“Müzəffər ordumuz kəndimizi azad edib - yerə-göyə sığmıram...”

16-10-2020, 21:07           
“Müzəffər ordumuz kəndimizi azad edib - yerə-göyə sığmıram...”
“Doşuluya qonaq apardığım rəhmətlik Elçibəy füsunkar dağlara, meşələrə baxaraq dedi ki, bura lap Kələkiyə bənzəyir...”
"Dünən -oktyabrın 15-də müzəffər ordumuz tərəfindən azad olunmuş Cəbrayıl rayonunun Doşulu kəndi - dost-doğma ata-baba kəndimdir. Sevincimin həddi-hüdudu yoxdur. Yerə-göyə sığmıram... Yəqin ki, hərbçilərimiz icazə versəydi, bu saat gedib o yurdumun daşını-kəsəyini qucaqlayıb öpərdim. Bu günlərdə işğaldan azad olunmuş doğma Cəbrayıl rayon mərkəzində olub, o əziz torpağa sarılaraq sevinc göz yaşlarımı axıtdım...”

Bu həyəcan dolu cümlələri Moderator.az-a açıqlamasında Cəbrayılda doğulmuş, 1-ci Qarabağ savaşında Cəbrayıl ərazi özünümüdafiə taborunun yaradılmasında fəal iştirak etmiş tanınmış Qarabağ qazisi Vaqif Əlisoy söyləyib.

“Qarabağda müharibə yeni başlanan vaxt rəhmətlik eks-prezident Əbülfəz Elçibəyi Doşulu kəndinə qonaq aparmışdım. O, füsunkar dağlara, meşələrə baxaraq sinə dolu nəfəs alıb dedi ki, bura lap Kələkiyə bənzəyir... Strateji baxımdan da çox əhəmiyyətlidir kəndimiz... Bizim kənddən görünən dağın o üzü Hadrut, indiki Xocavənd rayonu ərazisidir... Hamımızın gözü aydın olsun. Üzü Qubadlıya, Laçına, Şuşaya tərəf gedirik Allahın köməkliyi ilə... Ordumuz... Ordumuz... Ordumuz, hər bir əsgərimiz, zabitimiz, generalımız üçün gecə-gündüz dua edirik. Ali Baş Komandan başda olmaqla Silahlı Qüvvələrimizin bütün heyətinə ilk qələbələrimizə görə təşəkkür edir, yeni-yeni savaş uğurları diləyirik...” – deyə 66 yaşlı Qarabağ qazisi sonsuz şadlıq dolu hiss və arzularını ifadə edib.

“Cəbrayıl azad olunan gün rayonumuzun qeyrətli və imkanlı oğullarının ordumuz üçün yardımlarını Qarabağ qazilərinin vasitəçiliyi ilə cəbhə mövqeyindəki döyüşən hərbi hissələrə çatdırdıq. Cəbrayıl rayonunun Şükürbəyli kəndindən Musa və İlqar İsmayılov qardaşları kimi əsgərlərimiz üçün külli miqdarda xərc çəkmiş vətənpərvər və xeyirxah oğullarımıza dərin təşəkkürümüzü çatdırırıq...

Azad olunmuş Cəbrayıl rayon mərkəzindən yayılan kadrlarda görünən Müəllimlər evi deyilən iki beşmərtəbəli binanın öncəkinin birinci mərtəbəsində görünən iki pəncərə mənim 5 otaqlı mənzilimin pəncərələridir... 27 il idi o evlərimizdə işğalçı erməni hərbçilərin ailələri yaşayırdı. İndi, çox şükür Allaha, Azərbaycan əsgərinin rəşadəti və gücü sayəsində o binalar, o mənzillər özümüzə qayıtdı... Torpaqlarımızın azadlığı yolunda şəhid olan övladlarımızın ruhu qarşısında baş əyirəm”- işğaldan öncə Cəbrayıl Ziyalı batalyonunun yaradıcılarından olan Vaqif Əlisoy belə deyib.

Moderator.az olaraq Vaqif bəyi doğma kəndinin azad olunması, “köçkün” adının üzərindən götürülməsi münasibətilə təbrik edir, Allahdan qalib ordumuzun rəşadəti sayəsində bütün didərginlərimizin doğma yurd-yuvalarının azad olunmasını diləyirik.

Sultan Laçınшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.