İndi ki Vilyam Hacıyev yoxdur... - Bəs niyə problemlər həll olunmur?!

10-07-2020, 10:34           
İndi ki Vilyam Hacıyev yoxdur... - Bəs niyə problemlər həll olunmur?!
“Böyük torpaq sahibləri bizim suyumuzu kəsir ki, istifadəsiz qalmış torpaqları əlimizdən dəyər-dəyməzə alsınlar”. DİA.AZ bildirir ki, bu sözləri İmişli rayon Qaravəlli kənd sakini 1-ci qrup gözdən əlil Əli Əliyev deyir.

Onun sözlərinə görə, bu il həmin kənd sakini, 2-ci qrup Qarabağ əlili Bəhlul Nəhmətovla birlikdə pay torpaqlarında bostan əkmək qərarına gəliblər. Həyətyanı sahələrində olan mal-qaranı sataraq bu işə sərf ediblər. 2.7 hektar sahədə bostan əkiblər, bostana hər cür qulluq göstəriblər.

Sahənin suvarılma vaxtı çatıqda suvarma suyu qıtlığı səbəbi ilə tağları yanıb. Şikayətçinin sözlərinə görə, suyun olmamasının səbəbi kəndin yuxarısında yerləşən böyük sahibkarların su kanalını kəsərək öz təsərrüfatlarına yönləndirməsi olub. Əli Əliyev deyir ki, dəfələrlə aidiyyatı qurumlara – İmişli Rayon İcra Hakimiyyətinə, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etsə də, onun əkin sahəsi su ilə təmin edilməyib. Nəticədə qarpız tağlarının üzərindəki məhsul büzüşərək məhv olub, tağlar isə yanıb.

Təsərrüfata 3 mindən artıq vəsait sərf edən şəriklər bu vəsaiti kimdən alacağını bilmədiklərini deyirlər. Digər şərik Bəhlul Nəhmətov deyir ki, o, hələ də bədənində qəlpə gəzdirir və iki dəfə ürək əməliyyatı keçirib: “Kiminsə qapısında durub pul istəmirəm, kiminsə qazancına şərik olmuram. Öz zəhmətimlə ailəmi dolandırmağa çalışıram, amma məni ailə dolandırmağa qoymurlar. Bu ölkədə yaşamaq mənim haqqım deyil? Niyə mənim suyumu kəsirlər? Aylardır zəhmət çəkib becərdiyim bostanı susuzluqdan məhv edirlər. Aylardır iki əlil ailəsi bu sahədə zəhmət çəkir, qarşılığı heç nə. Düşmən-düşmənə bunu etməz”.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.