Paşinyan üzünü Moskvaya çevirdi - TƏHLİL

15-11-2019, 08:56           
Paşinyan üzünü Moskvaya çevirdi - TƏHLİL
ABŞ-ın maliyyə və siyasi dəstəyi ilə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan Rusiya ilə yaxınlaşmağa üstünlük verir.

Kremlə meyillilik son vaxtlar Ermənistan hökumətinin Rusiya ilə münasibətlərində açıq şəkildə müşahidə olunur. Rəsmi Moskvanın verdiyi son mesajlar da ikitərəfli münasibətlərdə bir il yeddi aydır davam edən gərginliyin də aradan qalxdığını göstərir. Hətta Baş nazir Paşinyan Fransaya səfəri zamanı Avrointeqrasiya kursundan imtina edərək Rusiyanı seçdiklərini rəsmən bəyan edib. “Gündəliyimizdə Avropa İttifaqına üzv olmaq məsələsi yoxdur”. Baş nazir Nikol Paşinyan Parisdə amerikalı jurnalistin sualına cavab olaraq deyib.

Paşinyan jurnalistin “Ermənistan Avropa İttifaqına üzv olmağa hazırlaşırmı” sualına isə cavabında elə fikrinin olmadığını açıqlayıb. “Mən elə fikirləşmirəm. Biz hazırda Avrasiya İqtisadi İttifaqının üzvüyük. Bu təşkilat daxilində əməkdaşlığımızı inkişaf etdirməyə hazırlaşırıq. Bu iqtisadi ittifaq bizim üçün çox vacibdir. Ona görə Avropa İttifaqına üzvlük kimi məsələ bizim gündəliymizdə yoxdur”, - deyə o, əlavə edib. Qeyd edək ki, Nikol Paşinyan Ermənistanın Qərbə inteqrasiyadan imtina etdiyini açıq şəkildə söyləməsi birinci dəfə deyil. O, analoji fikri oktyabrın 29-da da Rusiya mətbuatına verdiyi müsahibəsində də deyib.

“Ermənistan üçün Şərq-Qərb seçimi yoxdur. Ermənistan üçün əməkdaşlıq hər kəsin nümayiş etdirməli olduğu bir yanaşmadır. Biz, Ermənistan vəziyyəti Avropa və Rusiya arasında seçim etməli olduğumuz şəkildə qəbul etmirik”-deyən Paşinyan bildirib ki, Rusiya da, Ermənistan da Avropa ölkəsidir. Müxalifətdə olduğu dövrdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını parlamentdə müzakirə edən və ABŞ-ın Ermənistanda təşkil etdiyi inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan indi tam əks mövqe nümayiş etdirir. Təbii ki, Paşinyanın xarici siyasət vektorunu dəyişməsi səbəbsiz deyil. Bu həm xarici, həm də daxili münasibətlərdə siyasi dividentlərin qazanılmasına hesablanıb. Dekabr ayında Paşinyanın AİB-nin sammitində iştirak etmək üçün Rusiyaya işgüzar səfər edəcəyi gözlənilir. Həmin səfər çərçivəsində Rusiya prezidenti ilə aparılacaq danışıqlar tərəflər arasında bir sıra problemlərin aradan qalxmasına səbəb ola bilər.

Avrasiya İqtisadi Birliyi İqtisadi Şurasının oktyabrın 1-də İrəvanda keçirilən zirvə görüşü zamanı Vladimir Putinin eks-prezident Robert Köçəryanın həyat yoldaşı ilə görüşməsi və Paşinyandan narazı qayıtması Rusiya ilə Ermənistan arasında qarşıdurmanı daha dərinləşdirdi. Lakin Paşinyan hökumətinin ABŞ-la münasibətlərinin isti olmaması Rusiyanın diqqətindən yayınmayıb. Sentyabr ayında N.Paşinyanın BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Prezident Donald Trampın onu qəbul etməkdən imtina etməsi faktiki olaraq, Ermənistanın Baş nazirinə istədiyi dəstəyi verməkdən imtina etməsi demək idi. Hətta qondarma erməni soyqırımına münasibətdə Tramp administrasiyasının mövqeyinin Nümayəndələr Palatasından fərqlənməsi də görünür Paşinyan hökumətinin Ağ Evə olan ümidlərinin itməsinə səbəb olub. Bu baxmdan, Paşinyanın Rusiyaya doğru iri addımlar atması həm də ABŞ rəhbərliyinə verilmiş siyasi mesaj kimi də başa düşülə bilər.

Bu boşluğu görən Kreml yaranmış situasiyadan məharətlə istifadə etməyə başlayıb. Rusiyanın Ermənistana kömək əlini uzatması ilk növbədə, özünü Dağlıq Qarabağ probleminin həllinə yanaşmada göstərir. Son günlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana gələrək Dağlıq Qarabağ ermənilərinin danışıqlarda müstəqil tərəf kimi iştirakının vacibliyini təklif etməsi formatın dəyişdirilməsini tələb edən Nikol Paşinyanın danışıqlardakı mövqeyini xeyli möhkəmlədir.

Rusiyadan fərqli olaraq, ABŞ Ermənistandan işğal etdiyi əraziləri mərhələli şəkildə geri qaytarmağı, Azərbaycan və Türkiyə ilə sərhədlərin açıqlamasını təklif edirdi. Yalnız bundan sonra ABŞ Ermənistana irihəcmli investisiyalar yatırmağa razı ola, Tramp Paşinyanı qəbul edib ona maliyyə və siyasi dəstək verə bilərdi. Lakin Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun 2018-ci ilin oktyabr ayında Dağlıq Qarabağ probleminin həllinə dair təklif etdiyi “yol xəritəsi”ni yerinə yetirməkdən imtina etdi. “Bolton planı”nın qəbul edilməməsi Tramp administrasiyasında Paşinyana “Məxməri inqilab” zamanı verilən dəstəyin geri çəkilməsinə səbəb olub. Artıq bunu həm Ermənistanın baş naziri, həm də Rusiya açıq hiss edir. Bu isə Kremlin Ermənistana təsir imkanlarını artırır.

Rusiya indiki situasiyada yaxınlaşmaq Paşinyana yalnız Dağlıq Qarabağ problemi ilə deyil, həm də daxili auditoriya ilə manipulyasiya etmək üçün lazımdır. Çünki baş nazir “məxməri inqilab” zamanı verdiyi vədləri yerinə yetirə bilməyib. Ölkədə sosial-iqtisadi vəziyyət ağır olaraq qalır. Ermənistanın dövlət borcları 6 milyard 393 milyon dollar çatıb. Əhalinin sayı isə 2019-cu ilin doqquz ayı ərzində 11 700 nəfər azalaraq 2 milyon 957 min 500 nəfər düşüb. Belə olan halda ABŞ-dan siyasi dəstəyini itirən Paşinyanın Rusiya ilə də qarşıdurmaya getməsi onun hakimiyyəti üçün ciddi problem yarada bilər. Ona görə də baş nazirin görünür, Kremllə yaxınlaşması həm də hakimiyyətini qoruyub saxlamağa xidmət edir.

Rusiya ilə qarşılıqlı razılaşma Paşinyana bir sıra dividendlər gətirə bilər. Artıq Qarabağ məsələsinə yanaşmada bu özünü göstərir. Dekabr ayında aparılacaq müzakirələrdə anlaşma əldə olunarsa, qarşıdan gələn qış aylarında Rusiyanın “Qazprom” şirkəti Ermənistana verilən təbii qazın da qiymətini aşağı sala bilər. Kreml ABŞ-ın təşkil etdiyi “Məxməri inqilab”dan sonra Rusiyanın təsir dairəsindən çıxarmağa çalışan Ermənistanı özünün geosiyasi orbitinə qaytarmağa çalışır. Bu məqsədlə Rusiya rəhbərliyi Robert Köçəryana verdiyi dəstəkdən də imtina edə bilər. Putin hakimiyyətinin bu mövqeyi 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək qondarma prezident seçkilərində Nikol Paşinyanın işinə yaraya bilər. Böyük ehtimalla Paşinyanı Rusiyanı yaxınlaşdıran səbəblərdən biri də məhz Dağlıq Qarabağdakı “seçkilər” məsələsidir. İşğalçı rejimin başına öz adamını gətirməyə çalışan Paşinyan Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağdakı hərbi xuntaya kifayət qədər təsir göstərə bilmir. Nikol Paşinyan Dağlıq Qarabağdakı rejim birbaşa Moskvadan idarə olunduğunu və Rusiyanın razılığı olmadan orada öz adamını hakimiyyətə gətirə bilməyəcəyini yaxşı anlayır. Ona görə də “Qarabağ klanı”nı siyasi cəhətdən tam sıradan çıxartmaq üçün ona Rusiyanın dəstəyi lazımdır. Kreml isə bu dəstəyi yalnız öz şərtlərini Paşinyana qəbul etdirdikdən sonra verə bilər.

Politoloq Nəzakət Məmmədova hesab edir ki, Qərbin resurslarından istifadə edərək hakimiyyətə gələn Nikol Paşinyanın sonradan kursu dəyişməsinin konkret səbəbləri var: “Paşinyan müxalifətdə olduğu dövrlərdən fərqli olaraq, hakimiyyətə gələndən sonra siyasi reallığı daha aydın görməyə başladı. Amma Paşinyan həm də anlayır ki, onu hakimiyyətə gətirən qüvvələri aldada, onlarla oyun oynaya bilməz. Yəni onun gedişləri, manevrləri özünü çox gözlədə bilməz. Paşinyan Amerikada müəyyən dairələrin şərtlərini qəbul edərək hakimiyyətə gəlib. Ona görə də onun açıqlamaları deklorativ xarakter də daşıya bilər. Lakin Paşinyan Rusiyanın da maraqlarını nəzərə almağa məcburdur. Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən tədbiri göstərdi ki, Ermənistan bu qurumdan kənarda qala bilməz. Ermənistan Qərbə inteqrasiya edə bilməz və böyük Avrasiya layihəsinin bir hissəsidir. Ermənistan heç vax bu orbitdən kənara çıxa bilməyəcək. Ola bilsin ki, Rusiya Ermənistana elə güzəştlər, imtiyazlar təklif edib ki, Paşinyan bunun müqabilində Qərbə inteqrasiya prosesini arxa plana atıb Rusiyanın mövqeyini qəbul edib. Buna sübut olaraq Sergey Lavrovun Ermənistana səfəri zamanı verdiyi bəyanatları göstərmək olar. Diqqət yetirsək görərik ki, Rusiya Ermənistana, Ermənistan da Rusiyaya jestlər edir. Deməli, arada bir razılaşma var. Ona görə də tərəflər buna uyğun şəkildə fikirlərini bildirirlər. Digər ehtimal isə bundan ibarətdir ki, Rusiya Ermənistanı itirməmək üçün Ukrayna istiqamətində hansısa güzəştə gedə bilər. Rusiya-Ermənistan münasibətlərinin yaxınlaşması Dağlıq Qarabağ üzərindən qurulan oyun vasitəsilə həyata keçirilir. Lavrovun “Qarabağ xalqı”, “Nikol haqlıdır” kimi ifadələri işlətməsi bütün bu proseslər bir-birilə qarşılıqlı əlaqədə olan məsələlərdir.

Eyni zamanda, Paşinyanın Rusiyaya yaxınlaşmaq barədə açıqalamanı Fransada səsləndirməsi də diqqəti cəlb edir. Paşinyanın işlətdiyi “Rusiya Avropa ölkəsidir” ifadəsini bir müddət öncə Fransa Prezidenti Makron da işlətmişdi. Makron bildirmişdi ki, Rusiya sanksiyalar altında çox qala bilməz, beynəlxalq birlikdə layiqli yerini tutmalıdır. Yəni Makron Rusiya və Putin haqqında yüksək fikirlər söyləmişdi. Eyni ifadələri Paşinyan da Parisdə səsləndirir. Amma o, bu açıqlamanı Vaşinqtonda verə bilməz. Çünki Fransa ilə Rusiyanın yaxın münasibətləri var. Bu əlaqələr özünü Ukraynada göstərir. Rusiya “Şimal axını-2” layihəsi vasitəsi ilə Fransaya təbii qaz satmaq istəyir. Fransa Rusiyaya silah satır. ABŞ-dan fərqli olaraq, Napoleon müharibələrini çıxmaq şərti ilə Fransa Rusiyaya daha yaxın olub. Lavrovun Ermənistanda verdiyi bəyanatın ardınca Paşinyanın Parisdəki açıqlaması siyasi mənzərəni ortaya qoyur.

Əvvəldən yaxın Fransa-Rusiya-Ermənistan üçbucağının formalaşdığını görürük. Yəni ATƏT-in Minsk Qrupunun üzvü olan üç ölkədən ikisi Ermənistanın yanındadır. Bu da nizamlanma prosesində Ermənistanın mövqeyini gücləndirir. ABŞ isə Qarabağ məsələsində Paşinyana dəstək vermədi. Çünki ABŞ Azərbaycanın strateji maraqlarını Ermənistana qurban verməz. Deməli, Paşinyanın ABŞ-la sövdələşməsi baş tutmayıb. Ancaq Rusiya və Fransanın dəstəyini qazanmaq Ermənistanın Baş nazirinə kifayət edir. Ona görə də Parisdə belə açıqlama verib. Bu situasiya isə Azərbaycanın xeyrinə deyil” .
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.