Yerüstü Nəqliyyatda Bitməyən Xaos: Agentlik İslahat Edirmi, Yoxsa Sadəcə Göstərişmi?

Bu gün, 08:27           
Yerüstü Nəqliyyatda Bitməyən Xaos:
Azərbaycanda ictimai nəqliyyat sahəsi illərdir islahat adı altında dəyişikliklərə məruz qalsa da, problemlər kökündən həll olunmayıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxta və iri şəhərlərə yeni avtobuslar gətirməklə sanki işini bitmiş hesab edir. Amma real vəziyyət göstərir ki, bu qurum sadəcə vitrini bəzəməklə məşğuldur.
Bakıda və Sumqayıtda çoxlu dayanacaq ya köhnəlib, ya da ümumiyyətlə mövcud deyil. Sərnişinlər bəzən avtobusu yol kənarında gözləməyə məcbur qalır. Əksər dayanacaqlarda isə informasiya lövhələri, hərəkət qrafikləri yoxdur. Nəticədə insanlar avtobusun nə vaxt gələcəyini təsadüflərə buraxırlar.
Yeni avtobusların gətirilməsi yaxşıdır, amma bu avtobuslar vaxtında işləmirsə, sərnişin üçün fərqi yoxdur. Pik saatlarda marşrutlarda xaos hökm sürür. Sumqayıtda isə bütün marşurtları sərnişinlər dəqiqələrlə gözləyir. Dəfələrlə AYNA-nın call center-nə şikayət etsəm də hər dəfə zəng edib, şikayətinizlə əlaqədar daşıyıcıya xəbərdarlıq olundu cavabı verilir. Ancaq dəyişən heçnə yoxdur.
Bakıda və hətta Gəncədə kart sistemi tətbiq olunsa da, Sumqayıtda vəziyyət tamamilə fərqlidir. Əslində, burada illər əvvəl kart sistemi tətbiq edilsə də, cəmi bir ay sonra texniki problemlər səbəbindən dayandırıldı. O vaxtdan bəri bu məsələ bir daha bərpa olunmayıb. Bu da Sumqayıtı digər iri şəhərlərlə müqayisədə ictimai nəqliyyat sahəsində çox geri salır. XXI əsrdə belə bir gerilik sadəcə qəbuledilməzdir.
Sumqayıtda hərəkəti dayandırılan bir çox marşrut xətləri illərdir yenidən bərpa olunmur. Məsələn, 503 saylı marşrut xətti Bakı-Sumqayıt-Saray körpüsü təmirə bağlanandan fəaliyyətini dayandırıb. Lakin fəaliyyətini dayandırandan sonra bu istiqamətdə heç bir alternativ yaradılmayıb. Oxşar vəziyyət bir neçə digər marşrut xətləri ilə də yaşanır. Bu isə sərnişinlərin gündəlik hərəkət imkanlarını məhdudlaşdırır, alternativsiz buraxır.
AYNA hər çıxışında islahatlardan danışır, amma sərnişinlərin gündəlik problemlərinə real həll tapa bilmir. Yeni avtobuslar gətirmək təkbaşına nəqliyyatı inkişaf etdirmir. Dayanacaqların qurulması, marşrutların dəqiq işləməsi, kart sisteminin bütün ölkə üzrə tətbiqi və sərnişin rahatlığının prioritetə çevrilməsi vacibdir.
Əks halda, bu sahədə görülən işlər sadəcə kağız üzərində qalacaq, reallıqda isə Azərbaycan vətəndaşı hər gün avtobus dayanacağında əsəbiləşməyə davam edəcək.
Ilkin Məmmədkərimov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru