BİR PARTLAYIŞLA ÇÖKƏN LİVAN :yarıtmaz idarəçiliyini doğurduğu qəza, yoxsa xaricdən yönləndirilən təxribat? - TƏHLİL

6-08-2020, 08:01           
BİR PARTLAYIŞLA ÇÖKƏN LİVAN
Mehmet Akif Ersoy

“Haberturk.com”, Türkiyə, 05.08.2020-ci il



Uzun illər siyasi böhranlar, müharibələr və regional çəkişmələrlə yadda qalan Yaxın Şərqin ən narahat ölkəsi Livanın paytaxtı Beyrutda dünən partlayış baş verdi.

Rəsmi hakimiyyət, o cümlədən Baş nazir Hassan Diab, fəlakətin limandakı partlayıcı maddələr anbarında baş verdiyini, bunun nəticəsində onlarla insanın (hələlik 100 nəfərin öldüyü bildirilib) həlak olduğu, 400-dən çox insanın yaralandığı elan olundu. Ölənlərin sayının rəsmi rəqəmlərdən çox olacağı ehtimal edilir.

Beyrutdan gələn ilk görüntülər partlayışın şiddətini və dəhşətini göstərir. Bu rayonda yaşayanlar həm həyat itkilərini, həm də maddi zərərlərini dilə gətirirlər.

Bəzi Livan jurnalistləri hadisəni Xirosima partlayışına, digərləri isə “Çernobıl” fəlakətinə bənzədirlər. Demək olar ki, bu analogiyalar Livandakı partlayışdan sonra başlanan müzakirələrin hansı siyasi zəmində qiymətləndiriləcəyini göstərir.

Ötən ilin oktyabr ayında ölkədə hökumətin “Whatsapp vergisi” adlandırdığı əlavə vergilərdən sonra kütləvi nümayişlər başlandı və Saad Həriri administrasiyası istefa verdi. Onun yerinə akademik Hassan Diab hökuməti vəzifəyə başladı.

Aradan keçən zamana baxmayaraq, yeni hökumət Livan xalqını razı salacaq addımlar ata bilmədi. Dolayısıyla, ölkə iqtisadiyyatı gündən-günə çöküşə sürükləndi. Livanlılardan və ölkədə yaşayan xaricilərdən soruşsanız da, “iqtisadiyyat artıq çöküb” deməyə üstünlük verirlər. O qədər ki, heç kim hətta banklardan pul çıxara bilmir. Böyük miqdarda xarici valyuta tapmaq mümkünsüz görünür. Bankdakı dolların məzənnəsi ilə bazar arasındakı dağlar qədər fərq var.

Bu xoşagəlməz tendensiyadan sonra ABŞ-ın Hizbullaha qarşı tətbiq etdiyi sanksiyalar iqtisadiyyatı daha da çətin vəziyyətə saldı. İqtisadi böhran və koronavirus epidemiyası ilə uğraşan livanlıların çiyninə bu dəfə vərdiş etdikləri regional qarşıdurmaları yüklədilər.

Ötən həftələrdə ölkədəki Maruni patriarxının “Livan bölgə münaqişələrində neytral qalmalıdır” ifadələri yeni bir müzakirəyə yol açdı. Hizbullah və müttəfiqləri bu müzakirələrin hədəf aldıqlarını düşünərək “Müqavimət məhvəri”ndən (İran-Suriya-Hizbullah cəbhəsi) imtina etməyəcəklərini vurğuladılar. Digərləri isə Livanın xüsusən İran-Hizbullah-Suriya münasibətlərinin ağır “fakturasını” ödədiyini bildirərək, ölkələrinin regional münaqişələrə qurban verilməməsinin lazım olduğunu düşünürlər.

Bu kəsimin fikrincə, Hizbullah amili ölkənin xaricdən yardım almasına mane olur. Sözügedən qruplar Livanın Səudiyyə Ərəbistanı xəttinə yaxın olmasına üstünlük verirlər. Müzakirələr davam edərkən, keçən həftə İsrail və Hizbullah arasında yaşanan gərginlik ölkədə müharibə nigaranlığına səbəb oldu və Hassan Diyab hökumətinin iqtisadi çöküş qarşısında konkret bir şey edə bilməməsi Livanda hökumətin dəyişməsi və ya bəzi nazirliklərdə islahatlar aparılması istiqamətində yeni müzakirələrə yol açdı.

Bu arada Səudiyyə Ərəbistanına yaxın siyasi dairələr hökumətin Hizbullah təsiri altında olduğunu bildirirlər.

Fransa müstəmləkəsi dövründən qalan və “kvota sistemi” ilə idarə olunan Livanda prezident – Maruni xristianlarından, baş nazir – sünnilərdən, parlament spikeri isə – şiələrdən olmalıdır. Müsəlmanların parlamentdəki təmsilçiliyində məzhəb kvotası da var.

Livandakı “hər pisliyin anası” olaraq görülən bu sistem, hökumətin yaradılması və qərarların alınması kimi vəziyyətlərdə qorxunc çətinliklər yaradır və ən kiçik mübahisənin idarəetmə böhranına çevrilməsinə imkan verir.

Məsələn, hazırkı baş nazir Həsən Diyab (özü sünni olan) və prezident Mişel Avni (maruni) elə öz məzhəbdaşları tərəfindən Hizbullaha və İrana yaxınlıqda ittiham edilirlər. Yəni yetərli səviyədə sünni və ya maruni (!) olmamaqda…

Beyrut limanında baş verən partlayışa qayıdaq …

Artıq bu fəlakətin müxtəlif ssenariləri Livanlılar arasında müzakirə olunur. Hökumətin rəsmi açıqlamaları qənaətbəxş deyil. İnsanların düşüncəsində “Əgər partlayış, hökümətin izah etdiyi kimi, anbarda əvvəlcədən saxlanılan partlayıcı maddələrin partlaması nəticəsində baş veribsə, bu maddələr niyə uzun müddət idi ki orda saxlanılırdı?” kimi suallar var. Və ya “Bu partlayıcı maddələr haradan ələ keçirilib və orada saxlanılıb?” kimi müəmmalara aydınlıq gətirilməlidir.

Hökumət isə hələ də məsələ ilə bağlı dəqiq məlumat verə bilməyib.

Bəzi qruplar partlayan ərazinin Hizbullah tərəfindən silah və sursat anbarı kimi istifadə edildiyi iddiasındadırlar.

Yenə başqa bir ssenariyə görə, bu anbar Hizbullah tərəfindən istifadə edildiyi üçün İsrail və Amerika tərəfindən hədəfə alına bilər.

Önümüzdəki dövrdə oxşar ssenariləri daha çox eşidəcəyik və oxuyacağıq. Çünki illərdir müharibələrin və regional qarşıdurmaların qurbanı olan livanlılar, ən kiçik bir hadisə olsa belə, fərqli sui-qəsd nəzəriyyələrini ağıllarına gətirirlər.

Niyə Xirosima və Çernobıl simulyasiyası?

Fəlakət haqqında “Xirosima” və “Çernobıl” oxşarlıqları Livandakı ümumi siyasi ab-hava və bölgü ilə əlaqədardır.

Hadisəni Xirosimaya bənzədənlər Livandakı bu fəlakətin xaricdən gələ biləcəyini inanırlar.

“Çernobıl” bənzətməsindən istifadə edənlər isə partlayışı hökumətin idarəetmə qabiliyyətsizliyi ilə əlaqələndirirlər.

1975-ci ildə başlayan və 1990-cı ildə sona çatan vətəndaş müharibəsinin izlərini daşıyan Beyrut indiyədək heç vaxt görmədiyi bir başqa fəlakətin şahidi oldu. Bununla birlikdə, paytaxtla məhdudlaşmayan fəlakətin təsiri bütün ölkədə və bölgədə yeni bir zəlzələ effekti yaradan hadisələrə təkan verə bilər…

İnsanların ağır iqtisadi şəraitdə yaşadığı, ABŞ-İran gərginliyi davam edərkən, ölkənin rəsmi ordusundan daha güclü hərbi birləşmə sayılan Hizbullahın burada açıq tərəfdaş olduğunu və Suriyada davam edən müharibə və iqtisadi sanksiyaları da nəzərə aldıqda, bu partlayışdan sonra Livanın nə qədər dağıdıcı böhranla üzləşəcəyini proqnozlaşdırmaq çətin deyil.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.