"Bilirəm ki, türkəm, amma mənim olmayan əlifba ilə mənim olmayan milli kimliyimi yazıram." Dilavər Əzimli
15-10-2018, 11:50

Teref.az olaraq yazırıq ki, millət vəkili Gövhər Baxşəliyevanın “rus dili orta məktəblərdə xarici dil kimi tədris edilsin” təklifi sosial şəbəkələrdə neçə gündür ki,müzakirələrə səbəb olub. Görkəmli tarixçimiz Dilavər Əzimlidə öz fikrini feysbuk səhifəsində yazb. Teref.az olaraq bu fikirləri sizə təqdim edirik:
Millət vəkili Gövhər Baxşəliyevanın “rus dili orta məktəblərdə xarici dil kimi tədris edilsin” təklifi sosial şəbəkələrdə neçə gündür ki, müzakirə olunur. Hamısını diqqətlə izlədim. Bir qism rusbaşlılardır ki, az qala yaxalarını cıralar. Bir qism isə yazdığını ifadə edə bilmir. Onlar anlamırlar ki, kimsə rus dilinin öyrənilməsinin əleyhinə deyildir. Sadəcə, biz onun xarici dil kimi öyrənməliyik və bu qədər məktəblər açmağa lüzum yoxdur. Rusiya elminin səviyyəsi bu gün dünya elminə nisbətən çox aşağı səviyyədədir. Yəni, bunu bəhanə edənlər bir qədər bu günki durumu da öyrənsinlər. Gəlin etiraf edək ki, biz hansı dili öyrəniriksə, dərhal öz dilimizi unuduruq. Bu təkcə rus dilinə aid deyildir, eləcə də ingilis və digər dillərə də aiddir. Məsələn, qardaş Türkiyədə yaşayan və oxuyan həmvətənlərimizin əksəriyyəti sosial şəbəklərədə öz dilində deyil, Türkiyə türkcəsində yazırlar. Bu nədir? Mədənilik? Xeyr, genetik unutqanlıq!!! Baxın, şəhərimizin küçələrində marketlərə, mağazalara daha çox kimlərin adlarını verirlər? Təbii ki, xaricilərin...Adlara baxın: Diana, Kleopatra, Napaleon, SSRİ və sairə... Niyə bu adlar içərisində Saray xatun, Ceyran xatun, Pərixan xanım, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Əmir Teymur, Gürşad, Oğuz, Dədə Qorqud kimi adlar yoxdur.
Bütün bunların kökündə millətə aşılanmış unutqanlıq dayanır. Bu gün ölkənin nazirliklərinin, elmi idarələrinin, universitetlərinin dəhlizlərində rus dilində danışmağı mədənilik sayırlar. Moskvalı dostum Bakıda olanda buna sərt münasibət bildirdi və dedi ki, niyə öz dilinizdə danışmırsınız. Sözün düzü, bunun bir səbəbini də çox axtardım. Nəhayət belə bir qərara gəldim: Biz bütövlüyümüzü itirdik. Bütövlük itəndə yarımçıq olursan. Böyüklük isə başqa şeydir. Məsələn, Rusiya... Orada yaşayanlar özünü böyük dövlətin təbəəsi sayır... Yaxud Türkiyə... Orada da elədir... bir də var Ermənistan, İsrail... Burada yaşayanlar da vahid ideologiyaya məxsusdurlar. Məsələn, erməniləri vahid ermənilik birləşdirir. İsraili də vahid yəhudilik birləşdirir. Bütün ermənilər Ermənistanı Ana Vətən sayır. Bütün yəhudilər İsraili Ana Vətən sayır. Bəs bizdə? Hara Ana Vətən sayılır? Təbriz? Bakı? Tehran? Heç biri....Bu məsələdə həm də dil mühüm rol oynayır. Bizim dilimiz nə dilidir? Azərbaycanlı adında dil olarmı? Biz deyirik ki, Azərbaycan dilində danışırıq.... O tayda yaşayan həmvətənlərimiz deyir ki, türk dilində danışırıq... Göründüyü kimi özümüz parçalandığımız kimi, dilimiz də parçalanıbdır. Bu mənada erməniyə bu məsələdə də uduzuruq. Görün erməni akademik Ulubabayan nə yazır: “Erməni üçün ailə qurmaq Vətən qurmaqdı, harada olursa erməni kimi yaşamaq lazımdır, erməni kimi yaşamaq o deməkdir ki, erməni dövlətində yaşamaq deməkdir, hər nəyin varsa, bu işə qurban verməlisən. Erməni harada yaşayırsa, orada izi qalmalıdır, bir tək əlifbanın olması millət üçün dövlətin olmasından dəyərlidi. Erməni əlifbasıyla erməni adını yaz, ermənilik sənin proqramındı, proqramını da özünlə götür, yerə qoyma, o, sənin silahındı. Türk kimi yaşamaq məcburiyyətində qalsan belə, ermənisən, erməni olduğunu bil”.
Biz nə vəziyyətdəyik? Dörd dəfə əlifbamızı dəyişdiriblər. Hələ də adımızı bilmirik. Mən bir Türkəm, pasportda adıma azərbaycanlı yapışdırılıbdır. Belə çıxır ki, Qarabağ ermənisi də milli baxımdan azərbaycanlıdır.
Bütün bunlar sizə adi görünə bilər. Ola bilsin ki, dərk etmirik. Ulubabayan göstərir ki, bir tək əlifbanın olması millət üçün dövlətin olmasından dəyərlidir. Erməni əlifbasıyla erməni adını yaz, ermənilik sənin proqramındır. Mən hansı əlifba ilə hansı adımı yazım? Bilirəm ki, türkəm, amma mənim olmayan əlifba ilə mənim olmayan milli kimliyimi yazıram. Buna görə də Ana Yasada millətin adı Türk yazılmalıdır. Bu heç kəsi qorxutmasın. Türk sözü həm də bir kültürü, mədəniyyəti ehtiva edir. Türk dilinin ən böyük tədqiqatçıları qeyri-türklər olmuşlar. Çünki Türk mədəniyyəti bütün xalqları birləşdirir. Onları əritmir, öz içində sayğı ilə yanaşır və birgə addımlayırlar. Onsuz da bu gün Azərbaycanda hamı bir-biri ilə Türk dilində ünsiyyət qurur. Onda bunun adını da dəqiq göstərək. Belə olarsa, bu gün belə mübahisələr çıxmayacaqdır!!!