“Gürcüstandan Ermənistana dəhliz verilməsi çoxməqsədli geosiyasi plandır” - Tiflis nədən xəyanətə gedir?

7-02-2019, 09:22           
“Gürcüstandan Ermənistana dəhliz verilməsi çoxməqsədli geosiyasi plandır” - Tiflis nədən xəyanətə gedir?
Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb. Müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.

Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.

Bundan əvvəl isə Axalkalakidə erməni cəlladına heykəl ucaldılıb.

Azərbaycanın Gürcüstana saysız-hesabsız yaxşılıqlarının, dəstəyinin olmasına baxmayaraq, işğalçı Ermənistana Tiflisin dəstək verməsi təəccüb doğurmaya bilmir. Burada mütləq bir kənar güc, amil də var. Bunun arxasında Rusiyadan təzyiq, Qərbin istəyi, yoxsa xristian amili dayanır?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, bu, Rusiyanın layihəsidir və Rusiya hər zaman olduğu kimi beynəlxalq mexanizmləri öz maraqları üçün istifadə etməyə çalışır: “Tsxinvali vasitəsilə Ermənistanla Rusiyanın birləşdirilməsi də bu planın növbəti bir hissəsidir. Lavrovun müavini Karasinin Ermənistan səfərindən sonra bu məsələ gündəmə gətirildi. Bu da təsadüfi deyil. Çünki Rusiya 2012-ci ildən bəri fəaliyyət göstərən Karasin-Abaşidze formatı çərcivəsində məsələnin həllinə səy göstərir. Halbuki bu format əsasən Gürcüstan-Rusiya ticarət əlaqələrinin tənzimlənməsi funksiyası daşıyır və Ermənistanla bağlı məsələnin müzakirəsi bu formata uyğun deyil. Heç şübhəsiz ki, məqsəd Ermənistanın dəhliz vasitəsilə Rusiyaya birbaşa çıxışını təmin edib onun de-fakto Rusiyanın bir quberniyası olduğunu bir daha təsbit etməkdən ibarətdir. Burada böyük, çoxməqsədli geosiyasi plandan söhbət gedir.

İndi Ermənistanla dəhliz məsələsinin əsassız şəkildə daxil edildiyi Karasin-Abaşidze formatının özü də Rusiyanın 2012-ci ildə Saakaşvilinin partiyasının seçkilərdə məğlubiyyətindən sonra Rusiyanın yenidən Gürcüstanı nəzarətə almaq mexanizmlərindən biridir. Görünən odur ki, Karasin-Abaşidze formatı tək Gürcüstanı deyil, Ermənistanı da nəzarətdə saxlamaq mexanizmi kimi istifadə edilir".

Politoloqun sözlərinə görə, Rusiya Qərbin, xüsusilə də ABŞ-ın Ermənistan-Gürcüstan, Gürcüstan-Ukraynanı nəzarətə almaq planlarına qarşı Ermənistan-Gürcüstan-Rusiya dəhlizi yaratmaqla cavab verir. Bu, şübhəsiz ki, iqtisadi-kommunikasiya yox, geostrateji hədəfli çoxşaxəli geosiyasi layihədir: “Rusiya və Ermənistan eyni zamanda Abxaziya dəmir yolu məsələsini də mütəmadi gündəmə gətirməklə Bakı-Tiflis-Qars layihəsinə alternativ yaratmağa, Gürcüstanın tamamilə Qərbin nəzarətindən çıxarıb Rusiyaya keçməsinə səy göstərirlər. Xocalı canisinə abidə qoyulması da Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasına hesablanmış təxribatçı addım idi. Baş verənlərdə xristian amili olsa da əsas amil deyil”.

N.Məmmədova vurğuladı ki, Rusiya Ermənistanın Qərbin, xüsusilə ABŞ-ın təsirində olan hakimiyyətinin onun regiondakı maraqlarına qarşı getdikcə artan siyasətini önləmək, onun qarşısını əlindəki bütün vasitələrlə almaq üçün bu addımı atır: “Rusiya Ermənistana münasibətini ənənəvi ”dəyənək və kökə" siyasətinə uyğun şəkildə davam etdirərək həm təbii qazın qiymətini artırmaqla, Paşinyanın cinayətdə ittiham etdiyi Köçəryanı, Xaçaturovu, Sərkisyanı dəstəkləməklə, Paşinyana münasibətdə KTMT-də protokola zidd nəzakətsiz şəkildə aşağılamaqla təzyiq göstərir. Həm də qırıcı təyyarələr vəd etməklə, Tsxinvalidən dəhliz açmaqla onun Azərbaycan və Türkiyə tərəfindən illərlə işğalçı kimi məruz qaldığı təcridini aradan qaldırmaqla öz nəzarətindən buraxmaq istəmir. Bu ay Cenevrədə üçtərəfli formatda Rusiyanın təşəbbüsü ilə Tsxinvalidən nəqliyyat dəhlizinin açılması həm ABŞ, həm də Türkiyənin Cənubi Qafqaz siyasətinə ziddir. Görünür, Amerikanın regionda fəal sülh səyləri, Boltonun Əliyevə və Paşinyana zəngləri, Qarabağ məsələsinin Azərbaycanın Ermənistanla onun təcridini aradan qaldırıb, kommunikasiyaları bərpa təklifinin Ermənistanın yeni rəhbərliyini qane etməsi, Türkiyənin buna razılığı və Ermənistanla əməkdaşlığa hazır olması Rusiyanı narahat edir. Və o, bu addımı atmaqla ABŞ-ın Qarabağ planının qarşısını almağa çalışır. Paşinyanın fevralın 28-də İrana səfəri də Ermənistanın ABŞ-Azərbaycan-Ermənistan planına qarşı Rusiya-Ermənistan-İran formatını gözdən keçirdiyini sübut edir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.