AXCP-dən istefalar - Əli Kərimlinin gəncləri Rəsul Quliyevin partiyasına qoşuldular

15-06-2017, 09:43           
AXCP-dən istefalar - Əli Kərimlinin gəncləri Rəsul Quliyevin partiyasına qoşuldular
Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Əli Kərimli qanadından gənclərin istefalarının şahidi olmaqdayıq. Son iki gündə partiya sıralarını iki gənc tərk edib, partiyaya üzv olmaq üçün müraciət edən daha iki gənc isə ərizlərini geri götürüb.


Onlardan üçü siyasi fəaliyyətlərini Amerikada mühacirətdə yaşayan sabiq spiker Rəsul Quliyevin lideri olduğu, Ağasif Şakiroğlunun sədrlik etdiyi Gələcək Azərbaycan Partiyasında (GAP)davam etdirəcəklərini bəyan edib. Digər gəncin də yaxın günlərdə GAP-a qoşulacağı gözlənilir.
İstefa verən hər bir gənc öz facebook səhifəsində paylaşdıqları statuslarında AXCP-ni tərk etmələrinin səbəblərini göstəriblər.


İlk istefa verən AXCP-nin Nərimanov şöbəsindən Aslan Həmidli olub. O statusunda bunları yazıb: “Bu gündən etibarən AXCP -dən çıxıram. Partiya ilə əlaqəmi sonlandırıram. Həqiqətən çox yaxşı insanlar tanıdım partiyada və bir çoxu ilə əlaqəni davam etdirəcəm. Əli bəy çox yaxşı insandır və mübariz insandır. Orda mübarizə aparan insanlara mübarizələrində uğurlar arzulayıram. Zatən hədəfimiz eynidir. Mübarizəmi Gələcək Azərbaycan Partiyasında davam etdirəcəm”.


A.Həmidlinin istefasından sonra ona yaxın olan və AXCP-yə üzv olmaq üçün müraciət edən Məhəbbət Məmmədzadə və Arzuman Nəbiyev müraciətlərini geri götürərək, GAP-a üzvlük üçün müraciət ediblər və partiya sıralarına qəbul olunublar.


Partiyanın Binəqədi şöbəsinin üzvü Adəm İbrahim isə istefasını bu cür dəyərləndirib: “Dəyərli dostlar, əziz cəbhəçilər, bu gün üzv olduğum AXCP sıralarından istefa verirəm. Bu gün Əli bəyə habelə, onun ətrafında olan insanlara böyük hörmət bəsləyirəm. Sadəcə, bəzi məsələlərə görə hörmət etdiyim, həmçinin dəyər verdiyim AXCP-nin sıralarını tərk etmək məcburiyyətində qalıram. Orada olan şəxslərə mübarizələrində hər zaman uğurlar arzulayıram. Mənim bu mübarizəm hər zaman davam edəcək və vətənimə, millətimə olan haqq mübarizəsinə daim sadiq qalacam”.


İstefa statuslarının altındakı şərhlərdən aydın olur ki, gənclər AXCP-ni tərk etmələrinə səbəb kimi ən çox partiyada Elçibəyçi gənclərin sıxışdırılmasını göstəriblər.


GAP-ın sədri A.Şakiroğlu “Yeni Müsavat”a açıqlamasında son zamanlar gənclərin rəhbərlik etdiyi quruma üzv üçün müraciətlərinin sayının çoxaldığını qeyd edərək, digər partiyalardan da bu tipli istefaların davamlı olacağını qeyd etdi.
musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.