Polad Bülbüloğlunun “İlin səfiri” etirazına reaksiyalar

11-12-2019, 08:54           
Polad Bülbüloğlunun “İlin səfiri” etirazına reaksiyalar
Hacızadə: “Qoy, elə bu sorğular səfirlər arasında qarşıdurma yaratsın”
Rusiyadakı səfirimiz Polad Bülbüloğlu “İlin səfiri” sorğusuna etiraz edib. Səfirin fikrincə, internet səhifələrində belə sorğuların təşkil edilməsi halları artıb. P.Bülbüloğlu hesab edir ki, məlum olmayan meyarlar əsasında keçirilən səsvermələr vasitəsilə səfirlərin fəaliyyətinin müqayisəsi cəhdi yanlışdır.

O qeyd edib ki, görülən işlərin hansısa sorğularda qiymətləndirilməsi nəinki gərəksizdir, həm də zərərlidir.

P.Bülbüloğlu KİV-dən onun adının qeyd olunan sorğudan çıxarılmasını xahiş edib. Ancaq maraqlıdır ki, əvvəlki illərdə P.Bülbüloğluna verilən “İlin səfiri” təltiflərini qəbul edib.

Məsələn, 2014-cü ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi onu “İlin səfiri” elan edib və səfir gənclərlə görüşərək təşəkkürünü bildirib.

Həmçinin başqa bir sorğuda utro.az saytı Rusiyadakı səfirimizin “İlin səfiri” olduğunu açıqlayıb və həmin portalın baş redaktoru ilə P.Bülbüloğlu görüşüblər. Lakin sual doğuran məqam bu deyil, səfirlərin qiymətləndirilməsinin mübahisə predmetinə çevrilməsidir.

Səfirlərin fəaliyyətini dəyərləndirmək, onları bir-birindən fərqləndirmək olarmı? Diplomatiyada hansısa qarşıdurmaya gətirib çıxara bilərmi?

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, P.Bülbüloğlunun mövqeyi ilə razıdır. Onun fikrincə, bu cür müsabiqələrlə səfirlərin fəaliyyətini qiymətləndirmək düzgün deyil. “Çünki səfirlərin işləri görünmür, gözə çarpmır və jurnalistlər başqa bir ölkədə fəaliyyət göstərən səfirin işini kənardan qiymətləndirə bilməz. Ən yaxşı halda, öz ölkəsindəki səfirlərin fəaliyyəti ilə bağlı münasibətini bildirə bilər. Ancaq başqa ölkələrdəki səfirlərin fəaliyyəti haqda məlumat məhduddur. Əgər jurnalistlərdə dəqiq məlumat varsa, o halda səfirlər barəsində sorğu keçirə bilər. Deputatlarla bağlı isə sorğu keçirə bilərlər, çünki bu ölkədə yaşayırlar” - , deyə o bildirib.

A.Mollazadə P.Bülbüloğlunu peşəkar, təcrübəli və Rusiyanı tanıyan səfir kimi qiymətləndirdi.

Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə bildirdi ki, P.Bülbüloğlu təvazökarlıq göstərib. Onun fikrincə, səfirlərin fəaliyyətini qiymətləndirmək niyə də olmasın: “Xalqın, ictimaiyyətin gözü tərəzidir. Qoy elə bu müqayisələr, sorğular səfirlər arasında qarşıdurma yaratsın, rəqabətə səbəb olsun.

Bu da özlüyündə inkişafa səbəb olacaq, onların daha yaxşı işləməsinə vadar edəcək. Yəni bu cür sorğuların keçirilməsində səhv görmürəm. Kənar müşahidəçilər, jurnalistlər səfirlərin fəaliyyətinə fərqli fikirlər söyləyə bilər və heç də diplomatiyaya zidd deyil".

Tofiq Zülfüqarov: “Sorğular vacibdir, cəmiyyət üçün bir güzgüdür”

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov da hesab edir ki, səfirlərin fəaliyyəti müxtəlif sorğular keçirilməklə qiymətləndirilə bilər: “İctimaiyyət öz fikrini deməlidir. Ölkələrin iqtisadi əlaqələrinin, komitələrin münasibətinin qurulması həm də səfirin işindən asılıdır. Ümumiyyətlə, məmurların hamısının fəaliyyətinin keyfiyyəti ictimaiyyət tərəfindən müəyyənləşdirilir, ona görə sorğular vacibdir, cəmiyyət üçün bir güzgüdür”.

Sabiq XİN rəhbəri səfirlərin müqayisəsinin heç bir qarşıdurma yaratmadığını düşünür: “Bu sorğularla səfirlərin fəaliyyəti həm ictimaiyyət, həm rəhbərlik qarşısında məsuliyyət yaradır. Eyni sorğular deputatlarla bağlı keçirilir, ictimaiyyətlə məmur arasında tellər yaradır”.

Media eksperti Zeynal Məmmədli isə fikirlərinin prinsipcə P.Bülbüloğlu ilə üst-üstə düşdüyünü söylədi. Onun fikrincə, ictimai rəy yaratmaq üçün jurnalistlərə sorğular lazımdır: “Amma düzgün məlumatlandırmalısan. Bu gün jurnalistlər səfirlərin fəaliyyəti barədə nə dərəcədə məlumatlıdırlar?

Ona görə belə sorğular təsadüfi və yaxud şəxs bilgiləri əsasında önə çıxırsa, səfirlər haqda ictimai rəydə yanlış təsəvvürlər yarad bilər".

Z.Məmmədli Rusiyadakı səfirimizin etirazını anlayır: “Mən başa düşürəm o nə demək istəyir. Səfirliklərdən hansı narazılıqlar var, nə kimi müraciətlər olur, həmin ölkədəki sahibkarlara və sadə azərbaycanlılara səfirlik tərəfindən hansı şərait yaradılıb - bu kimi dolğun bilgilər əsasında sorğu keçirə bilərsən.

Amma sən səfirin fəaliyyəti haqda Bakının küçələrinə çıxırsan və təsadüfi adamlardan fikir öyrənirsən. Onların məlumatı nə səviyyədə ola bilər?"

Qeyd edək ki, səfir göndərilənlər orada ilk növbədə Azərbaycanın tanıdılmasına səy göstərməlidirlər. Həmin ölkələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanmalı, öz ölkəsinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə çalışmalıdır. Bu il diplomatiyamızın birəsrlik yaşı tamam oldu. Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci ildə sərəncamı ilə hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.