Qəribovların şirkətində geri sayım davam edir - Dövriyyə itkiləri 920 mln. manata yaxınlaşıb
Bu gün, 15:34

“Unibank”a aid şirkətin Bakı Fond Birjası üzrə dövriyyəsində azalma 920 milyon manata yaxınlaşıb.
Valyuta.az xəbər verir ki, söhbət "Unicapital İnvestisiya Şirkəti"ndən gedir.
Belə ki, investisiya şirkətinin bu ilin yanvar-avqust aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 5459 əqd üzrə 1,45 mlrd. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 39% və ya 919,7 mln. manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 3806 əqd üzrə 2,37 mlrd. manata bərabər olmuşdu.
"Unicapital”ı dövriyyəsinin bir əqd üzrə orta dəyəri 266,3 min manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 57% azalma deməkdir.
İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və korporativ istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 474,18 milyon manatı korporativ istiqrazların, 879,1 milyon manatı repo əməliyyatlarının payına düşüb. Portfeldə dövlət istiqrazlarının payı 81,73 milyon manat, AMB-nin notları 14,98 milyon manat, səhmlər isə 3,52 milyon manat təşkil edib.
Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb və “Unibank”ın törəmə şirkətidir. “Unibank”ın səhmlərinin əsas hissəsi- 94,08%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara aiddir.