VÖEN açdırmaq prosesi niyə asanlaşdırılmır? - GİLEY

31-10-2020, 08:45           
VÖEN açdırmaq prosesi niyə asanlaşdırılmır? - GİLEY
Yutub və digər platformalardan gəlir əldə edən şəxslər fiziki sahibkar kimi vergi ödəmək istədiklərini, lakin vergi ödəyicisi kimi qeydiyyata düşməyin və hesabat verilməsinin uzun və vaxt aparan proses olduğunu bildirirlər.

Bununla bağlı Axar.az-a müraciət edən blogerlər bildirirlər ki, VEÖN, ASAN İmza almaq və hesabatlarla bağlı prosesin sadələşdirilməsinə böyük ehtiyac var. Onlar bəzi xidmətlərin elektronlaşdırılmasına baxmayaraq, prosesin hələ də asanlaşdırılmadığını deyirlər.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən saytımıza bildirilib ki, vətəndaşlar ASAN İmza almadan da 1 iş günü ərzində VÖEN açılması ilə yeni vergi ödəyicisi ola bilərlər:

“VÖEN-in tək şəxsiyyət vəsiqəsi ilə açılması mümkündür və xidmət vətəndaşlarımız üçün ödənişsizdir. Müraciətdən 1 iş günü sonra VÖEN artıq hazır olur. Sahibkarlar üçün ASAN İmza ilə VÖEN açdırmaq şərt deyil. Əgər onlardan ASAN İmza tələb olunarsa, VÖEN hazır olduqdan sonra şəxsiyyət vəsiqəsi ilə birlikdə mobil operatorların satış məntəqələrindən ASAN İmza nömrəsini almaqla “ASAN Xidmət” mərkəzlərindən sertifikat əldə edə bilərlər. Sertifikat üçün isə heç bir ödəniş tələb edilmir və yerində verilir. Bankdan sahibkar kartı alınması üçün lazım olan məlumatlar isə 2 iş günü ərzində banka təhvil verilir”.

Qurumdan o da bildirilib ki, vergi növü üzrə müəyyən edilən müddətdəki hesabata əsasən verginin ödənilməsi lazımdır:

“Mükəlləfiyyət bölməsində hansı mükəlləfiyyət göstərilirsə, həmin mükəlləfiyyət üzrə hesabatlar təqdim edilir. Ona uyğun olaraq, yaranan vergi məbləği və sosial sığorta haqqında ödəniş edilməlidir. Vətəndaşa hansı verginin ödəyicisidirsə, ona uyğun təsnifat kodu verilir. Bu kod vasitəsilə vergi ödənilir”.

Məsələyə münasibət bildirən iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib ki, bu proseslərlə bağlı qeydiyyat o qədər də çətin olmasa da, yeni vergi ödəyicilərinin daha çox məlumatlandırılmasına böyük ehtiyac var:

“Dünya Bankının hesabatında Azərbaycan qeydiyyata görə ilk onluğa daxildir. Nəzərə alsaq ki, Azərbaycanda bu cür prosedurlar elektronlaşır, buna görə ASAN İmzanın olması vacibdir. Çünki artıq elektron qaimələrdən istifadə edilir. Burada məqsəd şəffaflığın gözlənilməsinə nail olmaqdır. Hesabatların aparılması isə bütün dünya praktikasında belədir.

Müddətlə bağlı onu deyə bilərəm ki, dövriyyəsi kiçik olan sahibkarlar üçün gələcəkdə bu müddətin uzadılması mümkündür. Xüsusən də yarımillik və illik hesabatın verilməsi mümkündür. Təbii ki, bu məsələyə baxıla və tətbiq oluna bilər. Hazırda isə bu hesabatların aparılması elə də çətin deyil. Əgər vətəndaşımız sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, o, elektron olaraq hesabatları təqdim etmək imkanına malikdir. Onların hansısa dövlət qurumuna getməsi və hesabatları təqdim etməsinə ehtiyac yoxdur. Vergi ödəyicisinin şəxsi kabineti olur və oradan hesabatı təqdim edir. Ola bilər ki, burada məlumatlandırmanın da artırılmasına ehtiyac var. Yəni vergi ödəyicilərinə, yeni vergi ödəyicisi olmaq istəyən şəxslərə məlumatların daha çox təqdim edilməsi və bu istiqamətdə maarifləndirmənin aparılması məqsədəuyğun olar”.

V. Bayramov gələcəkdə böyük vergi ödəyicisi olmayan şəxslərin vergi ödənişinin avtomatik olaraq sahibkarın plastik kartından da çıxılmasının mümkün olacağını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.