“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”

24-05-2019, 09:21           
“Bütün bunlar sübut etdi ki, xalq ancaq bayağı materiallara baxmaq həvəsində deyil...”
“Təbii ki, efirlərimizdə yaxşı layihələr də, proqramlar da, aparıcılarımız da var və son vaxtlar bu daha da yaxşılaşır. Sadəcə olaraq demək istəyirəm ki, bu gün Azərbaycan televiziya məkanında bəlkə də dünən baxılmayan kanallara bu gün baxılır və kifayət qədər izləyicisi var”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nürəddin Mehdixanlı televiziya proqramlarımız və kanallarımızda yaradılan Bədii Şuralar haqqında danışarkən deyib:

“Mənə belə gəlir ki, televiziyalarımızda Bədii Şuralarımız olmalıdır. Kimsə bunun senzura xarakteri daşıyacaq kimi başa düşməməlidir. Zaman göstərdi ki, qurumun adı dəyişsə də, müəyyən mənada bir qurum lazım idi ki, müəyyən məsələlərə qiymət vermək səlahiyyətində olsun. Bu mənada Bədii Şuralar qadağalar qoymur, sadəcə olaraq məsləhətverici bir qurumdur və bu vacibdir. Əgər bir iş keyfiyyətli görüləcəksə, yaxşı olacaqsa, nədən bundan qorxsunlar. Olmasın deyəndə də, hər şey baş alıb gedir. Dilimizə və qaydalarına bəzən etinzasılıq, hörmətsizlik göstərilir. Bayağı mahnılar, materiallar yayımlanır. Təbii ki, efirlərimizdə yaxşı layihələr də, proqramlar da, aparıcılarımız da var və son vaxtlar bu daha da yaxşılaşır. Sadəcə olaraq demək istəyirəm ki, bu gün Azərbaycan televiziya məkanında bəlkə də dünən baxılmayan kanallara bu gün baxılır və kifayət qədər izləyicisi var. Bu mənada demək olar ki, yaxşı işə baxan var. Bizə reytinq lazımdı deyə hər şeyin üstündən keçmək olmaz. Nəticələr göstərir ki, bu yanlışdır və doğru deyil, əslində kifayət qədər keyfiyyətli, bəddi tərəfdən yetkin bir iş görəndə elm, təhsil, intellektual verilişlər olanda buna baxılır. Reytinq məsələləri özünü doğrultmadı və sübut etdi ki, Azərbaycan xalqı ancaq bayağı materiallara baxmaq həvəskarı və həvəsində deyil. Əksinə, daha çox bədii, düşündürən, maarifçilik, tarixi proqramlara kifayət qədər ciddi şəkildə baxır.

Bildiyiniz kimi hazırda Muğam Müsabiqəsi keçirilir. Siz təsəvvür edirsiniz ki, bunun nə qədər izləyicisi var. Deməli yanlış, özlərinin bayağı işlərinə, səviyyəsizliklərinə bəraət qazandırmaq üçün deyirdilər ki, ciddi şeylərə baxılmır. Amma muğamatın izləyicisi var. Ona görə hesab edirəm ki, televiziyalarda Bədii Şuraya çoxdan ehtiyac var idi, amma sadəcə olaraq bu qurumlar da fəaliyyət göstərməli, insanlarımıza faydalı olmalıdırlar. Bu cür olsa ümid edirəm ki, televiziyalarımız da, tamaşaçımız da qazanar və televiziya məkanımız daha cəlbedici, maraqlı ola bilər. Televiziya kanallarımız hamının baxa biləcəyi bir məkana çevirilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.