Aralıq dənizində "FIRTINA" ! - “Anti-türk koalisiyası Ankaranı güzəştə məcbur edir!"

12-08-2020, 16:03           
Aralıq dənizində "FIRTINA" ! - “Anti-türk koalisiyası Ankaranı güzəştə məcbur edir!"
“Məqsəd Türkiyəni Aralıq dənizi sahillərinə sıxışdırmaq və orada saxlamaqdır”

“Lakin beynəlxalq və dəniz hüquqları qardaş ölkənin tərəfindədir”

NATO müharibəyə imkan verməz. Çünki hərbi əməliyyatların davamlı olmayacağını heç kim təxmin edə bilməz”

“Ankara güzəştə getməməlidir. Əks halda Türkiyənin dəniz sahilləri ancaq Antalya körfəzindən ibarət olacaq”

“Qurtuluş savaşından sonra ilk dəfədir ki, Yunanıstan - Türkiyə ilə müharibə etməyə bu qədər yaxındır. İki ölkə təkcə qonşu deyil, Egey dənizinin iki ulduzu, NATO və Avropa (siyasi) ölkəsidir. Görünən odur ki, yunan tərəfi Türkiyənin tək vəziyyətdə qalmasını faydaya çevirməklə prosesə başlayıb”. Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin “Facebook” hesabında yazdığı bu sözlər böyük rezonans doğurub. İstifadəçilərin şərhləri məsələnin necə aktual olduğunu isbatlayır.

Ə. Əlibəyli Aralıq dənizi sahilində Türkiyənin durumu ilə bağlı “Sherg.az”a danışıb. Ekspertin fikrincə, Türkiyəyə qarşı koalisiyanın yaranması istisna deyil:

“Şərqi Aralıq dənizi sahilində bir çox ölkələr dəniz sahələrini böyüdürlər. Nəticədə Türkiyənin sahil boyu ərazilərinin Yunanıstanın əlinə keçməsi təhlükəsi yaranır. Əlbəttə, bu, Türkiyənin hüquqlarının pozulması deməkdir. İki dövlət arasında danışıqlar Almaniya vasitəsilə aparılır. Bəlkə də, Berlindəki növbəti görüşdən sonra Meis adasının bitərəf ərazi kimi qəbul olunması barədə razılıq əldə edilə bilərdi. Amma Misirlə Yunanıstan arasındakı müqavilə buna mane oldu. Misir hakimiyyəti sırf Türkiyəyə olan nifrətinə görə, ərazisinin xeyli hissəsinin itirməyə razılıq verdi.

İndi İsrail, Misir kimi ölkələr Yunanıstanı dəstəkləyirlər. ABŞ münasibətlərin münaqişəyə çevrilməsini istəməsə də, bəyənatları daha çox Türkiyəyə istiqamətlənir. Avropa Birliyi isə təbii ki, öz üzvünü, yəni Yunanıstanı dəstəkləyir. Məqsəd Türkiyəni Aralıq dənizi sahillərinə sıxışdırmaq və orada saxlamaqdır. Hazırda bölgədə olan bütün qüvvələr anti-türk koalisiyası yaradıb. Bircə Liviya bu qruplaşmada yoxdur. Çünki indiki Liviya hökuməti Türkiyə ilə müttəfiqdir”.

Ə.Əlibəylinin sözlərinə görə, Türkiyə ilə Yunanıstan arasında münasibətlərin kəskinləşməsi təsadüfi deyil:

“2010-cu ildən etibarən Aralıq dənizində və onun şərqində BP, “Şell” və s. kimi böyük neft şirkətləri işləyir. Burada iki milyard barelə yaxın neft ehtiyatı, 3.45 milyard kub metr qaz var. Tamar, Zöhr kimi yataqlarının kəşfi orada böyük neft ehtiyatının olması həqiqətini üzə çıxardı. Əlbəttə, Türkiyənin bu ehtiyatlara çox böyük ehtiyacı var.

Qeyd edim ki, son hadisələrdən sonra Türkiyə Oruc Rəis gəmisini dənizə buraxdı. Yunanıstan isə cavab olaraq Türkiyənin gözünün qabağındakı Meis adasına ordu çıxardı. Koalisiya üzvləri Türkiyəni güzəştə getməyə məcbur edirlər.

Lakin beynəlxalq və dəniz hüquqları qardaş ölkənin tərəfindədir. Düşünürəm ki, Türkiyə məsələ ilə bağlı BMT-yə müraciət edəcək. Müharibənin başlayacağına inanmıram. Ən azı, NATO buna imkan verməz. Çünki hərbi əməliyyatların davamlı olmayacağını heç kim təxmin edə bilməz”.

Ekspert, həmçinin bildirib ki, indiki məqamda Türkiyə heç bir kompromisə getməməlidir:

“Müxtəlif ölkələr Türkiyəyə dəstək ifadə edirlər. Bu günlərdə Aralıq dənizində Türkiyə ilə Azərbaycanın birgə təlimləri başlayacaq. Pakistan da “Türk yalnız deyil” haştaqları ilə kampaniyalara başlayıb. İndi Türkiyə var gücü ilə müqavimət göstərməli, güzəştə getməməlidir. Əks halda Türkiyənin dəniz sahilləri ancaq Antalya körfəzindən ibarət olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.