Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... - "Hakimiyyətin 2-ci adamı" qalmaqalı...

11-07-2020, 09:14           
Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb... -
Aydın Mirzəzadə Ramiz Mehdiyevi dəstəkləməklə onu cəncələ salıb...
“Ramiz Mehdiyevin başı üzərindəki duman qatılaşmaqda davam edir. Bu dəfə millət vəkili Aydın Mirzəzadənin hesabına...”

“AzPolitika.info” xəbər verir ki, bunları YAP-ın qurucularından biri, sabiq deputat Alqış Musayev sosial şəbəkədəki statusunda yazıb.

YAP-ın şöbə müdiri, deputat Aydın Mirzəzadə bugünlərdə “Yeni Müsavat” qəzetinə açıqlamasında AMEA prezidenti Ramiz Mehdiyevi müdafiə edən fikirlər səsləndirib. “Ramiz müəllim dövlətçilikdə xidmətləri olmuş, eyni zamanda bu gün də yüksək vəzifədən getdikdən sonra cənab İlham Əliyevin siyasi kursuna sədaqətli olan insanlardan biridir”, - deputat bildirib.

A.Mirzəzadə R.Mehdiyevə qarşı yönəlmiş ittihamları “boş söhbətlər” adlandıraraq, belə davam edib: “Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub. Onun hakimiyyəti dəyişməyə nə marağı ola bilərdi?...”

A.Musayev də vurğunu A.Mirzəzadənin açıqlamasındakı bu məqamın üzərinə salaraq, yazır: “YAP “Siyasi təhlil və informasiya” şöbəsi müdirinin analizi işləri heç də aydınlığa doğru aparmır. Aydın Mirzəzadənin açıqlaması mövzunu bir az da tündləşdirir. Ramiz Mehdiyevi daha çətin və çıxılmaz bir duruma salır. Aydın Mirzəzadə “Yeni Musavat”a açıqlamasında deyib: “Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub”… Əksinə, Aydın Mirzəzadə belə yanaşmaqla, təsdiqləyir ki, bu ittihamlar əsla boş söhbət-zad deyil. Nə üçün?

Hər bir kəsin bir başqasına şəxsi münasibəti ola bilər. Və hiss olunur ki, millət vəkilinin Ramiz Mehdiyevə qarşı daxili bir sevgisi var. Olsun və buna görə onu heç kim günahlandıra bilməz və günahlandırmır. O, istəsə, Ramiz Mehdiyevı ikinci yox, birinci çəxs kimi də görə bilər. Bu, Aydın müəllimin özəl hüququ və haqqıdır.

Amma konstitusiya, dövlətçilk bir başqadır. Heç kim Aydın Mirzəzadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin! Ramiz Mehdiyevin “hakimiyyətdə ikinci adam” olmasını iddia etmək, birbaşa respublikamızın dövlət quruluşuna qarşı həqarətdir.

Azərbaycan Konstitusiyasına görə, 2001-ci ilə qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri, 2001-ci ildə edilən dəyişiklikdən sonra Baş Nazir, 2016-cı ildə qəbul edilən referendumdan sonra isə respublikanın Birinci vitse-prezidenti hesab olunur.

Göründüyü kimi, Ramiz Mehdiyevin hakimiyyətdə ikinci adam olması barədə iddianın əsasında heç bir hüqüqi-normativ baza dayanmır. Bunu bilə-bilə ikincilik savaşı açmaq, bu, artıq ambisiyadır, siyasi itaətsizlik nümunəsidir!”

A.Musayev davamında qeyd edir ki, elə R.Mehdiyevə qarşı ittihamlar da əsasən bu tipli mövzulardan qaynaqlanır. “Baxın, Ramiz Mehdiyev nədə suçlanır: Səlahiyyətlərini aşmaqda, vəzifəsindən sui-istifadə etməkdə, mövqeyindən irəli dayanmaqda, başqalarının ərazilərinə müdaxilə etməkdə… və nəhayət, Aydın Mirzəzədənin dediyi kimi, heç bir hüququ və haqqı olmadan hakimiyyətin ikinci şəxsi kimi davranmaqda…

Əminəm ki ,YAP-da böyük əksəriyyət Mirzəzadənin fikirlərini bölüşmür. Yaxşı olardı ki, növbəti açıqlamasında millət vəkili dediklərinə düzəliş versin. Ən yaxşısı isə, YAP içra katibliyinin Aydın Mirzəzadənin mətbuatla təmaslarına məhdidiyyət tətbiq etməyi olardı...”
“AzPolitika”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.