“İlk dəfədir ki, Azərbaycan dünyanın dəyişiklikləri ərəfəsində önə çıxıb” - Cəmiyyət sədri

24-10-2020, 05:45           
“İlk dəfədir ki, Azərbaycan dünyanın dəyişiklikləri ərəfəsində önə çıxıb” -

“Azərbaycan Ordusu tarix yazır. Ordumuz XXI əsrin standartlarına uyğun olaraq, inkişaf etmiş müasir texnologiyalardan istifadə etməklə təcavüzkarları əzəli torpaqlarımızdan qovur. Mən ordumuzun bu addımını yalnız alqışlaya bilərəm. Gördüyünüz kimi, çox uğurlu hərbi əməliyyatlar keçirilib, düşmənə sarsıdıcı zərbələr endirilib, onun maddi-texniki bazasına ciddi ziyan vurulub, lojistik dəstəyinin böyük hissəsi nəzarətə götürülüb”.

Bu sözləri Reyting.az-a açıqlamasında Deportasiya Qurbanları Cəmiyyətinin sədri, “İrəvan” qəzetinin baş redaktoru Köçəri Nağıbəyli Azərbaycan Ordusunun Dağlıq Qarabağda və işğaldakı ətraf rayonlarda həyata keçirdiyi hərbi əməliyyatlar, xarici basqılar, görülən işlər və digər məsələlərdən danışarkən deyib.

Cəmiyyət sədri bildirib ki, Füzuli və Cəbrayıl artıq işğaldan azad edilib, eləcədə 50-dən çox kənd işğalçılardan təmizlənib:

“Cəbhənin şimal və cənub istiqamətlərində ordumuz irəliləyib. Mən ümid edirəm ki, ordumuz Azərbaycanın süverenliyini və onun ərazi bütövlüyünü təmin etməyə qadirdir. Düşünürəm ki, yaxın dövrdə biz bunun şahidi olacağıq. Biz el-obamızla, canımızla ordumuzun yanındayıq və əlimizdən gəldiyi qədər ona dəstək verməyə hazırıq. Vətən torpağı məsələsində ayrımçılıq ola bilməz”.

K. Nağıbəyli xatırladıb ki, Deportasiya Qurbanları Cəmiyyəti həm də qədim torpaqlarımızın məsələsini qaldırır, Zəngəzurun, Göyçənin, Dərələyəzin, Vedibasarın, Zəngibasarın türk torpağı olduğunu, hazırda bu ərazilərdə yaşamadığımızı, zaman-zaman oralardan deportasiya olunduğumuzu daima dilə gətirir, bunu gənc nəslin unutmamasına çalışır: “Bu mənada 1988-ci ildən sonra həyasız qonşularımızın fəallaşması, SSRİ-nin süqutu dövründə rus hərbçilərdən hər cür dəstək alaraq Dağlıq Qarabağ və ətraf ərazilərimizi işğal etməsi reallıqdır. Nə yaxşı ki, müzəffər ordumuz indi bu torpaqları işğaldan azad edir. Deportasiya Qurbanları Cəmiyyəti ordumuzun və dövlətimizin bu addımlarını alqışlayır, onu müdafiə edir və etməkdə də davam edəcək”.


K. Nağıbəyli

K. Nağıbəylinin sözlərinə görə, müharibə əsasən üç istiqamətdə aparılır. Bunlardan biri və ən vacibi döyüş meydanıdırsa, digəri siyasi-diplomatik səhnədə göstərilən fəaliyyətdir. Üçüncü istiqamət isə informasiya cəbhəsidir:

“Hərbi medyanda ordumuz yüksək şücaət göstərir. Müşahidə etdiyimiz kimi, düşmən ordumuzun qarşısında tab gətirə bilmir və onun indiyə qədər qürrələndiyi Ohanyan xətti artıq yarılıb. Əlbəttə, burada dəqiq hərbi planlaşdırma və qarşıya qoyulan məqsədə nail olmaq mühüm rol oynayıb. Biz bununla ordumuzun peşəkarlığını bir daha gördük. Aydın məsələdir ki, ordunun qələbəsində Ali Baş Komandan xüsusi rol oynayır. Yəni ordunun başında durur, onu idarə edir.

İkinci istiqamət diplomtik-siyasi meydanda baş verənlərdir. Bu istiqamətdə də Azərbaycan ciddi işləyir. Hətta hərbi əməliyyatların başladığı 27 sentyabra qədər müəyyən işlər görülüb.

Müharibənin ilk dövrlərində Azərbaycana qarşı müəyyən təzyiqlər özünü göstərməyə başladı. Amma bu təzyiqlər ustalıqla neytrallaşdırıldı. Diqqət edirsinizsə, Fransa prezidenti Makron əvvəlcə az qala ermənilər üçün yaxasını cırırdı. Amma indi onun səsi çıxmır. Bir neçə belə misallar göstərmək olar.

Xarici təzyiqlər neytrallaşdırıldıqdan sonra Azərbaycana dost olan ölkələr, xüsusilə Türkiyədən daima dəstək mesajları gördük. Eləcə də dost Pakistan bizə siyasi-mənəvi dəstəyini ifadə etdi. İsrailin də dəstəyini hiss etdik. Bu sıraya daha bir neçə ölkənin də adını salmaq olar. Hesab edirəm ki, diplomatik sahədə fəaliyyət hərbi əməliyyatların gedişinə adekvatdır.

Üçüncü istiqamət kimi mən informasiya, baş verənlərin xarici aditoriyaya çatdırılması və təbliğat sahəsini göstərərdim. Bu sahədə də ciddi işlər görüldü. Diqqət edin, müharibə başlayan gündən indiyə qədər Prezident İlham Əliyev demək olar ki, dünyanın əksər populyar televiziya kanallarına müsahibələr verir, hərbi əməliyyatların baş verməsinin səbəblərini açıqlayır, düşmənin məqsədlərini ortay qoyur. Ən nəhayət, Azərbaycanın beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünün təmin edilməsinin onun hüququ olduğunu xatırladır. Yəni hadisələri təqdim etməklə bərabər tutarlı arqumentlər ortaya qoyur. Beləcə, 100 milyonlarla auditoriyası olan kanllar vasitəsilə Azərbaycanın haqq işini dünyaya çatdırır.

Gördüyümüz kimi, cəbhənin hər üç istiqamətində görülən işlərə Ali Baş Komandan şəxsən rəhbərlik edir”.

Cəmiyyət sədri əlavə edib ki, Azərbaycan cəmiyyəti uzun illər torpaqlarımızı işğaldan azad edəcək Prezident arzulayıb: “İndi deyə bilərik ki, belə bir dövlət başçısı artıq var və xalqın 30 illik aruzunu həyata keçirir”.

Müsahibimiz qeyd edib ki, müharibə dövründə keçici atəşkəslər elan olunur, bu zaman cəsədlər dəyişdirilir: “Buna normal yanaşmaq lazımdır. Hesab edirəm ki, hərbi əməliyyatlar davam edəcək.

Bizim ailəmizin bir üzvü də hazırda cəbhədədir və ordumuzun sıralarında düşmənə qarşı haqq davamızda iştirak edir. Düşünürəm ki, Azərbaycan Ordusu dövlət bayrağını Şuşada dalğalandıracaq. Ərazilərimizi azad edəcək. Əslində prosesə üçüncü tərəfin müdaxilə etməməsi lazımdır. Azərbaycan öz ərazilərində anti-terror əməliyyatları aparır”.

K. Nağıbəyli sonda diqqətə çatdırıb ki, 30 il ərzində aparılan danışıqların və 20 gün keçirilən hərbi əməliyyatların təhlili əslində, problemi Azərbaycan Ordusunun həll etdiyini göstərir:

“Bu illər ərzində aparılan danışıqların heç bir nəticəsi olmadı, əksinə, bir çox hallarda danışıqlar bizim marağımızla uyğunluq təşkil etmədi, faktiki olaraq Rusiya və Fransa bu məsələdə altdan-altdan işğalçı erməniləri dəstəklədi. Danışıqları imitasiya etməklə məşğul oldular. Orataya ikili standartlar çıxdı. Hətta həmsədrlərin Xankəndində özlərinə kef məclisi qurmasını da gördük. Bütün bunların nəticəsi olaraq Nikol Paşinyan qədim incimiz, mədəniyyətimizin beşiyi olan Şuşada sarsaqladı. İndi də cavabını alır.

Əlbəttə, diplomatik baxımdan təmaslar olmalı, müzakirələr aparılmalı, görüşlər keçirilməlidir. Ancaq mənim şəxsi fikrim budur ki, biz Qarabağı danışıqlar yolu ilə deyil, ordumuzun gücü ilə geri alacağıq. Hadisələrin gedişi də dediklərimizi sübut edir.

Burada incə bir məqamı da qeyd etmək yerinə düşərdi. Biz tarixə baxsaq görərik ki, dünyada hər dəfə dəyişikliklər ərəfəsində olanda biz uduzan, hiyləgər erməni isə udan tərəf olub. Çox müsbət haldır ki, bu dəfə tam əksi baş verir. Azərbaycan uzun illərdən sonra dünyada müşahidə edilən dəyişikliklər ərəfəsində qabağa çıxıb, özünün milli və ləyaqət məsələsi olan işğaldakı torpaqların azad edilməsinə start verib və uduzan tərəf deyil. Mən bu müqəddəs işdə Azərbaycan rəhbərinə və müzəffər ordumuza uğurlar arzu edirəm! Tanrı Azərbaycan əsgərini qorusun! Qarabağ Azərbaycandır!”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.