“Gerilla” savaşı: bunu etməsək, Qarabağ əldən gedəcək!

17-06-2019, 00:02           
“Gerilla” savaşı: bunu etməsək, Qarabağ əldən gedəcək!
“Güclü həmişə haqlıdır”. Çağdaş dünyamızın reallığı, təəssüf ki, budur. Məsələn, 1947-ci ildə BMT-nin qəbul elədiyi Fələstinin bölüşdürülməsi planına əsasən, həmin ərazidə iki müstəqil dövlət - ərəb və yəhudi dövləti yaradılmalı, Qüds (Yerusəlim) şəhərinə isə beynəlxalq status verilməli idi. Bu plan Fələstinin yəhudi icması tərəfindən qəbul olunsa da, ərəb liderlər tərəfindən rədd edildi. Növbəti il yəhudi icması İsrail dövlətinin müstəqilliyini elan etdi. 1948-ci ildə başlayan ərəb-İsrail müharibəsi yəhudilərin qələbəsi ilə başa çatdı.

Necə oldu ki, bir ovuc yəhudi qos-qoca ərəb dövlətlərini diz üstə çökdürdü? Təbii ki, Qərbin, xüsusi ilə ABŞ və Britaniyanın İsrailə gizli və açıq dəstəyi yəhudilərin qələbəsini təmin etdi. Zatən, İsrail dövləti Britaniya və Amerikanın istəyinə uyğun olaraq yarandı. Dəfələrlə baş verən ərəb-yəhudi müharibələri həmişə sonuncunun qələbəsi ilə yekunlaşdı. Çünki Qərbin dəstəyinə söykənən İsrail bütün parametrlər baxımından ərəbləri geridə qoydu.

Bu yaxınlarda isə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdı və az sonra ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürüldü. Yəqin ki, digər Qərb ölkələri də ABŞ-ın cızdığı yolla gedəcəklər. Sadəcə, bir az gözləmək gərəkir...

Bəs nədən sayı yarım milyardı keçən ərəb dünyası bu rəzalətə ciddi təpki göstərmədi?

Çünki əksər ərəb ölkələrində siyasi hakimiyyət məhz Qərbin çıxarlarına müvafiq olaraq formalaşır. Məsələn, Misirdə 30 illik Mübarək diktaturası iflasa uğradı. Xalq seçki yolu ilə islamçı Məhəmməd Mursini prezident seçdi. Cəmi bir il sonra general Abdul Fattah al-Sisi hərbi çevriliş etdi və iqtidara gəldi. Təbii ki, bütün bu proseslər Qərbin “xeyir-duası” ilə həyata keçdi. Ona görə də Qüds kimsənin yadına düşmür. Əvəzində Amerikanın dirijorluğu ilə yaradılan “Ərəb NATO-su” İsraillə iç-içə İranı hədəf alıb. İslam dünyasında birlik yoxdur. Qərbin istəyinə uyğun olaraq, müsəlman aləmi sünni-şiə qarşıdurmasına sürüklənir...


Abdul Fattah al-Sisi

Bu dünyada haqsızlıqla üzləşən dövlətlər arasında Azərbaycan da var. Az qala, 30 ildir Azərbaycanın önəmli bir parçası işğal altındadır. 1992-ci ildə yaranan ATƏT-ın Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini ATƏT-in prinsipləri əsasında, sülh yolu ilə-danışıqlar vasitəsi ilə həll edəcəkdi. 1997-ci ildən Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edir. Nəticə isə yoxdur. Daha doğrusu nəticə Ermənistanın xeyrinədir.

İndi bir anlığa təsəvvür edin ki, Azərbaycan Ermənistan ərazisini işğal etsəydi, Qərb özünü necə aparardı? Ən radikal formada, ən qısa zaman kəsiyində həmin əraziləri tərk etməyimizi tələb edəcəkdi. Ermənistana hərbi dəstəkdən tutmuş siyasi dəstəyə qədər hər şey veriləcəkdi. Niyə? Çünki Ermənistan bir xristian ölkəsidir. Bəli, ABŞ da, Fransa da gecə-gündüz demokratiyadan danışır, ədalətdən dəm vurur. Ancaq elə ki, söhbət Qarabağdan düşür, hər şey yaddan çıxır və xristian təəssübkeşliyi amili qabarıq şəkildə hər şeyi üstələyir. Gördünüz, “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryana görə Qərb mediası nə şəbeh çıxardı.

O da bizlərə sirr deyil ki, Minsk Qrupunun həmsədri olan üç ölkənin üçü də açıq və gizli şəkildə Ermənistanın yanındadır. Nə qədər acı da olsa, həqiqət budur. Azərbaycan olaraq, biz bütün bu və bu kimi amilləri nəzərə alaraq hərəkət etməliyik.


İlk baxışda kənaraçıxma kimi görünə biləcək başqa bir məqama toxunmaq istərdik. ABŞ İranı çökdürmək üçün bu ölkənin neft ixrac etməsinə imkan vermir. Amerikanın tətbiq etdiyi sanksiyalar qarşısında İran neftinin alıcıları bir-bir sıradan çıxır. İran rəhbərliyi yaxşı başa düşür ki, neft ixracı olmadan ölkə qısa müddət ərzində səfalətə sürüklənəcək. Bu isə xalqı ayağa qaldıracaq və İrandakı siyasi rejim ciddi sınaqla üzləşəcək. Ona görə də İran Amerikanı Hörmüz boğazını bağlamaqla təhdid edir. Bu boğazdan isə az qala dünya neftinin 30 faizi daşınır.
“Hörmüz boğazını bağlayarıq” təhdidi ilk dəfə 2011-ci ildə hazırkı prezident Həsən Ruhani tərəfindən səsləndirilib. Ancaq İran bu dəfə sadəcə, təhdid etmir, həm də konkret addımlar atır. Hörmüz boğazında dəfələrlə tankerlər hücuma məruz qalıb. ABŞ və Britaniya bu hücumlara görə İranı ittiham edir. İran isə bu kimi ittihamlara məhəl qoymur. Aydındır ki, Hörmüz boğazı “Tanker müharibəsi”nin bir addımlığındadır.
Düzdür, bölgəyə ABŞ-ın ən üstün hərbi texnikası və kontingenti yeridilib. Ancaq İranın Hörmüz boğazına nəzarət etməsi üçün hərbi imkanları kifayət qədər genişdir. O da aydındır ki, ABŞ İrana qarşı müharibəyə başlasa, Rusiya və Çin rəsmi Tehrana ən azı gizli şəkildə yardım edəcək. Çünki adıçəkilən ölkələr ABŞ-ın zəifləməsində ciddi şəkildə maraqlıdırlar.


İran isə Qərbə birmənalı şəkildə mesaj verir ki, ya Hörmüz boğazı ətrafında olan bütün ölkələr neftini satacaq, ya da heç biri bunu edə bilməyəcək. Bu boğazın 2-3 günlüyünə belə sıradan çıxması dünya neft bazarında təlatüm deməkdir.
Soruşula bilər ki, Hörmüz boğazının Qarabağ münaqişəsinə nə dəxli var? Məncə, var. Söhbət ondan gedir ki, Qarabağ de-fakto ermənilərin nəzarətindədir. Onlar həmin ərazilərdə nə istəyirlər, onu da edirlər. Suriyadan gələn ermənilərin və kürdlərin orada məskunlaşması üçün ciddi işlər görürlər. Turistlərin Qarabağa səfəri adi hal alıb. Hava limanı tikiblər. İrəvandan Xankəndinə təyyarə uçuşları təşkil etməyin bir addımlığında dayanıblar. Nikol Paşayan intensiv şəkildə Dağlıq Qarabağa gəlib-gedir. Əsgərlərlə birlikdə badə qaldırır, yallı gedir. Robert Köçəryanın gəlini Çıdır düzündə şəkil çəkdirib sosial şəbəkələrdə yayır. Yəni düşmən qorxusuz-ürküsüz şəkildə Qarabağda kef edir. Mən jurnalist kimi ATƏT-in xətti ilə təqribən 20 il əvvəl Xankəndində və Şuşada olmuşam. Yerli adamlarla söhbət etmişəm. Biri vardı, Avstraliyadan gəlib Xankəndində hotel tikmişdi. Biz elə həmin hoteldə gecələdik. O, məndən soruşdu ki, siz gələndə mənim hotelimin taleyi necə olacaq? Yəni insanların içində narahatlıq vardı. İndi o narahatlıqdan əsər-əlamət qalmayıb. Və bu, çox pisdir. İşğal altında olan ərazilərdə ermənilər özlərini iynə üstündə oturmuş birisi kimi narahat hiss etməlidir.


Baxın, baş naziri Nikol Paşinyan 2018-ci ilin 8 mayından etibarən Ermənistana rəhbərlik edir. O, uzun müddət Ermənistanda iqtidarda olan “Qarabağ klanı”nı devirməyə nail oldu. İqtidara xalq etirazı üzərindən Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid etməklə gəldi. Rusiya yanlısı olan Serj Sarkisyan istefa verməyə vadar etdi.

Bir ildən çoxdur Paşinyan iqtidardadır. Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı yenilik varmı? Yoxdur. Əksinə, vəziyyət daha da pisləşib. Ermənistan rəhbərliyi birmənalı şəkildə deyir ki, Azərbaycana “bir qarış torpaq da verməyəcəyik”. Bu isə o deməkdir ki, sülh danışıqları iflasa uğrayıb və Azərbaycan işğal altında olan ərazilərini düşməndən təmizləmək üçün müharibəyə başlamalıdır. Ancaq müharibəyə başlaya bilmirik. Düzdür, dost da, düşmən də etiraf edir ki, Azərbaycanın hərbi potensialı Ermənistandan müqayisəyə gəlməyəcək dərəcədə güclüdür. Digər önəmli faktor isə döyüş ruhudur. Bu baxımdan da düşməndən kəskin şəkildə öndəyik. Ramil Səfərov və Mübariz İbrahimov amili sınma nöqtəsi oldu və psixoloji üstünlük birdəfəlik Azərbaycan Ordusuna tərəf keçdi. Belə bir ordu qısa zaman kəsiyində ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Amma və lakin Azərbaycan müharibəyə başlaya bilmir. Niyə? Çünki beynəlxalq şərait bunun üçün uyğun deyil. Bunu yaxşı bilən Nikol Paşinyan qıcıq doğuran kəskin ifadələrdən geninə-boluna yararlanır. Aşkar şəkildə Azərbaycanı müharibəyə təhrik etməyə çalışır. Təbii ki, Azərbaycan tərəfi Ermənistan üçün münasib olan bir ortamda müharibəyə başlaya bilməz. Bu, bağışlanılmaz səhv olardı. Müharibədən başqa yolumuz yoxmu? Var və bu barədə dəfələrlə deyilib, yazılıb, müzakirələr keçirilib. Klassik “nə etməli” sualının cavabı bəllidir. Bəli, Qarabağda partizan müharibəsi-nədən olmasın?

Bəzi dostlarımız deyir ki, Qarabağda partizan müharibəsi aparmaq mümkün deyil. Niyə? Çünki ermənilər işğal etdikləri ərazilərdə etnik təmizləmə siyasəti aparıb. Doğrudur. Ancaq əhali yaşamayan ərazilərdə partizan müharibəsi aparılması ilə bağlı tarixə onlarla nümunə məlumdur. O da aydındır ki, Azərbaycan dövləti üçün Qarabağda partizan hərəkatının olması son dərəcə faydalıdır. Bu, Azərbaycanın əlində əlavə arqument olardı və erməniləri danışıqlar masasına tərəf sürükləyərdi.

Yuxarıda qeyd etdiyim kimi, biz etiraf etsək də, etməsək də bu müharibə həm də xristian-müsəlman müharibəsidir. Biz etiraf etsək də, etməsək də, bu müharibə təkcə Ermənistanla Azərbaycan arasında getmir. Regional güclərdən tutmuş beynəlxalq güclərə qədər hər kəs bu müharibəndən öz xeyrinə yararlanmağa çalışır. Azərbaycan bütün bu ziddiyyətlərin içərisində ən optimal variantı seçməlidir. Partizan müharibəsi əslində müharibənin qeyri-rəsmi forması kimi bizim üçün önəm daşıyır. Çünki rəsmi müharibə etmək imkanımızın qarşısına sədd çəkilib...


Sirr deyil ki, dindar soydaşlarımızın bir qrupu Suriya, Əfqanıstan kimi ölkələrdə vuruşur. Onların çoxu Qarabağ problemini xristian-müsəlman davası hesab edir və əmindirlər ki, xristian təəssübkeşliyi olmasaydı, ermənilər heç Azərbaycana qarşı müharibəyə cəsarət etməzdi. Yəni Azərbaycanda Qarabağa görə vuruşmağa hazır olan ən azı dinçi və millətçi qruplar var.

Partizan hərəkatı Qarabağ müharibəsinin taleyini dəyişə bilərmi? Şübhəsiz ki, bu, mümkündür. Napoleon Bonapart kimi imperatoru partizan hərəkatı bitirdi. Məhz onun zamanında ispan dilindən gələn “Gerilla” sözü (kiçik müharibə anlamında) peyda oldu. Napoleona qarşı ən güclü partizan hərəkatları İspaniya və Rusiyada həyata keçirilirdi. Hitler Almaniyasının məğlubiyyətində partizanların rolunu kim dana bilər ki? Əfqanıstanda mücahidlər Sovet İttifaqının yaman günə qoydu. NATO-nu və Amerikanı çıxılmaz vəziyyətdə buraxdı.

Çin generalı Sun Tzu bizim eradan əvvəl VI əsrdə yazdığı “Müharibə sənəti” adlı əsəri indi də çox populyardır. Həmin əsərdə partizan müharibəsinin üstünlükləri parlaq şəkildə öz əksini tapıb. Hətta Incil, Quran kimi müqəddəs səmavi kitablarda kiçik dəstlərin böyük ordulara qarşı apardığı uğurlu döyüşlər haqqında məqamlar var. Ümumiyyətlə, dünyanın dörd tərəfində partizan müharibələri gedib və ciddi nəticələrə nail olub.


Mehdi Hüseynzadə kimi əfsanəvi partizana sahib olan millət indi nədən partizan müharibəsi aparmasın? Və ya nədən Kəşfiyyat Diversiya Qrupları düşməni lərzəyə sala biləcək hərbi əməliyyatlar keçirməsin?

Dilqəm Əsgərovla Şahbaz Quliyev Dağlıq Qarabağa getmirdimi? Gedirdi. Sədəsə, onlar silahsız getmişdi. İndi isə Dağlıq Qarabağa silahla getmək istəyənlərə şərait yaratmaq lazımdır...



Elbəyi HƏSƏNLİ, SÜRİX












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.