Yuxarı sinif şagirdləri niyə məktəbdə olmurlar? - "Rüşvət verib repetitor yanına gedirlər"

5-10-2022, 11:41           
Yuxarı sinif şagirdləri niyə məktəbdə olmurlar? -
Yuxarı sinif şagirdləri niyə məktəbdə olmurlar?
Bu günlərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə seçmə qaydada Arıqıran kənd tam orta və Alnabat kənd tam orta məktəblərində olub.
Arıqıran kənd tam orta məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Bundan başqa, məktəbdə nə direktor, nə də müəllim olub. Həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Qeyd olunub ki, həmin şagirdlərin əksəriyyəti digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslərdir. Rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.
Qeyd edək ki, buna bənzər mənzərə digər rayonların da kənd məktəblərində müşahidə olunur. Paytaxtda valideynlər öz övladlarını yuxarı siniflərdə repetitor hazırlığına yönəltmək üçün kənd məktəblərinə şagird yerdəyişməsi edirlər. Hətta buna görə məktəb direktorlarına yüksək məbləğdə rüşvət verildiyinə dair də iddialar var.
Sputnik Azərbaycan faktı araşdırmaq üçün Arıqıran kənd orta məktəbinin direktoru Natiq Hüseynovla əlaqə saxlayıb. N. Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bu faktı təkzib edib. Bildirib ki, həmin ügn məktəbdə şagirdlərin sayının az olma səbəbi, onların şəhidin anım törəninə qatılması ilə bağlı olub: "Heç bir narahatçılığa əsas yoxdur. Bizim məktəbdə belə bir xoşaghəlməz hal yoxdur".
Qazax-Tovuz Regional Təhsil İdarəsindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, fakt araşdırılır:
"Bizə Rayon İcra Hakimiyyətindən məlumat daxil olan kimi, həmin məktəblə bağlı məsələni nəzarətə götürmüşük. Hazırda məktəbdə dəvamiyyətin aşağı olma səbəbi araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
Məktəb direktoru faktı təkzib etsə də, İdarədən rayon icra başçısının Arıqıran kənd orta məktəbinə getdiyini, şagirdlərin dəvamiyyətinin aşağı olduğunu təsdiqlədilər: "Biz bu faktın olduğunu inkar etmirik. Nadir müəllim İdarəyə dəvət edilərək ondan bunun səbəbi soruşulub və məsələ araşdırılır".
Təhsil üzrə ekspert Kamran Əəsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 9-cu sinifdən sonra şagirdlərin Bakıdan regionlara axını baş verir. Bu, elektron şagird yerdəyişməsi ilə baş tutur:
"Orta ümumtəhsil müəssisələrinin yuxarı siniflərində təhsil alan şagirdlər ali məktəbə hazırlaşmaq üçün repetitorlara üz tutur. Baş verən hallar göstərir ki, yuxarı siniflərdə təhsil alan şagirdlərin adları məktəbdə, özləri hazırlıq kurslarındadır. Şübhəsiz ki, məktəb direktorları bunun qarşılığında valideynlərdən rüşvət alırlar. Həmin rüşvətdən yuxarı təhsil qurumuna da verilir. Əgər regional təhsil idarələrindən buna "razılıq" olmasa, heç bir məktəb direktoru şagirdin dərsdən yayınmasına şərait yaratmaz!".
K.Əsədov həmçinin qeyd edib ki, məsələyə Elm və Təhsil Nazirliyi ciddi nəzarət etməlidir:
"Yaxşı olardı ki, nazirlik əməkdaşları yumşaq kreslolardan durub məktəblərdə monitorinq aparsınlar. Bu gün yuxarı siniflərdə təhsil alan şagirdlərin çoxu dərsə gəlmir. Həmin şagirdlərin adları məktəbdə, özləri repetitor yanındadır. Ona görə də, məktəblərdə kameralar quraşdırılmalı, bu proses izlənilməlidir".
Ekspert qeyd edir ki, Azərbaycan vətəndaşı ölkənin istənilən yerində təhsil almaq hüququna malikdir. Amma Bakı məktəblərindən, eləcə də digər böyük şəhər məktəblərindən kənd məktəblərinə şagird yerdəyişməsində olan axın nazirliyi şübhələndirməlidir:
"Hər il nə qədər uşaq yerdəyişmə edirsə, nazirlik bunu görür və izləyir. Bu sistem vasitəsilə nazirlik şagird yerdəyişməsi olan məktəblərdə monitorinq keçirdərək reallığı aşkar edə bilər. Amma nədənsə, nazirlik də buna göz yumur".
K. Əsədov deyir ki, paytaxtda və digər böyük şəhərlərdə bəzi məktəb direktorları şagirdlərin dərsə gəlməməsinə böyük rüşvət qarşılığında göz yumur. Onun sözlərinə görə, Bakı məktəblərinə bu məbləğ şagirdbaşına 1500-2000 manat arasında dəyişir. //sputnik.az//




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.