Mal-qara arasında yoluxucu xəstəliklər yayılıb, insanlara da keçə bilər - Diqqət!

12-12-2019, 17:35           
 Mal-qara arasında yoluxucu xəstəliklər yayılıb, insanlara da keçə bilər - Diqqət!
“Bölgələrdə heyvandarlıqla məşğul olan insanların tez-tez şikayətlərini dinləyirik. Bizim bölgələrə səfər etməkdə məqsədimiz əslində bitkiçiliklə bağlı iş aparmaq idi, amma heyvandarlıqla məşğul olan fermerlər bizə şikayət etdilər ki, son vaxtlar mal-qara arasında nodulyar dermatit, qarayara (Sibir yarası, bədxassəli çiban kimi də tanınır - red.), bruselyoz (Malta qızdırması, dalğalı qızdırma, Ağdəniz qızdırması adı ilə də tanınır - red.) kimi xəstəliklər yayılıb, çarəsiz qalıblar”.

Bu barədə AYNA-ya kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlama verib. Onun sözlərinə görə, bölgələrdə Aqrar İnkişaf mərkəzləri var: “Şikayətçi fermerlər deyirlər ki, “biz bu mərkəzlərə müraciət edirik, amma bizə cavab verirlər ki, bu problem Sovet zamanından qalıb, davam edir”. Yəni problemin qarşısını almaq imkanları yoxdur”.

“Bəs bu xəstəliklər niyə yayılır” sualını V.Məhərrəmov belə cavablandırıb: “Səbəb budur ki, problem tam həll olunmur, ciddi profilaktik tədbir aparılmır. Daim heyvanlar müayinə edilməlidir ki, bu iş tam həllini tapsın. Bunun üçün kompleks şəkildə profilaktik tədbirlər görülməlidir ki, xəstə heyvan qalmasın və yoluxma baş verməsin. Bu, ona görə vacibdir ki, xəstəliklərin çoxunun insana da keçməsi, yoluxması riskləri var”.

Problemlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyindən (AXA) AYNA-nın sorğusuna cavab verilib. Agentliyin PR məsələləri üzrə əməkdaşı Aytəkin Məmmədova deyib ki, mal-qara arasında yayılan xəstəliklərlə bağlı baytarlar davamlı peyvəndlənmə həyata keçirirlər.

“Ola bilər ki, bizim baytarlar kəndə gəlir, amma bəzi sakinlər evdə olmurlar. Bəzən fermerlər özləri də maraqlanmırlar, laqeydlik edirlər, yaylaq və ya qışlaq mövsümünə düşürlər, amma buna baxmayaraq, yenə də baytarlıq xidmətimiz onlara xidmət etməyə hazırdır. Agentliyimizin əməkdaşları bu yaxınlarda bölgələrdə maarifləndirmə tədbirləri, fermerlərin iştirakı ilə iclaslar keçirib, orada yeni gələn vaksinlərlə, peyvəndləmə ilə bağlı məlumatlar veriblər. Rayonlarda, kəndlərdə də məlumatlandırma aparırıq. Biz KİV vasitəsilə mövsüm üzrə mal-qara arasında peyvəndləmə prosesini elan edirik, əslində çoxu da bunu bilir”, - Məmmədova bildirib.

Onun sözlərinə görə, kütləvi peyvəndləmə dövlət tərəfindən təşkil olunur və pulsuz aparılır: “Amma bəzi hallarda vəziyyətdən asılı olaraq heyvanların müalicəsi təsərrüfat sahibinin öz hesabına aparılmalıdır. Vətəndaşların dövlət hesabına verilən peyvəndlərdən imtinası da ola bilər. Buna səbəb belədir ki, fermerin mal-qarası qapalı təsərrüfatda qalır, kənara çıxarılmır, fermer də istəmir. Amma fermerlər bilməlidir ki, bütün hallarda heyvandarlıqda peyvəndlənmə mütləqdir, ona görə ki, xəstə heyvanlar başqalarını da yoluxdurur. Bu halda xəstəliklərlə mübarizə çətinləşir”.

Məlumat üçün deyək ki, KTN yanında AXA bu ilin əvvəlində yaradılıb. Qurumun məqsədi bitkiçilik, heyvandarlıqla bağlı fermerlərə dəstək verməkdir. Qaldırılan məsələ ilə bağlı vətəndaşlar Nazirliyin 1652 “qaynar xətt”i ilə əlaqə saxlayıb xidmətdən yararlana bilərlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.