Prezident hakim komandanı dəyişir - Gəlişmə...
16-11-2015, 11:18
Prezident İlham Əliyevin son bir ayda iki naziri işdən çıxarması, antikorrupsiya həbslərinin yeni dalğasının başlaması ölkə ictimaiyyətinin bütün diqqətini iqtidar komandasında baş verənlərə yönəldib. Siyasi proseslərə təsir imkanları minimal olsa da, son parlament seçkilərində qələbəsini elan etmiş hakim Yeni Azərbaycan Partiyasının (YAP) baş verənləri cəmiyyətə real olaraq izah etməyə cəsarəti çatmır, yalnız “prezidentin səlahiyyətlərinə daxil olan məsələyə şərh vermirik” deyərək, bir-iki əlavə cümlə ilə işlərini bitmiş sayırlar.
YAP-ın siyasi nəbzini bilən Siyavuş Novruzovun Eldar Mahmudov nazir postundan uzaqlaşdırıldıqdan sonra hakimiyyətə yaxın deputatların sərt danışmasına “mollalıq etməsinlər” deməsi hakim partiyanın tutduğu mövqeyi əsaslı şəkildə ortaya qoymuş oldu: YAP siyasi hakimiyyətdə ciddi kadr dəyişikliyini arzu etmir, işdən çıxarılanlara korrupsiyaçı, cinayətkar deyilməsini həzm edə bilmir, “müxalifət mətbuatı yenə qızışacaq” düşüncəsi ilə hətta bu dəyişiklik prosesindən özlərinə təhlükə görüb çəkinirlər də...
Fikir verin, oktyabrın 17-dən üzü bəri iqtidarın faktiki həm də təhlükəsizlik naziri olan Eldar Mahmudovun, hakim partiyanın Siyasi Şurasının üzvü Əli Abbasovun işdən rüsvayçılıqla qovulmasına YAP-ın ortaq reaksiyası-bəyanatı belə yoxdur. Halbuki Rusiyada Putinin partiyasında bu kimi həbslər gerçəkləşəndə-qubernatorlar, merlər qandallananda “Vahid Rusiya” funksionerləri günlərlə bu mövzunu açıq müzakirə edir, bəzən rüşvətxor məmurların ifşa proseslərini özləri başlayırlar.
YAP tarixində ilk dəfə deyil bu situasiya ilə üzləşir, ortada Fərhad Əliyev, Əli İnsanov, Gülər Əhmədova nümunəsi var. Fəqət, bu dəfə onlar fərqindədirlər ki, neft pullarının azaldığı, iqtisadiyyatın idarəedilməsində çətinliklərin yarandığı, sosial problemlərin artdığı, Qərblə bir çox məsələlərdə yol ayrılığı, Rusiyanın Azərbaycanla bağlı min bir oyun qurduğu şəraitdə bu kimi dəyişikliklər çox risklidir. Bu səbəbdən də aydın görünür ki, prezidentin partiyası bütün məsuliyyəti prezident İlham Əliyevin üzərinə qoyaraq həyəcanla bu “fırtınanın” nə zaman bitəcəyini gözləyirlər. Fırtına isə yeni başlayıb...
***
Hakim komandada mümkün dəyişiklik barədə hələ yay aylarından əvvəl də danışılırdı. Çünki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb, hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilmir ki, 2016-cı il üçün qəbul olunmuş büdcə bunu faktiki təsdiqlədi. Yeni siyasi-iqtisadi şərait isə daha rasional komandanın formalaşdırılmalısını, qeyri-neft sektorunu, xüsusilə sahibkarlığın inkişafını sürətləndirə biləcək islahatlar aparılmasını zəruri edir.
Amma bu keçid mərhələsi göstərdi ki, yeni iqtisadi şəraitdə “aşağılar” əvvəlki qaydalarla yaşamaqda davam etsə də, “yuxarılar” daha çox pay uğrunda didişmədən vaz keçmək istəmirlər. Prezident son aylar keçirdiyi müşavirələrdə komandasına yönəlik tənqidləri hər dəfə artırması, sonra daha sərt ifadələr seçməsi, nəhayət “heç kim toxunulmaz deyil, cəzalandıracam”deməsi “yuxarılardakı” əhval-ruhiyyəni göstərirdi.
“Biz liberal iqtisadiyyat modelini, bazar iqtisadiyyatı yolunu seçmişik. Biz bu yolla gedirik və görün nə qədər uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar, yoxlamalar, rüşvətxorluq, lisenziyalar, haqq qoymaq olmasaydı, biz nə qədər böyük uğurlar əldə edərdik, büdcəmiz nə qədər artardı. Nə qədər buna dözmək olar? Artıq qurtardı, hövsələm yoxdur! Hər kəs nəticə çıxartsın. Nəticə çıxartmasa, cəzalandırılacaq”. Prezidentin oktyabrın 12-də keçirdiyi sonuncu müşavirədəki çıxışında səlahiyyətləri xeyli azaldılmış, “müalicədə olan” Ziya Məmmədovdan başqa bütün nazirlər, eləcə də Eldar Mahmudovla Əli Abbasov da iştirak edirdi. Amma yəqin heç kimin ağlına gəlməzdi ki, prezident bir həftə sonra milli təhlükəsizlik nazirini işdən çıxaracaq, MTN-də ölkəni silkələyən həbslər başlayacaq. Sonra digər nazirliklərdə rəhbər şəxslər qandallanacaq, dəyişiklik ruzigarı ölkənin “ən fağır naziri” hesab olunan Əli Abbasovu da rahat kabinetindən didərgin edəcək.
Həm E.Mahmudov, həm Ə.Abbasov 11 illik nazirlər idi, hər ikisi 2004-cü ildən yüksək post tuturdu.11 rəqəminin “sonu” simvolizə etdiyi aydındır. Amma bu dəyişiklik son deyil, bəlkə də başlangıcdır.
***
Azərbaycandakı indiki vəziyyət bir az da qədim döyüş səhnələrini xatırladır: tamaşaya yığılmış xalq baş barmağının işarəsi ilə məğlub döyüşçünün öldürülməsini, ya da bağışlanılmasını istəyir. Görünən odur ki, barmaq işarəsini aşağı endirənlər (“öldür!”) indi daha çoxdur. Xalq həm də dünənin məğlubedilməz, adamları incidən, soyan və söyən “döyüşçülərin” əfv üçün sürünməsini, ifşasını böyük zövqlə izləyir.
Ölkənin gündəmi dəyişib, diqqət prezidentə yönəlib və hamı bu dəyişikliklərin davamını istəyir. Bu, hakimiyyət üçün bəzi müxaliflərin iddia etdiyi kimi, quraşdırılmış tamaşa deyil. Çünki dəyişikliklər komanda daxilində gərginliklər yaradacaq, işdən çıxarılan nazirlərin əlində sərvət toplamış ətrafı da narazı qalacaq. Hələ daha köklü budaqlar silkələndikcə, siyasi səhnəyə bəlkə də “pullu müxalifət” də çıxacaq. Amma bunların heç biri hakimiyyəti təhdid edəcək səviyyədə ola bilməz. Situasiyanı xəbərdarlıqlardan nəticə çıxarmayan, yeni dövrün diktə etdiyi qənaət və vicdan normaları ilə uyğunlaşmayan, “daha çox yeyək, daha çox oğurlayaq” devizi ilə vəzifə tutanlar təhlükəli məcraya yönəldirlər. Bu situasiyanın qarşısını almaq mümkün olmazsa, hakimiyyət də, elə Azərbaycan da əldən gedər. Vəziyyəti isə hamıdan yaxşı bilən və görən prezidentdir.
***
Hakim komandada ciddi dəyişiklikləri zəruri edən əsas amillərdən biri də YAP-ın hələ də radikal damğası ilə tanıtdığı müxalifətin... yoxluğudur. Məntiqlə əksinə olmalı, iqtidar güclü müxalifət səbəbindən dəyişikliklərə meyilli olmalı idi. Amma müxalifət siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra dövlət başçısı müxalifət funksiyasını da icra etməkdədir. O, komandasını müxalifət adından danışanlardan daha sərt tənqid edir, işlərini düzəltmək sürəci verir və cəza tədbirləri görür. Nəinki daxili məsələlərdə müxalifətin tələblərini, hətta xarici dövlət başçılarının xahişlərini eşitməkdən xoşlanmayan prezidentə, görünür ki, belə işləmək daha rahatdır...
Kadr dəyişikliklərini zəruri edən daha bir ciddi səbəb Qərblə Azərbaycan hakimiyyəti arasında problemlərin 2015-ci ildə daha da dərinləşməsidir. 2015-ci ildə Azərbaycan hakimiyyəti Qərbin total olaraq ciddi tənqid hədəfi oldu, Amerika ilə münasibətlərdəki gərginlik səngimədi, Avropa institutları (Avropa Parlamenti, ATƏT) ilə qarşıdurma daha da şiddətləndi.
YAP onları söymək və tənqid etmək yarışında önə çıxdı, amma bunlarla gerçəkliyi dəyişmək olmaz. Qərb Azərbaycan hakimiyyətini sıxdıqca Rusiya yaranmış fürsətdən istifadə edir, Azərbaycanın bütün sahələrinə əl qoyur, özünü dost kimi sırıyır. Qərblə qarşıdurma, Rusiya ilə xoş olmayan yaxınlaşma davam etdikcə hakimiyyətin yalnız bir optimal yolu qalır: daxildən real olaraq güclənmək, siyasi islahatlara başlamaq və ölkəni qarşıdakı çətin dövrə hazırlamaq.
Prezident İlham Əliyevin son aylar atdığı siyasi, sosial və iqtisadi addımlarının, fərman və sərəncamlarının politoloji izahı budur. Prezident “xalq arasında olan” YAP nomenklaturasından fərqli olaraq, bu təhlükəni daha yaxşı görür və o səbəbdən məsələdə “vəssalam” deyəcək qədər qərarlı görünür.