Ermənistanla İtaliya birgə mafiya qalmaqalında
17-11-2015, 21:32
Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan başa düşülməyən formada, qlobal silah ticarəti adı altında Avropa İttifaqına üzv dövlətlərin Yerevandakı səfirləri ilə görüşüb. Bu görüş barədə əlavə məlumat verilməsə də, İtaliya KİV-də yer almış məlumat Ermənistanın hansı səbəbdən təşviş içərisində olduğunu aşkara çıxardı.
teref.az yazır ki, Dailykarabakh-ın məlumatına görə, son günlər İtaliyanın aparıcı kütləvi informasiya vasitələrində qanunsuz silah alveri ilə bağlı bir ildən artıq davam edən istintaq diqqət mərkəzindədir.
İstintaqın məqsədi Somali, Ermənistan, Kot d`İvuar, İraq, Liviya, Nigeriya, İran, Cənubi Sudan və Anqolaya qanunsuz olaraq mülki və hərbi vertolyotlar, digər texnika və silahların satışını araşdırmaqdır. İtaliya mətbuatının məlumatına görə, mülki istifadə adı ilə satılan vertolyotlar daha sonra göndərilən ölkədə yeni və işlənmiş vertolyotların satışı ilə məşğul olan İtaliyanın “Elicotteri Srl İtaliya” şirkəti tərəfindən hərbi məqsədlər üçün yenidən quraşdırılırdı.
Məsələ ilə bağlı İtaliyanın Mafiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılan təhqiqat çərçivəsində artıq 23 nəfər istintaqa cəlb edilib. İstintaqa cəlb olunan əsas şəxslər “Elicotteri Srl İtaliya” şirkətinin rəhbəri Andrea Pardi və İtaliyanın Ermənistanda son zamanlara qədər səfiri olmuş, hazırda isə Ermənistanın İtaliyada lobbiçilərindən biri olan Bruno Skapini hesab olunur.
İstintaqın ilkin nəticələrinə əsasən qanunsuz silah satışı çərçivəsində Ermənistana çox yüksək qiymətə İtaliyanın “Agusta-Westland” şirkətinin istehsal etdiyi 4 döyüş vertolyotu satılıb.
İstintaqla bağlı İtaliyanın müxtəlif regionlarında - Veneto, Abrutso, Kampaniya, Friuli-Venesiya-Culia, Latsio, Liquriya, Lombardiya, Molize, Piemonte, Siciliya və Toskanada polis axtarışları davam edir.
İtaliya mətbuatının yazdığına görə, həmin istintaq çərçivəsində Neapol şəhərində qanunsuz silah alveri və muzdlu döyüşçülərin təşkili məsələsi ilə bağlı araşdırma başlayıb. İstintaq zamanı orada fəaliyyət göstərən "Casalesi" mafiya klanının muzdlu döyüşçülərə təlimlərin keçirilməsi və onların dünyada mövcud olan münaqişə bölgələrinə göndərilməsi, həmçinin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu aşkar olunub.
Hadisə İtaliyanın aparıcı qəzeti olan “La Repubblica” qəzetində, İtaliyanın əsas televiziya kanalı olan “Rai” kanalında və digər KİV-lərində son günlər öz əksini tapıb. “Rai” kanalının Milena Qabanellinin aparıcısı olduğu “Report” proqramında noyabrın 15-də məsələ barədə geniş reportaj nümayiş etdirilib və orada Ermənistanla aparılmış qanunsuz silah alveri əməliyyatından bəhs edilib.
Hazırda İtaliyanın gömrük və vergi qanunvericiliyinin pozulması ilə müşayiət olunan və beynəlxalq mütəşəkkil cinayətkar qruplar vasitəsilə adıçəkilmiş İtaliya şirkətinin həyata keçirdiyi qanunsuz silah alveri zamanı münaqişə bölgələrində terrorçu təşkilatlarla mümkün əlaqələr İtaliyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Ermənistanın bu kimi qanunsuz silah ticarətinin əsas məntəqəsi olması heç kimi sirr deyil. Beynəlxalq silah qaçaqmalçılığına cəlb olunan kriminal qruplaşmaların Azərbaycanın işğal edilmiş ərazilərindən də istifadə etməsi barədə dəfələrlə məsələ qaldırılıb. "Wikileaks" sənədlərində Ermənistan Müdafiə Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə Bolqarıstandan silahların qanunsuz olaraq alınması və sonradan onun İraq cəbhəsində terrorçu qruplara ötürülməsi barədə faktlar var. Hətta tank əleyhinə silahlardan biri ilə İraqda ABŞ tankı vurulmuşdu. Bundan sonra ABŞ hökuməti Ermənistan qarşısında ciddi tələblər qoymuşdu.
İtaliya mafiyası ilə əməkdaşlıq da Ermənistanın bu kimi qanunsuz əməllərinin bir hissəsidir.
Xatırlatmaq istərdik ki, Avropa İttifaqı daxilində ixraca nəzarət rejimi üzrə vahid qaydalar var. Bu qaydalara əsasən münaqişə tərəfi olan Azərbaycan və Ermənistana silah satışı qadağandır. Bundan əvvəl Böyük Britaniya və Fransa şirkətlərinin də Ermənistana silah satması faktları aşkar edilmişdi. İndi İtaliya hökuməti Avropa İttifaqı qaydalarının ziddinə olaraq bu silahların münaqişə tərəfi olan Ermənistana necə getməsinə də cavab verməlidir.