"Ölkədə tibb təhsilinin vəziyyəti acınacaqlıdır" - deputat

11-07-2020, 12:30           
"Ölkədə tibb təhsilinin vəziyyəti acınacaqlıdır" - deputat
"Ölkədə həqiqətən tibb təhsilinin vəziyyəti acınacaqlıdır".

"MediaPost" xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib. O bildirib ki, tezliklə vəziyyətdən çıxış yolu tapmaq lazımdır:

"Çıxış yollarından biri Tibb Universitetinin idarəçiliyinin azı 10 il müddətinə Türkiyə mütəxəssislərinin ixtiyarına verilməsidir. Onsuz da, tibb ixtisasını seçənlərin böyük əksəriyyətinin Türkiyədə təhsil almaq meyli çox güclüdür. Bu, ilk növbədə onların işini yüngülləşdirər. Kafedralar təkmilləşər, durğunluqdan xilas olarlar. Təcrübə mübadiləsində tibbi praktika əhəmiyyətli dərəcədə güclənə bilər. Türkiyə hazırda bütün elm sahələri üzrə kitab tərcüməsi və yerli müəlliflərin əsərlərinin çapı üzrə dünyada aparıcı yerlərdən birini tutur. Tələbələrə ən müasir ədəbiyyatlardan dərslər keçilər. Bizdə bütün sahələrdə olduğu kimi, tibb sahəsində də ədəbiyyat qıtlığı təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Ən azından, təhsil mühiti sağlamlaşa bilər. Natamam tibb təhsili ola bilməz".

Millət vəkili kafedralardakı durğunluq məsələsinə də toxunub: "Bu universitetdə epidemiologiya kafedrasına 1992-ci ildən indiyə kimi tibb elmləri doktoru, professor İ.Ə.Ağayev rəhbərlik edir.

Onkologiya kafedrasına 1993-cü ildən indiyə kimi akademik Əhliman Əmiraslanov rəhbərlik edir.

İndiki rektor Gəray Gəraybəyli ənənəni davam etdirərək 2007-ci ildən indiyə qədər psixatriya kafedrasının müdiri vəzifəsini saxlayır.

I daxili xəstəliklər kafedrasının müdiri V. Ə. Əzizov 1999-cu ildən bu vəzifəni tutur.

Sudeyif İmamverdiyev 1990-cı ildən indiyə kimi, urologiya kafedrasına müdirlik edir.

Kafedraların əksəriyyəti bu vəziyyətdədir.

Postpandemiya dövrünün əsas vəzifələrindən biri tibb təhsilini reanimasiyadan çıxarmaqdır. Və ən nəhayət, saxta alimlik dərəcələrinin alınmasına son qoyula bilər. Qazaxıstanda Nazarbayev Universitetinin idarəçiliyi Oksford və Kembric Universitetlərinin mütəxəssislərinə verilib. Rektor isə Yapondur.

Dünya tamam başqa səmtdə dəyişir. Nəyi bacarmırıqsa, etiraf etməliyik".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.