"MTN işi" planları necə dəyişdirdi? - gəlişmə
23-10-2015, 13:04
Eldar Mahmudovun işdən çıxarılması və MTN-də baş verənlər nəqliyyat naziri Ziya Məmmədovla bağlı müəmmanı qismən ikinci plana keçirib. Maraqlıdır ki, məhz E.Mahmudovun işdən azad edilməsindən 1 gün sonra nazir gözlənilmədən işə çıxdı. Halbuki rəsmi olaraq onun oktyabrın 22-də məzuniyyətdən qayıdacağı deyilirdi.
İsveçrədə müalicə olunduğu deyilən nazirlə bərabər onun çoxdandır ortalarda görünməyən, barəsində ziddiyyətli məlumatlar dolaşan oğlu Anar Məmmədov da göründü. Nazirə yaxın saytların birində onun Qolf Federasiyasında gənclərlə çəkilmiş fotosu da yayıldı.
E.Mahmudovun işdən azad edilməsi ilə Məmmədovların sirli dönüşü arasında hansısa mübhəm əlaqə olub-olmadığını indilikdə söyləmək çətindir. Amma bu qayıdışın nazirə bağlı saytların E.Mahmudovun xüsusilə biznes imperiyası haqda ilginc məlumatlar dərc etməklə müşayiət olunması mövzuya diqqəti artırır.
Z.Məmmədovla sabiq təhlükəsizlik nazirinin münasibətləri haqda mediada səhih məlumat yoxdur, amma bəzi mənbələr bu münasibətlərin heç də pis olmadığını iddia edir. Hətta nazirin E.Mahmudovun barəsində danışılan klanına daxil olduğu da söylənilir. Xatırladaq ki, E.Mahmudovun belə bir klan yaratması barədə hakimiyyətdaxili qruplaşmalar haqda bilgisi olduğu şübhə doğurmayan sabiq səfir Arif Məmmədov məlumat verib. O, klanın Prezident Administrasiyası ilə hesablaşmadığını deyib. Z.Məmmədov tərəfdarları da illərdir iddia edir ki, onlara Prezident Administrasiyasında “ögey” münasibət var. Elə bu kimi səbəblərdən də nəqliyyat nazirinin antiadministrasiya düşərgəsində yer ala biləcəyi versiyası ağlabatan görünə bilər.
E.Mahmudovun çöküşü ilə Məmmədovların “boy göstərməsi” hətta belə təəssürat yaratmışdı ki, Z.Məmmədov hakimiyyətin əfvini qazanıb. Halbuki məzuniyyətdə olduğu müddətdə “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılıb, nazirliyin ən əhəmiyyətli səlahiyyətləri DİN-ə verilib. “Azəryolservis” nazirin nüfuz dairəsindən çıxarılıb və hökumətdə müstəqil quruma çevrilməsi müzakirə olunur.
Bundan əvvəl isə Məmmədovlar şəhər nəqliyyatından vurulub çıxarılıblar, taksilərə lisenziya verilməsi də “ASAN xidmət”ə həvalə edilib. Onun qohumlarının əksəriyyəti nəqliyyat sektorunda tutduğu vəzifələrdən uzaqlaşdırılıb, qardaşı Elton Məmmədov parlament seçkilərində iştirakdan kənarda qalıb. Milli Məclisin son iclasında da Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Nəqliyyat Nazirliyindən alınıb DİN-ə verilməsi təklif olunub. Bu təşəbbüslə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin çıxış etməsi hökumətin bu məsələdə də yaxın vaxtlarda qərar verəcəyini göstərir. Məlumatlara görə, Prezident Administrasiyasında Nəqliyyat Nazirliyinin yeni əsasnaməsi hazırlanır. Layihədə nazirliyin fəaliyyətinin yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanması ilə məhdudlaşdırılması nəzərdə tutulur. Bu faktlar da göstərir ki, hakimiyyətin Məmmədovlara qarşı münasibətində hər hansı dəyişiklik yoxdur.
Bunu prezident İlham Əliyevin iki gün əvvəl Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında fərmanı da sübut edir. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə yaradılmış Koordinasiya Şurasının tərkibinə nəqliyyat sektoruna aid bütün qurumların birinci şəxsləri - Dövlət Dəniz Administrasiyasının rəisi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri daxil edilsə də, qurumda Z.Məmmədova yer verilməyib. Onun əvəzinə şurada nəqliyyat nazirinin müavini Musa Pənahov təmsil olunub. Yeri gəlmişkən, M.Pənahovun yaxın vaxtlarda nəqliyyat naziri təyin ediləcəyi deyilir. M.Pənahov 1976-cı ildən dəmir yolları sahəsində çalışır, 2004-cü ildən isə nazir müavinidir. Musa Pənahovun oğlu Moldovanın eks-prezidenti, kommunist Vladimir Voroninin nəvəsi ilə evlənib. Qudası Oleq Voronin Moldovanın ən zəngin adamlarından biridir. M.Pənahov son aylar elə qeyri-rəsmi nazir statusunda işləyir və son bir neçə dövlət tədbirində Nəqliyyat Nazirliyi adından o iştirak edir. Onun namizədliyini “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da müdafiə edir. Hakimiyyətlə intriqalardan uzaq durmağa çalışan M.Pənahov bundan sonrakı dönəmdə nazirliyə rəhbərlik etmək iqtidarındadır. Üstəlik, arxalı qohumları sayəsində də hakimiyyətin üst düzeyi ilə münasibətləri yaxşıdır.
Bu gün Neftçalada qəbul keçirəcək Z.Məmmədovla bağlı hakimiyyətin son qərarının ləngiməsinin bir neçə mühüm səbəbləri var. Son dövrələrə qədər hakimiyyətdə ən odioz fiqurlardan olan Z.Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi alınıb, iqtisadi imperiyasına əl qoyulub. Amma adının hökumətin sırasından çıxarılması prosesi bir qədər ləngiyə bilər. Artıq o qüdrətli Z.Məmmədov yalnız adı qalıb, mövqelərini itirib, ətrafı zəiflədilib, bir sözlə, əvvəlki gücdə deyil. Unutmayaq ki, söhbət kifayət qədər təşkilatlanmış, yetərincə inzibati və maliyyə resurslarına sahib olan böyük bir qrupun sıradan çıxarılmasından gedir və bunun üçün təbii ki, zamana da ehtiyac var. Bu qruplar isə bir deyil, bir neçədir.
Z.Məmmədovdan əvvəl ölkədə daha bir oliqarx-məmur “Azərenerji” rəhbəri Etibar Pirverdiyevin zəiflədilməsi baş vermişdi. Z.Məmmədovun tam səlahiyyətsizləşdirilməsindən sonra isə daha bir qüdrətli nazir hakimiyyətdən birdəfəlik uzaqlaşdırıldı.
Prezidentin son müşavirələrdə xəbərdarlıqlarından da aydın görünürdü ki, hakimiyyət oliqarx-məmurların “əl-ayağını” yığmaqda qərarlıdır. Çünki oliqarx-məmurlar getdikcə hakimiyyətə problemlər yaradır, bəzi hallarda ən yüksək səviyyədə belə verilmiş qərarları ya sabotaj edirlər, ya da tabe olmurlar. Ən pisi isə odur ki, oliqarxik sistem böhran dövründə daha çox varlanmaq hərisliyindən əl çəkmirlər. Bu isə xalqda hakimiyyətə qarşı narazılığı artırır. İndi isə onların cəzalandırılması başlayır.
Amma həm də gəlinən nəticə budur ki, iqtidar bütün “ağır daşları” yerindən oynadıb özünə qarşı yeni-yeni cəbhələr yaratmaq, seçki ərəfəsi hücumları üzərinə çəkmək də istəmir. Z.Məmmədovun qismən rahatlamasının səbəbini də burada axtarmaq lazımdır. Hakimiyyət cəbhələrdən birini müvəqqəti bağlayır, amma bu, prosesin dayanması anlamına gəlməməlidir.
“Yeni Müsavat”