"Dünən mənə bir nəfər zəng vurub bu şad xəbərləri verdi" - Seyran Səxavət

28-09-2020, 20:14           
"Dünən mənə bir nəfər zəng vurub bu şad xəbərləri verdi"
"Dünən mənə bir nəfər zəng vurub bu şad xəbərləri verdi"
Müharibə dövründə həmişə vətənpərvərlik təbliğatı güclənir. Yaradıcı insanlar öz beyinlərinin və qələmlərinin yaratdığı əsərlərlə orduya dəstək nümayiş etdirirlər. Lakin son 2-3 gündə yazıçı və şairlərimiz tərəfindən bu istiqamətdə hər hansı addımın atılmasının şahidi olmadıq.

Yazıçı Seyran Səxavət məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, biz hələ müharibə başlamamış qəlbən ordumuzun, xalqımızın yanında olmuşuq. Bu məsələdə həqiqət bizi dəstəkləyir:

“Mən təxminən 3-4 il əvvəl ərkim keçən şair və yazıçılara, ümumiyyətlə, Qarabağ haqqında yazmağı qadağan eləmişəm. Çünki Qarabağ haqqında yetərincə pyes, şeir, poema yazılıb, indi 1941-ci ildə deyilik, 2020-ci ildir. İnsanların psixologiyasında böyük fərq var. Qarabağ haqqında ən böyük romanı Ali Baş Komandan, Müdafiə Nazirliyi və Azərbaycan xalqı birlikdə yazmalıdır. İndi o günlər gəlib çatıb. Artıq Ali Baş Komandanın iradəsi ilə hamımız bir yerdə bu romanı yazırıq, inşallah tezliklə bitirərik və biz Azərbaycan xalqının kim olduğunu göstərərik. Üç gün bundan əvvələ qədər mənim üçün bir nömrəli məsələ Qarabağ torpaqlarının qayıtması idi. Amma üç gündür ki, döyüşlər gedir və biz xeyli irəliləmişik. İndi məni Qarabağdan daha çox maraqlandıran və sevindirən xalqın, Azərbaycan əsgərinin, dövlətinin özünə inamının qayıtmasıdır. İnam əsasdır. Torpağı o inam qaytarır və qaytaracaq. Bu iş axıradək getməlidir. Mən özüm qarabağlıyam, əslim də Füzulidəndir. Amma mənə Ağdam, Füzuli, Qubadlı, Zəngilandan daha vacib Kəlbəcər, Laçın və Şuşadır, mən oranı istəyirəm. Özü də bu işi axıra çatdırmaq lazımdır. Qapı-pəncərəmizi də bağlayaq ki, rədd olub getsinlər. Qırılanı qırılsın, qırılmayan da cəhənnəmə vasil olsun. Bezmişdim. Adam bilmirdi ki, nə etsin?! İndi artıq özümüzün varlığımızı hiss edirik”.

Seyran Səxavət vurğulayıb ki, son 30 ildə dünyada heç bir dövlət bizim qədər ermənilərə hörmət etməyib:

“Torpağımızı işğal ediblər, evimizin içində qonaq kimi gəzirlər. Bundan böyük hörmət, səbr ola bilər? Hər şeyin bir sonu var. Uçmağa qanadım yoxdur. Dünən mənə bir nəfər zəng vurub bu şad xəbərləri verdi. Mən də həmin vaxt avtomobil idarə edirdim. Birdən-birə məndə baş gicəllənməsi oldu və artıq maşını sürə bilmədiyimi gördüm, kənara çəkilib uşaq kimi ağladım, ürəyimi boşaltdım. Ondan sonra da oturdum maşına, özüm üçün getdim. Necə getdiyimi bilmirdim, uçurdum. Sən demə, DYP əməkdaşı 3-4 dəqiqə imiş ki, arxamca gəlirmiş, 2-3 dəfə, “203, maşını sağa çək”,-dedi. Mən də 180-190 sürətlə gedirdim, elə bil Qarabağa tərəf uçurdum, birdən dayandım. Polis mənə, “Ay dayı, mən sizi cavan oğlan bildim, bu nə sürətdir?,- dedi, heç nədən xəbəri yox idi, mən də olanları ona danışdım. O da çox sevindi. Bax, belə oldu, yəni indi doğrudan da bizim uçmağa qanadımız yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.