“Rəşad Məmmədovun həbsdə saxlanılması üçün heç bir əsas yoxdur” - Akif Əlizadə

18-12-2015, 12:21           
“Rəşad Məmmədovun həbsdə saxlanılması üçün heç bir əsas yoxdur” - Akif Əlizadə
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun vəkili Akif Əlizadə müvəkkili barəsində Səbayel Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Şikayətə dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Mürgüzovun sədrliyi ilə baxılacaq.

A.Əlizadə “Yeni Müsavat”a deyib ki, müvəkkilinin həbsdə qalması üçün heç bir əsas yoxdur: “Biz müdafiə tərəfi olaraq hesab edirik ki, Rəşad Məmmədovun barəsində həbslə əlaqəli olmayan bir tədbir seçib istintaqın davam etdirilməsi mümkündür. Çünki Rəşad Məmmədovun həbsdə saxlanılması üçün heç bir əsas yoxdur. Dekabrın 9-da Səbayel Rayon Məhkəməsi Rəşad Məmmədovun barəsində həbs müddətini 3 ay artırıb. Məhkəmə həbs müddətini uzadarkən bunun üçün konkret əsaslar göstərməli idi. Lakin belə bir əsas gətirilmədi, ümumi sözlərlə istintaq müddətini uzatdılar. Rəşad Məmmədov Zabil Salmanovun ərizəsi əsasında həbs olunub. Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Zabil Salmanov istintaq orqanına müraciət edib, ondan zorla ifadə alındığını, yalan ifadə verməyə məcbur edildiyini açıqlayıb. Çox təəssüf edirəm ki, həmin ərizə bu gün də baxılmamış qalıb. İttiham üzrə heç bir günahı olmayan Rəşad Məmmədov may ayından bu günə qədər həbsdə saxlanılır, bundan 3 ay sonra da həbsdə saxlamaq istəyirlər. Rəşad Məmmədova qarşı bu cür münasibətin qaynağı bizə aydın deyil. Ümid edirəm ki, Rəşad Məmmədovun barəsindəki qərar apelyasiya instansiyasında dəyişdirləcək”.

Qeyd edək ki, R.Məmmədovla yanaşı, iş üzrə maklerlər -İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədov da həbsdədir. Onların vəkilləri də məhkəməyə müraciət edərək müvəkkilləri haqda Səbayel məhkəməsində çıxarılan eyni məzmunlu qərardan apelyasiya şikayəti veriblər. Vəkillər hər iki şəxsin azadlığa buraxılaraq istintaqın davam etdirilməsini tələb edirlər.

Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.