Ağalar Bayramov: “Ürəyim partlayır…Partlayır ki, axı niyə... “

18-09-2019, 00:01           
Ağalar Bayramov: “Ürəyim partlayır…Partlayır ki, axı niyə... “
Tanınmış qiraətçi: “İndi başıma bir iş gələndən sonra deyəcəklər ki, “yaxşı sənətkar idi”...”

Məlum olduğu kimi, bu günlərdə prezidentin sərəncamı ilə bir neçə sənətkara fəxri adlar, mükafatlar verildi. Onların arasında rejissor Mərahim Fərzəlibəyov, şair Vahid Əziz, 72 yaşlı cazmen Cavan Zeynallı, müğənni İlqar Muradov və digər tanınmışlar var. Təbii ki, illərdir ki, fəxri ad siyahısında öz adını görmək istəyən çoxlu sayda sənətkarlar da az deyil. Onlardan biri də əməkdar artist, tanınmış qiraətçi Ağalar Bayramovdur.

Moderator.az xəbər verir ki, “Yeni Müsavat”a danışan əməkdar artist illərdir ki, xalq artisti fəxri adına layiq görülməməsindən gileylənib:

- Hər yerdə mənim əlimi sıxırlar. Nazirlik işçilərindən tutmuş adi vətəndaşa qədər hər kəs mənə qarşı böyük hörmətlə yanaşıb. Amma niyəsə pay paylananda Ağalar Bayramov yada düşmür. Nədir səbəb, məsələ nədir, bunu bilmirəm.

Təxminən 8-9 il əvvəl tədbirlərin birində deputat Azay Quliyev məndən soruşdu ki, "Niyə hələ də əməkdar artist adında qalmısan?" Dedim səbəbini mən də bilmirəm. Azay Quliyev həmin vaxt mədəniyyət nazirinin keçmiş müavini Ədalət Vəliyevə zəng etdi. Hətta bir dəfə nazir Əbülfəs Qarayevin şəxsən özünə də bu barədə bildirib. Sonra dəfələrlə məndən bunun nəticəsi barədə soruşdu.

Çox dəyərli millət vəkilimiz Qənirə Paşayeva da dəfələrlə bu məsələ ilə bağlı nazirliyə müraciət edib.

- Bəs nazirlikdən hansı cavab verilib?

- Cavab verirlər ki, "fəxri ad məsələsi mütləq həll olunacaq, biz onu tanıyırıq, böyük hörmətimiz var" və sairə. Bir də qeyd edirlər ki, təqdimat olmalıdır.

Xatırlayıram iki il öncə xalq yazıçısı Anar müəllim də məndən xalq artisti olub-olmadığımı soruşdu. O da 2017-ci ildə Əbülfəs Qarayevə məktubla müraciət etdi ki, mənə fəxri ad verilsin. Həmin ilin aprelində cavab gəldi ki, “baxılacaq”. Lakin yenə də heç bir nəticə olmadı.
Məni içəridən ağrıdan başqa şeydir. 2013-cü ildə çalışdığım Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi keçirildi. Təsəvvür edin, orada nə cür təqdimat keçdi. Mikrofon qarşısında dayanmayan, səhnəyə ayaq atmayan şəxslərə əməkdar artist adını verdilər, başqa meyarlara görə. Təsərrüfat işlərində mıx vurana isə tərəqqi medalı, bir ildir müəllim işləyənə əməkdar müəllim adı verildi. Amma 30 ildir çalışan Ağalar Bayramov yaddan çıxdı? Bu adamı yandırmaz? Halbuki harada Xocalı faciəsi, 20 Yanvarla bağlı təbirlər, cəbhə bölgələrinə səfər olur Ağalar Bayramov orada olur. Məni də yandırır ki, niyə mənə qarşı laqeyd yanaşırlar? Rəhmətlik Bəxtiyar Vahabzadə demiş:

“Pozular qaydalar, dağılar nizam,
Verməsən hər kəsin öz qiymətini.
Gövhər də çatlayıb üzülər tamam
Bu qədər haqsızlıq olmaz axı... Məcbur olub dilə gəlirəm, qaradan artıq daha boya yoxdur.

- Bu laqeydlik yaradıcılığınıza da öz təsirini göstərir?

- 2019-ci ildə Mahnı Teatrında 65 illik yubileyim keçirildi. Prezident Aparatından məmurlar, deputatlar gəlmişdi. Mənim haqqımda çoxlu sayda yazılar yazılıb, saysız-hesabsız şeirlər həsr olunub. Amma niyə ögey münasibət bəslənilir, anlamıram. Belə söz var, “ilham etinasızlıqdan ölər”. Məsul bir şəxslər mənim haqqa olan inamımı öldürürlər, başqa heç nə etmirlər. Bütün bunlara baxmayaraq, hazırda da öz işimdə fəaliyyətimdəyəm, bunun sənətimə bir təsiri yoxdur...
Bir sıra əməkdar xalq artistlər var ki, onları ətrafından qohum- əqrəbasından başqa heç kim tanımır. Amma Ağalar Bayramovun milyonlarla sevəni var. Həmişə vətənimin, dövlətçiliyimin arxasında dayanmışam, dünyanın bir çox ölkələrində “Azərbaycan!” deyə hayqırmışam. Bəyəm bunu nazir görmür?
Bir dəfə Mehriban xanımın saytına yazdım ki, mənim haqqım tapdalanır. Nazirlik buna görə məndən arayış istədi. Arayış yazıb göndərdim. Baxın görün mənə nə cavab verildi, “Mütəsna hallarda fəxri adlar verilir”. Deməli bunların hamısı bəhanədir. Bütün bunlar məni üzür, amma sındırmır. Hər şey gərək vaxtında, zamanında verilə, dəyərləndirilə. İndi başıma bir iş gələndən sonra deyəcəklər ki, “yaxşı sənətkar idi” və sairə. Sağlığında insanlara qiymət vermək lazımdır. 1983-cü illərdən bu günə qədər mən efirdəyəm. İstər dövlət, istərsə də özəl kanal və radiolarda çıxış edirəm.

- Şəxsən özünüz nazirliyə müraciət etmisiniz?

- Mən niyə müraciət etməliyəm? Bəyəm nazirlik görmür? Payı dilənməzlər, payı verərlər. Hansısa yollarla fəxri adlar alanlar da çıxsın el-obaya, kəndin kəsəyinə, izdihamın qarşısına, Ağlar Bayramov da. Millətin sevgisi mənə bəsdir. Amma yox əgər verirlərsə niyə ayrı-seçkilik edirlər? Bu fəxri ad dövlətdən, nazirlikdən paydır. Mənim 2 metr boyum var, indi deyirsiz 65 yaşlı, bu boyda kişi gedib nazirliyin qapısında boynunu büksün? Mən vətənimi sevirəm. Onu hər yerini qarış-qarış gəzmişəm. Ürəyim partlayır, partlayır ki, niyə Dilqəm Əsgərov, Şahbaz Quliyev girovluqdadır. Mənim ürəyim oradadır. Onlara hətta şeir də həsr etmişəm.

- Fəxri adlarla bağlı bəzən fikirlər səslənir ki, bu adət Sovet dövründən qalmadır, digər ölkələrdə bu cür titullar yoxdur, gərək ləğv olunsun və sairə.

- Dünya ölkələrində aktyor və sənətkarlar çalışdığı işə görə külli miqdarda pul alırlar. Eyni zamanda efirə çıxıb danışanda, çıxış edəndə də kifayət qədər yaxşı qonorar alır. Amma bu bizdə yoxdur. Halbuki bizdə də sənətkarlar efirə çıxanda onlara qonorar verilməlidir, amma verilmir.
Təkcə bizim ölkədə deyil, Rusiyada da hələ də bu cür titullar verilir. Əgər ləğv olunursa, hamıdan ləğv olunsun, yox əgər verilirsə, gərək meyar pozulmasın. Haqq tapdalanması, meyar pozulması çox pis şeydir.

- Fəxri adlar sənətkarlara hansı imtiyazlar verir?

- Sovet dövründə adətən fəxri ad alan sənətkarlar bir aylıq pulsuz kurorta göndərirdilər, ev verirdilər. Amma indi bunlar yoxdur. İndi fəxri ad daha çox mənəvi, dəyərləndirmə xarakteri daşıyır. Məsələn, mən əməkdar artist kimi ayda 100 manat, xalq artisti isə 150 manat alır. Yəni maddi tərəfdən o qədər də fərq yoxdur. Yəni burada daha çox dəyər məsələsi var. Amma deyim ki, əsas xalqın sevgisidir, hörmətidir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.