Məhkəməyə oyuncaqla gəldi, qəribə hərəkətlər etdi - Suriyaya 500 min dollar göndərməkdə ittiham edilir

9-08-2019, 16:51           
Məhkəməyə oyuncaqla gəldi, qəribə hərəkətlər etdi - Suriyaya 500 min dollar göndərməkdə ittiham edilir
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fərhad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin növbəti dəfə hazırlıq iclası keçirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilənlərdən Sahil İbrahimov və Namiq Məmmədovun vəkili Janna Bağırova cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istəyir.

Hakim isə bildirib ki, hər iki şəxsin ifadələri arasında ziddiyyətlər var. Vəkil bildirib ki, işlə tanış olan zaman ziddiyyəti aşkar edərsə, onlardan biri ilə müqavilə bağlayacaq.

Məhkəmədə diqqət çəkən məqam təqsirləndirilənlərdən İlqar Ağayevin davranışları olub. Onun anlaqsız olması haqda ötən məhkəmədə vəkili tərəfindən məlumat verilmişdi. Bu gün baş tutan məhkəmə iclasında məlum olub ki, İlqar Ağayev hazırda müalicə müəssisəsində saxlanılır. O, məhkəmə zalına gətirilən zaman əlləri qandallı olub. İlqar məhkəmə prosesinin gedişatında əlində olan narıncı rəngli topa bənzər oyuncaqla oynayıb. O, konvoy əməkdaşlarından oyuncağının saatının işləmədiyini deyib və kömək istəyib. O deyib ki, saatı düzəltdirmək lazımdır.

"Bu məndə çoxdan var. İndi işləmir. Heç cür mümkün deyil ki, düzəldək?"- deyə İlqar konvoy əməkdaşlarına sual edib.

Məhkəmə prosesi boyunca İlqar gözünü oyuncağından çəkməyib, hətta hakimlər zala gələndə belə ayağa qalxmayıb.

Məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edilən şəxslər barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən kompleks araşdırmalar zamanı Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb.

Məlumata görə, Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlu və digərləri 2017-ci ilin oktyabr ayından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin ediblər.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.