ABŞ-la İranın gizli razılaşması... – Sensasion nəticə

2-11-2018, 18:19           
ABŞ-la İranın gizli razılaşması... – Sensasion nəticə
Çox böyük ehtimal yaxın gələcəkdə neft bazarında “5 noyabr qorxusu“, yəni İranla bağlı məsələ ortadan qalxandan sonra qiymətlərdə ciddi enmələrin şahidi olacağıq.

Bu sözləri Axar.az-a Ağ Evin İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqindən sonra Çin, Cənubi Koreya və Hindistan da daxil olmaqla, 8 ölkəyə İran neftini almaq imkanı yaratmasına münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, əslində ABŞ-ın İranla bağlı verdiyi son qərarın neft bazarına ciddi təsir etmək imkanları var:

“Bu təsirləri biz artıq görürük. Burada ABŞ-ın öz maraqları da var. Çünki neftin qiymətlərinin kəskin bahalaşması son dövrlərdə ABŞ-a və ABŞ istehlakçılarına ciddi problem yaratmışdı. Neft bazarında müşahidə olunan yüksək qiymətlər ABŞ-da benzinin qiymətinin qalxmasına səbəb olmuşdu. Tramp da anlayırdı ki, benzinin qiymətlərinin qalxması onun partiyasının yaxınlaşan seçkilərdə ciddi səs itirməsinə səbəb ola bilər. Çünki ABŞ vətəndaşlarını çox maraqlandıran ən həssas məsələlərdən biri benzinin qiymətidir. ABŞ avtomobil ölkəsidir. Burada hər ailədə az qala 2-3 avtomobil var. Buna görə də ABŞ vətəndaşları üçün benzin qiymətləri çox həssas bir mövzudur”.

İqtisadçı qeyd edib ki, gələn həftə Konqresə növbəti seçkilər keçiriləcək:

“Tramp Adminstrasiyasının taleyi keçiriləcək seçkilərin nəticələrindən çox asılı olacaq. Ona görə də Tramp neft qiymətlərinin tənzimlənməsi, ucuzlaşması üçün bəzi addımlar atır. Bu addımlar da ABŞ-da benzin qiymətlərinin ucuzlaşmasına xidmət edir. Tramp siyasətinin əsas hədəflərindən biri budur. Digər tərəfdən, Obamanın prezidentliyinin son dövrlərində bir qalon benzin 2 dollara qədər ucuzlaşmışdı (ABŞ-da benzin qalonla satılır; 1 qalon 3,7 litrdir). İndi isə ABŞ-da benzinin qiyməti 4 dollardan bahadır, yəni 2 dəfədən çox bahalaşıb. Bu da ABŞ seçicisinə ciddi təsir edən amillərdən biridir. Bu, məsələnin praqmatik tərəfidir”.

İqtisadçı vurğulayıb ki, məsələnin geosiyasi tərəfi də var:

“Çox güman ki, ABŞ və İran arasında bizim bilmədiyimiz və dünya ictrimaiyyətinə məlum olmayan danışıqlar gedir. Yəni İranın diplomatik ənənələrini, uğurlarını, 3000 illik tarixini nəzərə alsaq, onun ABŞ ilə gizli danışıqlar apardığı (hətta İsveçrədə bu müzakirələrin gizli getdiyi haqda xəbərlər var) ehtimalı çox yüksəkdir. Bu danışıqlarda müəyyən irəliləyiş olduğu üçün də ABŞ geosiyasi anlamda belə bir addım atmış ola bilər. Bu, demək olar ki, İrana qarşı sanksiyaların, neft satışına olan qadağanın aradan qaldırılması anlamına gəlir. 8 ölkə - hansılar ki, siyahıya daxil ediləcək - onlar hamısı İrandan neft alan ölkələrdir. Yəni bu ölkələrin İrana qarşı sanksiyalara qoşulmaması onu deməyə əsas verir ki, İran neftini satmaqda davam edəcək. Bu da İranın neft qiymətlərini tənzimləməsinə və neft bazarında qiymətlərin ucuzlaşmasına əsas səbəb olan amillərdən birinə çevriləcək”.

İqtisadçının sözlərinə görə, Qaşıqçı cinayətindən sonra Səudiyyə Ərəbistanı ilə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın münasibətlərində müəyyən gərginlik müşahidə olunur:

“Bölgədə ən böyük rəqib olan İranla Səudiyyə az qala soyuq müharibə şəraitində yaşayır. Səudiyyənin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı əməliyyatları dayandırması ilə bağlı ABŞ-ın bu yaxınlarda tələbi də oldu. Bu da maraqlı bir faktdır. Yəni ABŞ sanki Səudiyyə ilə İran arasında bir nizam yaratmağa çalışır və Səudiyyəni sanki cəzalandırır. Bu qərarın həm də onunla əlaqəsi var”.

İqtisadçı bildirib ki, bütün iqtisadi və geosiyasi amilləri nəzərə alsaq, İrana qarşı məhz neft-qaz satışı ilə bağlı sanksiyaların aradan qalxmasını demək olar:

“Yəni ABŞ doğrudan da İrana qarşı sanksiya tətbiq etsə və 8 ölkəyə sanksiya tətbiq edilməməsi ilə bağlı güzəştlər olsa, bu ona gətirib çıxaracaq ki, İran neft satmaqda davam edəcək. Hətta İranın hasilatı artırmaq imkanları yaranacaq. Çünki bu 8 ölkə İranın dünyaya satdığı neftin hamısını almaq gücündədir. Bu gün İran dünyaya gün ərzində 1,8 milyon barrel neft çıxarmaq gücündədir və bunu 4 milyon barrelə qədər qaldıra bilər. Çox güman ki, İran bu 8 ölkənin köməyi ilə neft hasilatını da qaldıracaq. Bu isə neft qiymətlərinə ciddi zərbə ola bilər”.

Qeyd edək ki, Ağ Evin Çin, Cənubi Koreya və Hindistan da daxil olmaqla, 8 ölkəyə İran neftini almaq imkanı yaradacağı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.