“Səlim Müslümov yaxşı başlamışdı...” – Jurnalistlər danışır Tarix: Bu gün, 15:01 | Çap et

17-06-2015, 15:50           
“Səlim Müslümov yaxşı başlamışdı...” – Jurnalistlər danışır Tarix: Bu gün, 15:01 | Çap et
Editor.az “Nazirlər jurnalistlərin gözü ilə” adlı yeni rubrikaya start verir. Hər həftə oxucuların görüşünə gələcək rubrikada ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər müxtəlif sahələrə rəhbərlik edən nazirlərin fəaliyyəti ilə bağlı fikirlərini Editor.az-a bölüşəcəklər.

Rubrikanın ilk qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdur.

Dosye: Səlim Yanvar oğlu Müslümov 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1987-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə irəli çəkilib. İqtisad elmləri doktorudur.

Niyaz Niftiyev (Azadİnform):

Səlim Müslümovu fəal, işgüzar nazir kimi xarakterizə edirəm. Ümumilikdə nazirlik son illər istər vətəndaşlar, istərsə də jurnalistlərlə fəal iş aparır.

Elməddin Muradlı (“Üç Nöqtə” qəzeti):

Səlim Müslümov ən operativ və çalışqan nazirlərdən biridir. Bildiyimə görə, nazir millət vəkilləri ilə sıx əməkdaşlıq edir. Çünki əsasən deputatlara edilən şikayətlər sosial məsələlərlə bağlı olur. Əksər deputatların bəzi nazirlərdən fərqli olaraq Səlim Müslümova birbaşa çıxış imkanları var. Şəxsi müşahidələrimə əsaslanıb deyə bilərəm ki, O, öz sahəsinin peşəkarıdır. Çox savadlıdır və daim yenilik axtarışındadır. Keçmişdə nələr olub, nələr baş verib, onu deyə bilmərəm. Hazırda Səlim Müslümov ölkəmizin ən fəal nazirlərindən biridir.

Məmməd Gülməmmədov (Ölkə.az):

Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra geniş islahatlar həyata keçirdiyi görüntüsünü yarada bildi. Xüsusən onun keçirdiyi qalmaqallı müşavirələr hamının yadındadır. Amma çox təəssüf ki, bu qısa müddət çəkdi. Onun Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tətbiq etdiyi qaydalar işləmir. Görünür O, ya tabeliyindəki məmurlarla bacara bilmir, ya da bunu özü istəmir. Çox təəssüf ki, S.Müslümovun rəhbərlik etdiyi nazirlikdə neqativ hallar hələ də hökm sürür. Xüsusən nazirliyin regionlarda fəaliyyət göstərən şöbələri əhalini aldatmaqla, vətəndaşları süründürməçiliyə salmaqla məşğuldur. Bu mənada mən Səlim Müslümovun fəaliyyəti ilə bağlı müsbət sözlər deyə bilmirəm.

Əfsələddin Ağalarov (Azxeber.com):

İlk növbədə onu deyim ki, əvvəlki illərlə müqayisədə son illər əksər nazirliklərin, dövlət qurumlarının mətbuata münasibəti yaxşı mənada dəyişib. Heç şübhəsiz burada Prezident İlham Əliyevin məmurlara sərt xəbərdarlığı, onları ictimai rəylə hesablaşmağa səsləyən bəyanatları xüsusi rol oynayır. Konkret suala gəldikdə isə Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra fəal şəkildə işləməyə başladı. Xüsusən yeni təyinat aldığı dövrdə onun tabeliyindəki rüşvətxor məmurlara qarşı amansız münasibəti, nazirliyə aid tədbirlərin mediada geniş işıqlandırılması müsbət məqamlardandır. Yaxşı olar ki, Səlim müəllim bu siyasətini bundan sonra da davam etdirsin.

Zaur Rəsulzadə (Haqqın.az):

Mən Səlim Müslümovu şəxsən tanımıram. Baxmayaraq ki, uzun müddətdir mətbuatdayam, onunla bircə dəfə təmasım olmayıb. Lakin eşitdiyimə görə, islahatçı nazirlərdən biridir. Deyilənlərə inansaq, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra çox ciddi islahatlar aparıb.

Zabil Müqabiloğlu (Gunxeber.com):

Səlim Müslümov buna qədər də yüksək dövlət vəzifəsində çalışıb. Dövlət Sosial Müdafiə Fondunun sədri postunu tutub. İndiki postu keçmiş vəzifəsinə xeyli dərəcədə yaxın olduğundan rəhbərlik etdiyi sahəni və oradakı problemləri bilir. Bir jurnalist kimi onun işində dinamizm müşahidə edirəm . Səlim Müslümovun rəhbərlik etdiyi nazirlik daha çox sosial problemləri olan şəxslərlə, əlillərlə işləyir. Bu isə çox böyük məsuliyyət tələb edir. Ümumi problemləri, narazılıq və şikayətləri də nəzərə almaqla demək olar ki, bu nazirlik tərəfindən vətəndaşların problemləri ilə bağlı müəyyən addımların atıldığı müşahidə olunur. Həm S.Müslümovun özü, həm rəhbərlik etdiyi nazirlik, həm də onun mətbuat xidməti də digər dövlət qurumları ilə müqayisədə mediaya xeyli dərəcədə açıqdır. Ən azından onlara edilən müraciətlərə cavab verilir, mətbuatda öz əksini tapan problemlərə reaksiyalar olur. Amma S.Müslümovun rəhbərlik etdiyi sahədə daha ciddi islahatlar aparıla, məmur özbaşınalığı, bürokratik əngəllər daha ciddi şəkildə aradan qaldırıla bilər.

İbrahim Rüstəmli (AİM.AZ):

Doğrusu, uzun müddət ordu sıralarında xidmət etmiş bir hərbi jurnalist kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında ayrıca bir yazı ilə çıxış etmək niyyətindəyəm. Ən azından ona görə ki, indiki statusumda müharibə veteranları və əlilləri, şəhid ailələrilə bağlı informasiyalara son dərəcə həssas yanaşıram. İndiki dövrdə müvafiq sahədə aparılan köklü islahatlar, həyata keçirilən tədbirlər bu haqda daha ətraflı söz açmaq zərurəti yaradıb. Məsələ burasındadır ki, bəzi nazirlərdən fərqli olaraq məhz Səlim Müslümovun düşünülmüş iş prinsipi və bunun nəticəsində şəffaflığın maksimum bərpa olunması cəmiyyətə stimul verir. İnanıram ki, onun rəhbərliyi altında müvafiq sahədə daha böyüş irəliləyişlərə nail olacağıq. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, necə deyərlər, yerində olan adamdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.