Bankların əməkdaşlıq etdiyi agentliklər borcluları aldadırlar - Bakının qanuni "reket"ləri
11-11-2015, 12:43
Neftin qiyməti düşəndən və devalvasiya baş verəndən sonra problemli kreditlərin artması banklara və qeyri-bank kredit təşkilatlarına da təsir edib. Bu müəssisələr maliyyə çətinlikləri ilə üzləşib. Nəticədə ixtisarlar aparılıb, filiallar bağlanıb, bəzi xərclər azaldılıb.
Bir sıra təşkilatlar bu tədbiləri müxtəlif cür izah etsələr də, bəzi kommersiya təşkilatları bunu xərcləri azaltmaq, maliyyə çətinliyi dövründə rəqabətlilik qabiliyyətini qoruyub-saxlamaq üçün etdiklərini də etiraf ediblər.
Həqiqətən də, Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərində aylar ərzində banklara qoyulan əmanətlərin sayında da azalmanın müşahidə olunduğunu sübut edir.
Bütün baş verənlərin fonunda banklarda problemli kreditlərin məbləği də artıb. Nəticədə kreditlərin toplanmasında çətinliklərlə üzləşən bəzi banklar bunun üçün müxtəlif təşkilatlara, daha dəqiq desək, kollektor agentliklərə müraciət edib.
Lakin burada bir məqam var ki, bunu məhz banklar nəzərə almalıdırlar. Çünki müştəri haqqında məlumat bank sirridir və bank bu məlumatları heç bir halda üçüncü tərəfə ötürə bilməz.
Buna baxmayaraq kollektor agentliklər bank müştərilərinin kredit tarixçələrinə, ümumiyyətlə, onlar haqqında bankda olan məlumatları əldə edə bilirlər. Bununla yanaşı insanları aldadaraq özlərini tam fərqli, müxtəlif formalarda təqdim edirlər.
Bəzən müştəriyə respublika daxili borcların yığılması ilə bağlı müraciət edildiyi deyilir. Bəzən isə kollektor agentlər özlərini bank əməkdaşları kimi təqdim edir, borcluları "yeni asanlaşdırılmış" şərtlərin müəyyənləşdirilməsi üçün agentliyə dəvət edirlər.
Lakin kredit götürən gəldikdə onu kredit ödəməyə məcbur etməyə çalışırlar. Buna nail olmadıqda borclunu məhkəməyə verməklə, həbs etdirməklə hədələyirlər.
Mərkəzi Bankda Ümumi qanunvericilik şöbəsinin keçmiş rəisi, hüquqşünas Əkrəm Həsənov ANS PRESS-ə açıqlamasında bu haqda danışıb.
Əkrəm Həsənov - hüquqşünas
O qeyd edib ki, istər banklar haqqında qanunda, istərsə də mülki məcəllədə müştəri haqqında məlumat bank sirridir.
Onun sözlərinə görə, kollektor şirkətin bank müştərisindən nə isə tələb etmək, onun evinə getmək, iş yeri ilə əlaqə saxlamaq, onu məhkəməyə vermək hüququ yoxdur.
"Kredit götürəni yalnız bank məhkəməyə verə bilər. Digər təşkilatlar isə bunu yalnız bankdan verilən etibarnamə əsasında edə bilərlər", - deyə o bildirib.
Onu da deyək ki, kollektor agentlikləri Azərbaycanda yeni olsa da dünyanın bir sıra ölkələrində bu şirkətlərin xidmətindən geniş istifadə edilir. Həmin ölkələrdə də bəzi hallarda agentlər borc tələb edərkən eyni üsullardan - təhdid və qorxutmaqdan istifadə edirlər.
Hərçənd ki, dünya təcrübəsində kollektor agentliklər müəyyən çərçivələr daxilində fəaliyyət göstərirlər. Məsələn, qonşu Rusiyada onlar borclularla yalnız iş günlərində və iş saatlarında əlaqə saxlaya bilərlər.
Bundan başqa agentlər insanlarla danışarkən yalnız qanun çərçivəsində danışmalıdırlar - onların insanları təhdid etmək, qorxutmaq hüququ yoxdur. Əgər bu hallar baş verərsə, insanlar bu haqda rahatlıqla hüquq-mühafizə orqanlarına, məhkəməyə şikayət edə bilərlər.
Eyni zamanda əgər kredit borcu olan şəxslə telefon və ya şifahi əlaqə saxlayıb borc tələb edirlərsə, insanlar agentlərdən çəkinməməli, qorxmamalıdırlar. Sadəcə onlardan bəzi sənədləri tələb etməlidirlər. Bunlar agentliyə borc tələb etmək hüququ verən lisenziya, borcun, cərimələrin, faizlərin və s. kredit haqqında məlumatın olduğu sənədlərdir.
Ümumiyyətlə isə təkcə banklar deyil, borc alan və krediti ödəməkdə çətinlik çəkən müştərilər də öz haqlarını tələb edə bilərlər. Onlar bank sirri pozulduğuna görə məhkəməyə, Mərkəzi Banka, İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.
İnsanlar xüsusilə sonuncuya - İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməklə öz istehlakçı hüquqlarının pozulmasından şikayət edə, qurumdan bununla bağlı tədbirlərin görülməsinə nail ola bilərlər.