Əfqanıstanda güclü zəlzələ: Ölənlər və yaralananlar var
Bu gün, 08:41
Əfqanıstanın şimal-şərqində baş verən 6 maqnitudalı zəlzələ nəticəsində ən azı doqquz nəfər həlak olub.
Bu barədə "BNO News" məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, seysmik hadisə yerli vaxtla saat 23:47-də (Bakı vaxtı ilə 23:17 - red.) Hindiquş bölgəsində qeydə alınıb, təbii fəlakətin ocağı təxminən 10 km dərinlikdə yerləşib. Episentr təxminən 280 000 nəfərin yaşadığı Cəlalabad şəhərindən 42 km məsafədə, dağlıq ərazidə yerləşib.
Əyalətin səhiyyə məsələləri üzrə "Taliban" hökumətinin nümayəndəsinin sözlərinə görə, Nanqarhar və Kunarda doqquz ölüm hadisəsi qeydə alınıb, daha 25 nəfər yaralanıb, xilasetmə əməliyyatları davam edir.
Zəlzələnin təsirləri geniş ərazidə, o cümlədən Hindistanın Nyu-Delhi şəhərində hiss edilib.