamasını, siyasi ambisiyalarla yaşamamasını nəzərə alsaq, fikirlərini bu şəkildə söyləməsində bir problem görmürəm. Əgər onun siyasi ambisiyaları olduğu halda baxışlarında bu cür dəyişikliklər olsaydı, ən azı dostluğu bir kənara qoyaraq özüm tənqid edərdim.

Emin media adamıdır, fikirlərini deməsində qəbahət görmürəm. Təbii ki, onun müəyyən arqumentləri ilə razılaşmıram, bəzi fikirləri ciddi mübahisələr də doğura bilər. Açığı, onun islahat olarsa, hakimiyyətlə işləməyə hazır olduğunu deməsi mənə də qaranlıq qaldı. Çünki buna tam aydınlıq gətirmədi. Amma bütövlükdə Eminin fikirləri diskussiya ortamı yaradıb. Onun istədiyi kommersiya ilə jurnalistikanı birləşdirməkdir. Bu da dünyada var. Media müstəqilliyi həm də maliyyə müstəqilliyindən asılıdır".

N.Cəfərli bildirdi ki, E.Milli məmur olmaq üçün heç vaxt çalışmayıb: “10-12 il əvvəl geniş əlaqələri varıydı, bildiyim qədər müəyyən təkliflər də olub, istəsəydi həmin təkliflərlə razılaşardı. Amma bunu etməyib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.