“Acından ölmə ehtimalı virusdan ölmə ehtimalından daha çox olan insanlara yardım olunsun” - AKTUAL

4-07-2020, 10:06           
“Acından ölmə ehtimalı virusdan ölmə ehtimalından daha çox olan insanlara yardım olunsun” - AKTUAL
Azərbaycanda minlərlə insan koronavirusa (COVID-19) yoluxub, çox sayda can alıb. İnsanlar arasında yoluxmanın sürətini azaltmaq və bu virusa qalib gəlmək üçün, virusun ən çox yayıldığı ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Cəlilabad, Masallı, Abşeron) ikinci dəfə karantin rejimi tətbiq olundu. Hətta, karantin rejiminin daha 2 həftə uzadılması məsələsinə baxıldığı elan edildi.

AYNA isti yay günlərində evdə oturan vətəndaşlar arasında sorğu keçirib: Karantin dövründə əsas ehtiyaclarınız nədən ibarətdir? Beləliklə:

Alik Qasımov: “Bizim ölkədə çox təəssüflər olsun ki, heç bir qərar düzgün verilmir. TƏBİB düzgün qərarlar vermədi. Nəticədə insanlarda inamsızlıq yarandı. Düşünürəm ki, bu gün hamılıqla əsas ehtiyacımız inamın yaranması və qorunmaqdır”.

Günel Fərhad: “Dostlarla görüşməyə, uşaq ilə gəzməyə ehtiyacım var”.

Tərxan Paşazadə: “Ehtiyaclarımızı tam ödəyə bilməsək də, ödəməyə çalışırıq. Tək karantin rejimi yox, həm də uzun illərdir ki, davam edən qənaət rejimi də həyatımıza ciddi təsir edir. Yaşadığımız yerdə gündə cəmi 6 saat - səhər-axşam 18:00-dan 21:00-a qədər su gəlir. Evdə qaldığımız müddətdə suyun daimiliyinə çox böyük ehtiyac var. Kənd təsərrüfatı məhsulları, xüsusilə də sezona uyğun olan meyvə-tərəvəzlər çox bahadır. Virusa qarşı immuniteti gücləndirmək üçün onların istehlakı vacibdir. Ümumiyyətlə, vurğulanmalı çox məqamlar var. Amma şəxsən mənim üçün ən mühüm ehtiyaclardan biri doğru informasiyanın əldə edilməsidir. COVID-19-la bağlı yayılan məlumatların əksəriyyətinə inanmıram. Xüsusilə də rəsmi statistikaya inanmıram. Çünki rəsmi statistika, adətən saxta olub. Koronavirusa yoluxanların sayı da ölkəmizdə bəlkə də yüzminlərlədir”.

Könül Əlizadə: “Heç nə, canımızla əlləşirik”.

Aləmdə Nəsib: “Təmiz havada gəzintidən məhrum olmuşam, bu da ümumi əhval-ruhiyyəmə pis təsir edir. Üstəlik də hər yanda koronavirus söhbətlərinin getməsi, iqtisadi çətinliklərin artacağı ilə bağlı proqnozlar məni narahat edir”.

Səriyyə Musəvi: “İmtahana ehtiyacımız var, səbirsizliklə gözləyirəm. Gözümün kökü saraldı, səbrim tükənir”.

Elyar İslamoğlu: “Naxçıvana getməyə, valideynlərimi görməyə, uşaqlarımızın rahat hava almasına ehtiyacımız var. Gündəlik təlabatları ödəmək çətindir, mövsümi meyvə-tərəvəz çox bahadır. Artıq bu kabus bitsin, rahat həyatımıza davam edək”.

Elyar Həsənov: “Azad, rahat hərəkət etməyə ehtiyacım var. Futbol oynamağa ehtiyacım var. Futbol bütün stresimi çıxarırdı. İndi isə bütün stress canımdadır”.

Şaiq Çələbi: “Mən heç nə istəmirəm, dəmir yığıb satan, balasına çörək pulu qazanan qardaşlarımıza cərimə yazılır, çölə çıxmasa, ailəsi ac qalacaq. Acından ölmə ehtimalı virusdan ölmə ehtimalından daha çox olan insanlara yardım olunsun, başqa heç nə”.

Rahim Məmmədov: “Motivasiyaya ehtiyacım var”.

Elşən Ağalar: “Pandemiya ilə əlaqədar tətbiq edilmiş karantin rejimi təbii ki, hamı üçün olduğu kimi, mən və ailəm üçün də çətinliklər yaradır. Nisbətən panika, fobiya və qorxu əlamətlərini də bu rejim ərəfəsində keçirməyən olmaz, özümdə də bunları az da olsa, hiss edirəm. Gigiyena qaydalarına əməl etməklə yanaşı, vitamin qəbulu, su və təmiz havaya ehtiyac daha çox artır. Allaha şükürlər olsun, hələlik ehtiyacları qarşılaya bilirik. İnanıram ki, bu çətinliklərin öhdəsindən də gələcəyik”.

Fərid Axundov: “Yay aylarında əsas istirahət meyarı olan dənizə, istirahət məkanlarına, rayona gedə bilmirəm. Ev-iş-ev bumeranqında psixoloji ovqatım korlanıb”.

Müşfiq Qədirov: “Yaşamağa ehtiyacımız var, nəfəs almağa, o qədər təbii problemlərimiz var ki, süni problemlər hamısı xəstəlik mənbəyidir. Hal-hazırda Şəkidəyəm. Dağ kəndlərinin birində, burda sərt karantin yoxdur, normal həyat var. Amma sırf paytaxtdakı karantin rejiminə görə bütün adi planlar alt-üst olub”.

Nicat Zeynallı: “Pula ehtiyacım var - acından ölürük”.

Sevinc Şabanova: “Psixoloji olaraq çətindir, artıq dözmək olmur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.