Türkiyədən gətirilən "BakuBus"lar yanır, Gəncədə istehsal olunan elektrobusları biganəlik yandırır - Araşdırma

18-09-2020, 10:59           
Türkiyədən gətirilən "BakuBus"lar yanır, Gəncədə istehsal olunan elektrobusları biganəlik yandırır - Araşdırma
Bakı şəhərində bir ayın içində "BakuBus" avtobusu adı ilə tanıdığımız iki sərnişin nəqliyat vasitəsinin yanması diqqəti bu avtobusların xüsusən keyfiyyət mövzusuna cəlb etdi.
"BakuBus"la ölkəyə Türkiyədən gətirilir. Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, sonuncu dəfə 300 ədəd avtobusun gətirilməsinə başlanılıb. Bundan öncə 302 avtobus gətirilib.BNA-ya 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayırıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobusların 280-i 12, 20-si isə 18 metrlikdir. BNA ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” arasında 2018-ci il oktyabr ayının 23-də, yəni Prezidentin sərəncamından 76 gün sonra müqavilə bağlanıb.

Müqaviləyə, əsasən, Bakı üçün istehsal edilən avtobuslar “BMC Procity (12 M) CNG” və “BMC Procity (18 M) CNG” modelləridir. Bu avtobuslar sıxılmış qazla işləyir. 12 metrlik avtobus 90 sərnişin (30 oturacaq + 60 ayaq üstə), 18 metrlik avtobus isə 165 sərnişin (38 oturacaq + 138 ayaq üstə) tutumuna malikdir.

Cebhe.info yazıb ki, müqavilə şərtləri ilə real qiymətlər arasında fırqlər var. Məsələn, BNA və "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkəti ilə 300 ədəd avtobusun satın alınması haqqında bağladığı müqavilənin dəyəri 141 milyon 801,18 min manatdır. Amma sözügedən 12 metrlik280 ədəd avtobus BNA-ya 145 milyon 422 min 200 manata başa gələcək. Yerdə qalan 18 metrlik 20 ədəd avtobusun dəyərini də nəzərə alsaq, bu müqavilədə göstərilən rəqəmdən artıq olur. Qeyd edək ki, "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkətinin rəsmi saytında 12 metrlik avtobusun 1 ədədinin qiyməti 381 min 880 manatdır. Həmin avtobusun ölkəyə gəlməsi üçün isə 36 faizlik əlavə dəyər vergisi ödənilməlidir ki, bu da 137 min 476 manat edir. Yəni BNA-nın alacağı avtobusun 1 ədədi ökəyə 519 min 356 manata başa gələcək.

Rəqəmlər arasında olan fərqi açıq şəkildə görmək mümkündür. Digər diqqəti çəkən məqam isə ölkə başçısının sərəncamında yer alan rəqəmdir. Belə ki, ölkə başçısı 300 sərnişin avtobusunun alınması üçün 47 milyon 924 min manat vəsait ayırıb, BNA isə "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkəti ilə 141 milyon 801,18 min manat dəyərində müqavilə imzalayıb. Belə çıxır ki, qalan vəsait ya BNA-nın öz imkanları hesabına ödəniləcək, ya da hökumət yenidən hansısa mənbədən vəsait tapmalıdır. Müqavilə dəyəri və avtobusların qiymətində yaranan fərq narahatedici məqamdır. Dövlət yenə də üzərinə borc götürməyə məcbur qalacaq. Çünki avtobusların qiyməti ilə müqavilədəki rəqəmlər arasında fərq mövcuddur. Məntiq budur ki, “BAKU BUS” təcrübəsindən istifadə olunacaq.

Böyük fərq məsələsi “Baku Bus” MMC-nin 302 ədəd sərnişin avtobusunda da özünü göstərmişdi. Belə ki, Fransadan gətirilən bu avtobusların alınması üçün Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb. Bu vəsait Nazirlər Kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və “BAKU BUS” MMC tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə ayrılıb.

2014-cü ildə 1 dollar 0.78 manat təşkil edirdi və bu, o deməkdir ki, “BAKU BUS” MMC-yə 38 milyon 461 min 538,5 dollar vəsait verilib. “BAKU BUS” avtobuslarının 1 ədədinin qiyməti isə o zaman üçün 330 min dollar civarında qiymətləndirilirdi. Nəzərə alsaq ki, ölkəyə 302 avtobus gətirilib, bu isə o deməkdir ki, ümumilikdə bu avtobuslara 99 milyon 660 min dollar pul ödənilib. Göründüyü kimi, ayrılan pulla xərclənən pul arasında 3 dəfəyə qədər fərq var. Bu fərqin özü də dövlət tərəfindən ödənilir. Çünki “BAKU BUS” 2017-ci il hesabatında şirkətin zərərinin (Hesabat şirkətin öz saytında dərc olunub-müəl.) 151,5 milyon manatı keçdiyi göstərib.

Hesabata görə şirkətin səhm kapitalı 18 milyon 49 min 357 manatdır. Dövlət sərmayəsi isə 181 milyon 697 min 106 manat təşkil edir. Yığılmış kəsir isə 151 milyon 569 min 938 manat təşkil edib. Belə ki, avtobusların alınmasından ötrü hökumət Fransa bankından 2014-2015-ci illərdə üç kredit xətti üzrə təxminən 130 milyon avro kredit götürüb. 2017-ci ilin yanvar ayının 1-nə banka 138,2 milyon manat borc var və o, 2021-ci ilin noyabr ayınadək tam ödənilməlidir.

Ekspertlərin fikrincə, bu bahalı avtobusları daha səmərəli nəqliyyat vasitələri ilə əvəzləmək daha doğru seçim olardı. Senyabrın 15-də 88A marşrutu üzrə işləyən "İveko" şirkətinə məxsus "BakuBus"un yanma səbəbi Agentliyin rəsmiləri tərəfindən istehsal xətası kimi dəyərləndirilib. Hadisənin texniki nasazlıqdan yaşandığı ilə bağlı yayılan məlumatların doğru olmadığını deyən rəsmilər artıq istehsalçı şirkətin mütəxəssislərini ölkəyə dəvət ediblər, araşdırmadan sonra dəqiq açılama veriləcək.

"Dəvət olunublar, "Yol gəliblər", "Araşdırma aparılacaq". Bu qədər vaxt itkisinə niyə yol veririk? Yerli istehsalın texnikasında yaranan nasazlıq vaxt, məsafə, maliyyə baxımından daha tez, səmərəli, sərvəli şəklidə həll edilmə bilməzmi? APA TV-nin efirində qonaq olan BNA-nın mətbuat xidməti Mais Ağayevə təxminən belə bir sual ünvanlanıb. Təmsilçi avtobusların alınması ilə bağlı tender elan edildiyini və şərtlərə uyğun gələn şirkətin müsabiqədə üstünlük əldə etdiyini xatırladıb.

Öyrənmişik, Gəncə Avtomobil Zavodu istehsal etdiyi bütün növ texnikalara, xüsusən elektrobuslara tam zəmanət verir, hər hansı nasazlıq yaranacağı təqdirdə onu tez, keyfiyyətli, maliyyə baxımından daha sərfəli formada aradan qaldırır.

Vəziyyətin bu həddə çatması daha bir sualın yaranmasını qaçılmaz edir. BNA avtobusları yerli isteslaçılardan ala bilməzmi və qazla işləyən yeni növ avtobusları daha təhlükəsiz sərnişin daşıma vasitələri ilə əvəzləmək mümkün deyilmi?

"Rupor" kiçik araşdırma aparıb. Yayılan rəsmi xəbərlərdən oxuyuruq: Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub. İlk dəfə olaraq Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində “E-321” markalı elektrobus istehsal edilir.

Mərasimdə Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko, Sənaye nazirinin müavini Dmitri Aleksandroviç Korçik, “Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Xanlar Fətiyev, Millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib.

Araşdırmanın bu hissəsini həm də ona görə təqdim edirik ki, yerli istehsalçı zavodun məhsullarının alınamsına xarici ölkənin ciddi maraq göstərdiyini bir daha xatırladaq və yerli MMC-lərin, məhz Bakı Nəqliyyat Agentliyinin bu prosesə biganə qaldığına diqqət çəkək.
Gəncə Avtomobil Zavodu İB və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində “E-321” markalı elektrobuslar və “PALESSE KZS-575” markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb. Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. Bu gün ekologi fəlakət həddini yaşayan dünyada havanı zəhərləməyən minik vasitələrinə üstünlük verildiyi halda insanların təmiz hava almaq istəyinə cavab vermək gücündə olan yerli müəssisələrlə iş birliyi qurulmaması hər nədirsə, məntiqdən çox uzaq yanaşmadır.

83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Zavod il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir. Gəncə avtomobil zavodunda istehsal olunan “E-321” markalı elektobuslar yerli bazarla yanaşı Türkiyə, Gürcüstan və Orta Asiya ölklərinin bazarına da çıxarıla bilər.

Bu barədə mətbuatda ətraflı məlumatlar tapmaq mümkündür. Belə məlumatların birində deyilir: Orta hesabla zavodun aylıq istehsal gücü 10-15 avtobusadur. Hazırda kütləvi istehsal olmayıb, yalnız 4 ədəd nümunə üçün elektrobuslar hazırlanıb. Gələcəkdə elektrobuslara təlabat çox olarsa, Gəncə avtomobil zavodu növbəli şəkildə işləməklə daha çox avtobus istehsal etmək gücündüdədir. Azərbaycanın bütün şəhər və rayonlarında istifadə oluna biləcək bu elektrobuslar sifarişə uyğun olaraq lazımi qabaritlərdə və lazımı avadanlıqlarla təchiz edilmək şərtilə yığılır. Eyni zamanda Gəncə avtomobil zavodu bütün keçirilən tenderlərdə iştirak edir və öz təkliflərini Bakı Nəqliyyat Agentliyinə və o cümlədən Gəncə nəqliyyatına göndərir.

Daha bir aktual sual BNA zavodun təklifinə niyə biganədir? Halbuki elektrobuslarun Bakı, Abşeron, Gəncə, Sumqayıt, o cümlədən də digər şəhər və rayonlarda fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var.

Prezidentin göstərişi ilə ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Gəncə avtomobil zavodunun yığdığı elektorbuslar bu layihənin bir hissəsi ola biləcəyi gözlənilir.

Görünən odur ki, erli istehsalın hər cəhətdən üstün kriteriyalara malik olması hələ ki, BNA-nın diqqətini cəlb etməyib, cəzb etməyib də deyə bilərik. Ekspertlər yerli istehsalın məhsulu olan, ekoloji cəhətdən təmiz Gəncə elektobusların satış qiymətlərinin kifayət qədər sərfəli olduğu qənaətindədirlər.

"BakuBus"da baş verən iki yanğın hadisəsindən sonra vəziyyətin ciddi araşdırılmasına ehtiyac yaranıb. Belə məlum olur ki, eyni markalı avtobuslarda yanğınlar 2018-ci ild Fransada, 2019-cu ildə İtaliyada baş verib. Avropa məkanı bu hadisələrdən öncə də şəhər nəqliyyatının elektriklə işləməsi prosesinə başlamış və demək olar əksər ölkələriin müxtəlif şəhərlərində sıxılmış qaz mayesindən yanacaq kimi istifadə qadağan edilib. Həm təhlüksəzilik, həm də ekoloji baxımdan xeyli dərəcədə səmərəli və sərfəli nəqliyyat vasitələri artıq elektriklə işləyənlər sayılır.
BNA rəsmiləri qeyd edirər ki, ölkəyə gətirdikləri avtobuslara hər gün texniki yardım göstərilir. Deməli, yanğınlara səbəb kimi istehsal xətasının olması ehtimalı daha qabarıq görünür. Belədirsə, niyə həmin xarici şirkətlə bağlanan müqaviləyə yenidən baxılmır? Yanğın hadisləri zamanı insan itkisi ilə nəticələnə biləcək faciəvi olayların yaşanmayacağına kim qarantiya verə bilər? Bəlkə gecikməmizə baxmayaraq, yerli istehsalın məhsulu - elektrobusları da şəhərimizin küçələrində yoxlayaq. Hər cəhətdən sərfəli bir müqavilənin imzalanmasına əngəl olan maraq sferasına daxil gerçəklikləri siyasi və iqtisadi cəhətdən sürətlə yeniləşən ölkənin gələcəyi naminə qurban vermək olmazmı?!

Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov da yanğın hadisələrinə səbəb olan halların araşdırılması vacibliyinə toxunub. O, Trend-ə açıqlamasında xüsusi komissiya yaradılmasına ehtiyac olduğunu deyib: "Bu, adi hadisə deyil. Yanan avtobusun biri Azərbaycana 500 min manata başa gəlib. Yarım milyon manat qyməti olan həmin avtobusun həm istismar qaydaları, həm də dövrü texniki qulluq təlimatı var - Dövrü texniki qulluq, cari texniki qulluq, texnika ilə davranış, avtobusdan istifadə vaxtı hansı problem yarana bilər, bu zaman problemin qarşısını necə almaq olar və sair. Bütün bu təlimatlar var və həmin təlimatlara da əməl olunmalıdır. Avtobusu istismar edən "BakuBus" MMC, avtobusa cavabdeh olan şəxs bu təlimatların bütün detallarına ciddi riayət etməlidir. Əgər avtobusa təlimata uyğun qulluq olunubsa, vaxtında texniki baxış, texniki müayinə, detallara qulluq olunubsa, bu halda avtobusun zavod nöqsanını da aşkarlamaq olar. Əgər avtobusa təlimatlara uyğun qulluq olunmayıbsa, zavod qüsuru olsa belə həmin zavod zəmanətdən imtina edə bilər. Buna görə də məsələ ciddi araşdırılmalı, əsl səbəbləri müəyyən edilməlidir".

Zəruri qeyd: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncəyə etdikləri səfər çərçivəsində Karvansaray Kompleksində olarkən Gəncə istehsalı elektobuslara da baxış keçirib. Bu nəqliyyat vasitəsinin üstünlükləri barədə ölkə başçısına ətraflı məlumat verilib.

Hələlik bu qədər. Yazının növbəti hissi də hazırlanacaq. Açıq qalan suallar BNA rəhbərliyinə ünvanlanacaq və onların cavabları oxuculara təqdim ediləcək. Hələliksə, ortada "BakuBus"ların özünü doğrultmadığı faktı var və inkarolunmaz arqumentlər də səsləndirilməyib. Yaxşı tərəfi isə odur ki, altermativ varinatlar əl çatandır. Öləkənin istehsal potensialına müraciət etmək bu günün vacib şərtlərindəndədir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.