MTN-də baş verənlərin mahiyyəti: bir dəstə nələr etdi? - TƏHLİL

21-10-2015, 23:21           
MTN-də baş verənlərin mahiyyəti: bir dəstə nələr etdi? - TƏHLİL
Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəzifəli şəxsinin həbs olunması ətrafında müzakirələr səngimək bilmir. Məsələnin mahiyyəti açıldıqca, bu qurumun başında dayanmış bir qrup şəxsin cəmiyyətdə yaratdığı xof aradan qalxdıqca həqiqətlər cəmiyyətə də bəlli olur...

Prezident İlham Əliyev istər keçirdiyi müşavirələrdə, istərsə Nazirlər Kabinetinin geniş tərkibli iclaslarında sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə hallarının olduğunu vurğulayıb və bu hallara qarşı total mübarizə aparılmasının vacibliyini önə çəkib. Bu çağırışlar sahibkarların işinə əngəl yaradan qurumların, səlahiyyətlərindən sui-istifadə edən şəxslərin fəaliyyətinin geniş şəkildə araşdırılacağının siqnalı idi. Milli Təhlükəsizlik Nazirliyində aparılan həbsləri bu baxımdan prezidentin iqtisadi sabotajlara qarşı mübarizədə siyasi iradə nümayiş etdirməsinin məntiqi nəticəsi saymaq olar.

Təbii ki, ictimai rəyi məsələnin mahiyyətindən yayındırmağa çalışanlar arqument olaraq “proses niyə məhz MTN-dən başlandı” sualını səsləndirirlər. Sualın qoyuluşu belə kökündən səhvdir, çünki məsələ MTN-də təmizləmədən, kütləvi həbslərdən deyil, sahibkarların fəaliyyətini iflic edən qrupun ifşasından gedir. Milli təhlükəsizlik maraqlarını arxa plana keçirərək qrup maraqlarından çıxış edən şəxslər sahibkarların şikayəti əsasında saxlanılıb və aparılan ilkin təhqiqat bəzi vəzifəli şəxslər haqqında həbs qətimkan tədbiri seçilməsini zərurətə çevirib. Mahiyyət bundan ibarətdir və məntiqlidir.

Qeyd edək ki, APA bir neçə gün öncə hökumətdəki mənbələrə istinadən məlumat yaymışdı ki, prezident İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasında daxil olan şikayətlərlə bağlı geniş araşdırma aparılıb. Bu araşdırma nəticəsində də sahibkarların ən çox şikayətlərinin məhz MTN-dən olduğu aşkarlanıb.

Əldə olunan məlumatlara görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edən dəstə sahibkarları və onların əlaqədə olduğu şəxsləri ən ağlasığmaz cinayətlərdə ittiham edərək milyonlarla vəsait mənimsəyiblər.

Sahibkarlara qarşı saxta ittihamlar irəli sürülməsi, külli miqdarda rüşvət tələb olunması, tələb olunan məbləği verməyəcəyi təqdirdə terrorçu birləşmələrə və xarici xidmət orqanları ilə əlaqədə ittiham olunacaqları ilə bağlı hədələr olub. Sahibkarların mediaya danışdıqlarına görə, onlar həmçinin klassik narkotik alveri və istifadəsində ittihamla, özəl həyatın sirlərinin yayılması ilə də şantaj olunublar. Bu faktlar artıq mediada sahibkarlar tərəfindən söylənilib.

Sahibkarlardan bəzilərinin bu təzyiqlərə dözməyərək, intihar etmələri, müxtəlif xəstəliklərə tutulub dünyalarını dəyişmələri ilə bağlı da onların ailə üzvləri, hüquqi nümayəndələri artıq danışmağa başlayıblar.

MTN-dəki məlum qrupun "fəaliyyəti" barədə danışarkən iş adamlarına və vəzifəli şəxslərə media vasitəsilə edilən "terror" da diqqətdən kənarda qalmamalıdır. Bir qrup mətbu və onlayn media vasitəsinə "partonluq" edən MTN-nin bəlli qrupunun üzvü olan İlqar Əliyev tərəfindən (MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib) mediada ayrı-ayrı şəxslərə qarşı "qara piar" aparmaqla, onların MTN-ə çağırılması üçün əsas yaradıldığı bildirilir. İstintaq barədə təfsilatlı məlumat olmadığı üçün həmin media qurumlarının rəhbərlərinin prosesə cəlb edilib-edilmədiyini söyləmək çətindir.

Bu prosesdə diqqəti xüsusi cəlb edən isə ictimai rəydəki reaksiyalardır. Qanunsuz qruplaşma yaradaraq bu cür neqativ fəaliyyətlə məşğul olanların neytrallaşdırılması təbii olaraq cəmiyyət tərəfindən müsbət qarşılanıb. Bu, cəmiyyətin obyektiv reaksiyasıdır, çünki bazar iqtisadiyyatının əsas mexanizmlərindən biri və bəlkə də birincisi sahibkarlıq fəaliyyətidir. Bu fəaliyyətə qanunsuz müdaxiləni cəmiyyətin hər fərdi öz üzərində və gəlirlərində avtomatik olaraq hiss edir. Bu cür hallar cəmiyyəti gərginləşdirir. Cəmiyyət bu tip neqativ hallara qarşı mübarizəni nəinki dəstəkləyir, hətta prosesin daha da genişlənməsinin tərəfdarıdır.

Əslində, bu həbslər və təmizlənmə prosesi həm də MTN sistemində çalışan minlərlə insanın maraqlarına cavab verir. Çünki sahibkarlara hədə-qorxu gələn, onları əsassız olaraq terrorçu birləşmələrlə əlaqələndirməyə çalışaraq külli miqdarda gəlir əldə edən şəxslər ilk növbədə illərini bu quruma həsr etmiş peşəkar insanların heysiyyəti, imici ilə oynayıb, işinə vicdanla yanaşanlara ləkə yaxıblar.

Bu dəstənin əməllərinin ifşaedicisi qismində həm də ölkənin mühüm və çox strateji dövlət qurumunda çalışan peşəkarlar çıxış etməlidirlər. Məlumatlara görə, məhz bu dəstənin maraqlarına cavab vermədiyi üçün milli təhlükəsizlik orqanlarında vəzifəsi aşağı salınan, rütbəsi yüksəldilməyən və sistemdən kənarlaşdırılmış çoxlu sayda kadr var.

Media da bu məsələdən bəhs edərkən, bütövlükdə Milli Təhlükəsizlik Nazirliyini, bu qurumdakı peşəkarları deyil, burdan öz maraqları üçün istifadə etmiş konkret dəstəni hədəfə almalıdır. Çünki Azərbaycan milli təhlükəsizlik orqanları Qarabağ müharibəsində onlarla şəhid verib. Bu qurumun terrorçuluğa qarşı mübarizə aparan, ölkənin milli təhlükəsizliyinin keşiyində dayanan, dövlət maraqlarını qoruyan çoxsaylı peşəkar əməkdaşları da var.

Eyni zamanda baş verənlər də həm qurumdakı digərlərinə, həm də digər qurumlara xəbərdarlıqdır. Bu siqnalda hərənin özünə görə bir dərs almasına ehtiyac var.

Son həbslərin cəmiyyət tərəfindən müsbət qarşılanmasının əsas səbəbi isə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə ilə mübarizədə ciddi siyasi iradənin ortaya qoyulmasıdır. Dövlət başçısı siyasi iradə nümayiş etdirərək sahibkarların maraqlarının müdafiəsi üçün lazımi ölçü götürməyə hazır olduğunu ortaya qoyub. Lisenziyaların sayının minimuma endirilməsi, sahibkarlıq fəaliyyəti üçün sənədləşmə prosesinin ölkənin ən şəffaf qurumu olan “ASAN Xidmət”də həyata keçirilməsi, sahibkarlıq subyektlərində yoxlamaların iki il müddətinə dayandırılması da bu siyasi iradənin nəticəsidir. Sahibkarlığın və ümumilikdə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq - dünyanı bürüyən iqtisadi böhranın Azərbaycana təsirini minimuma endirmək üçün bundan başqa yol yoxdur. Prezidentin nümayiş etdirdiyi siyasi iradə göstərdi ki, qanunsuz müdaxilələrlə, iqtisadi sabotajla məşğul olanlarla mübarizə problem aradan qalxana kimi davam edəcək.

APA Analitik Mərkəzi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.