BAEA: İranın Natanz nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb

4-07-2020, 00:05           
BAEA: İranın Natanz nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb
İranın Natanz nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın müvafiq rəsmi qurumlarına istinadla yayıb. Beynəlxalq təşkilatın rəsmi internet saytında yerləşdirilən məlumatda bildirilir ki, yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və bu zaman radioaktiv çirklənmə (kontaminasiya) baş verməyib. Həmçinin qeyd edilib ki, yanğının səbəbi hələlik bəlli olmasa da, baş vermiş hadisə zamanı heç kim xəsarət almayıb.

Beynəlxalq qurum eyni zamanda təsdiqləyib ki, yanğın baş verərkən BAEA müfəttişləri həmin ərazidə olmayıblar. Həmçinin bildirilib ki, beynəlxalq agentlik baş vermiş hadisənin beynəlxalq müfəttişlərin həmin nüvə obyektində bundan sonra da nəzarət fəaliyyətinə təsir etməyəcəyini təsdiqləmək üçün İran qurumları ilə mütəmadi ünsiyyətdədir.

Qeyd edilməlidir ki, Natanz nüvə obyekti BAEA-nın qeyri-nüvə ölkələrinin öz nüvə proqramlarını dinc məqsədlər üçün istifadəsinə nəzarət edən mühafizə sisteminə daxildir və İranın nüvə proqramına beynəlxalq nəzarət mexanizmi çərçivəsində müfəttişlər tərəfindən mütəmadi təftiş olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.