İctimai nəqliyyatda gedişhaqqı bir manata qalxacaq? - Ekspertlər AÇIQLADI
Bu gün, 10:26

Son günlər ictimai nəqliyyatda gedişhaqqının bir manata qaldırılacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Xüsusilə tələbələr və valideynlər bu ehtimaldan ciddi narazılıq ifadə edirlər.
Bəs yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur və belə bir qərarın qəbul edilməsi gözlənilirmi?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu xəbərə inanmadığını, yanlış olduğunu bildirib:
“Yəni, bir manat qaldırılması xəbəri düşünürəm ki, yanlışdır və yüz faiz nəqliyyatın pulunu sərnişin ödəmir. Onun bir hissəsi də subsidiya olunmalıdır. Düşünürəm ki, bu haqda da müzakirələr gedir. Amma indiki 50 qəpiyin yüz faiz artırılıb bir manat olması sadəcə şayiədir.
Və bundan da önəmli bir məsələ var: bu, yanlış fikir formalaşdırır. Çünki birincisi, rəsmi bir xəbər olmalıdır ki, ona əsasən fikir yürütmək mümkün olsun. Amma qeyd olunan məlumat məncə həqiqəti əks etdirmir”.
Ekspertin fikrincə, “brutto müqavilələr” sisteminə keçid olmalıdır:
“Digər önəmli məqam isə budur ki, müasir dünya şəhərləri ictimai nəqliyyatı hər kilometrə görə subsidiya edir. Yəni köhnə plan yanaşması yox, “brutto müqavilələr” sisteminə keçid olmalıdır. Bu zaman şəhər ilə daşıyıcılar arasında müqavilə bağlanır.
Bu müqaviləyə əsasən həmin fərqi qismən dövlət qarşılayır. Bu iş görüldükdən sonra isə sahə daha cəlbedici olur. Belə olduqda bu sahəyə investisiya etmək, bank krediti ayırmaq daha real olur. Avtopark da daha sürətlə yenilənir.
Eyni zamanda güzəşt paketləri təklif etmək mümkün olur. Məsələn, günlük, həftəlik, aylıq, üç aylıq, altı aylıq və illik bilet paketləri. Bu zaman nə qədər uzaq tarixlərə bilet alınırsa, bir o qədər də sərnişinin gündəlik xərci daha ucuz başa gəlir.
Bundan başqa, 60-90 dəqiqəlik pulsuz keçidlər tətbiq olunur. Yəni metrodan avtobusa, avtobusdan qatara keçidlər pulsuz ola bilər. Bütün bunların tətbiqi üçün isə mütləq şəkildə “brutto kontrakt” sisteminə keçid edilməlidir”.
Gununsesi.info-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu məlumatların həqiqəti əks etdirməsi inandırıcı görünmür.
Onun sözlərinə görə, son bir ildə nə yanacaq, nə də daşıyıcıların digər xərcləri iki-üç dəfə artmayıb:
“Bunun real olub-olmayacağını dəqiq bilmək mümkün deyil. Sadəcə kimsə bir məlumat yayıb və sosial şəbəkələrdə şayiələr sürətlə yayılır. Mən güman etmirəm ki, bu qədər bahalaşma ola bilər.
İndiki halda belə bir artım gözlənilmir. Əgər qiymətlər qalxsa belə, bu, iki dəfə ola bilməz. Çünki bu, ümumiyyətlə, ağlabatan deyil”.