İçərişəhərdə restoranlarla bağlı son durum: sakinlər narazıdır

14-11-2018, 10:30           
İçərişəhərdə restoranlarla bağlı son durum: sakinlər narazıdır
“Manqal” və “Sehrli təndir” restoranları təmir üçün bağlansa da, içəridə iş aparılmır; “İmkanlı adamlar, bəzi məmurlar istədiklərini edirlər...”
Oktyabrın 31-də “Yeni Müsavat” qəzetində “İçərişəhərdəki restoranların bağlanması ilə bağlı ilginc iddialar” başlıqlı yazı gedib. Yazıda İçərişəhərdə fəaliyyət göstərən bir neçə kafenin bağlanması haqqında məlumatlar qeyd olunmuşdu.

İçərişəhər sakinləri redaksiyamıza bu yazı ilə bağlı təşəkkür məktubu göndərərək bildiriblər ki, əslində onların problemləri bununla bitmir. Onların sözlərinə görə, ərazidə xeyli sayda tüstülənən yeməkxanalar, restoranlar var ki, bu da onların narahatlığına səbəb olur.

“Yeni Müsavat”ın reportyor qrupu olaraq, sakinlərdən məlumat aldıqdan sonra təkrarən əraziyə yollanıb, oradakı şəraitlə maraqlandıq.

Metronun “İçərişəhər” stansiyasının arxasındakı girişdən İçərişəhərə daxil olan kimi bizi samovarçı qarşıladı. O, yol kənarında qaladığı samovarı göstərib, kafeyə keçib, çaylarından dadmağımızı təklif etdi. Öyrəndik ki, kafe ərazidə yeni fəaliyyətə başlayıb və turistləri cəlb etmək üçün bu cür metoddan istifadə edirlər. Eləcə də İçərişəhərdə gəzdiyimiz zaman xeyli sayda yeni restoranın fəaliyyətə başladığının şahidi olduq.

Restoranlardan çıxan kabab qoxusunu içimizə çəkə-çəkə Qoşa Qala qapısına yaxınlaşdıq. Burada müşahidə etdik ki, ərazidəki “Manqal” və “Sehrli təndir” restoranlarının içərisi sökülüb. Lakin onlarla üzbəüz digər kafelərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Kafenin qarşısında oturan mühafizəçi bildirdi ki, əslində restoranların fəaliyyəti yaxın zamanlarda bərpa olunacaq. Bildirildi ki, hazırda həmin restoranlarda təmir işləri aparılır. Təmir başa çatdıqdan sonra fəaliyyətlərinə davam edəcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilmişdi ki, restoranların fəaliyyəti müvəqqəti dayandırılıb. Bu, ərazidə yenidənqurma işlərinin aparılması ilə əlaqələndirilmişdi. İdarənin əməkdaşı Zeynəb Cahan “Trend”ə açıqlamasında söyləmişdi: “İçərişəhər bütövlükdə mədəni tarixi abidə olduğuna görə orada bərpa-yenidənqurma işləri aparılır. Bu işlərlə əlaqədar Qoşa Qala qapısının yaxınlığında yerləşən restoranların fəaliyyəti dayandırılıb. Yenidənqurma işləri bitdikdən sonra həmin obyektlər fəaliyyətə başlayacaq”.

Müşahidə etdik ki, restoranların içərisi tamamilə dağıdılsa da, yan divarları olduğu kimi qalmaqdadır. Eləcə də ərazidə hansısa yenidənqurma işlərinin aparılmasının şahidi olmadıq.

Bizimlə söhbətdə İçərişəhərin bir neçə sakini bildirdi ki, SSRİ süquta uğrayan zaman Bakı şəhəri başdan-başa kolxoz bazarına çevrilib: “Mərkəzi küçələrdə yeməkxanalar, mağazalar, kiosklar və kafelər göbələk kimi günü-gündən artırdı. Lakin sonrada mərhum prezident Heydər Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Rafael Allahverdiyevə göstəriş verdi ki, şəhəri gözdən salan budkalar tezliklə yığışdırılsın, şəhər əvvəlki simasına qaytarılsın. Belə də oldu. Hazırda isə həmin vəziyyət Azərbaycanın açıq muzeyi olan İçərişəhərdə baş verməkdədir. Burada özbaşınalıqdır. İmkanlı adamlar, bəzi məmurlar istədiklərini edirlər. Bunlardan başqa, Qız Qalasının ətrafında saysız-hesabsız mağazalar tikilib və cərgə-cərgə düzülüb. Bunların ucbatından turistlər köhnə abidələri ziyarət edə bilmirlər”.

Onu da qeyd edək ki, artıq Qoşa Qala qapısının qarşısındakı ərazidə vaxtilə sandıq formasında piştaxtalar qoyub, suvenir satanlar yığışdırılıb. Hazırda ərazidə yol kənarında sıra ilə, səliqəli formada dükanlar tikilib. Bu dükanlarda suvenirlər, müxtəlif şirkətlərin məhsulları, Azərbaycan mətbəxinə xas olan qidalar bişirilərək satılır. Sakinlər onu da söylədilər ki, ərazidə bu cür səliqə yaratmaq işlərini müsbət qiymətləndirirlər. Lakin digər restoranların fəaliyyəti onları narahat edir.

Ərazidəki dükanlarda icarə haqqının nə qədər olmasını da öyrənməyə çalışdıq. Satıcılar konkret rəqəm deməsələr də bildirdilər ki, yerindən asılı olaraq icarə qiymətləri 1500-2000 manat arasında dəyişir. Sandıq tipli piştaxtaların icarə haqları isə aylıq 300 manat olub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.