Ramil Səfərov tutulanda həbsxanada ona yardım edən qaçaq OMON-çu kimdir?

15-08-2019, 23:04           
Ramil Səfərov tutulanda həbsxanada ona yardım edən qaçaq OMON-çu kimdir?
Tanınmış vəkil Adil İsmayılov Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərov haqda növbəti yazısını yazıb. Teref.az vəkilin "facebook" profilində tanınmış hərbiçi barədə yazdıqlarını təqdim edir:
MƏN NECƏ OPERATOR OLDUM

Bu yazını məhkəmə prosesində baş vermiş və yəqin ki, mənim qədər sizləri də təccübləndirəcək bir olayla başlamaq istəyirəm. Məhkəmə iclaslarından birində dövlət ittihamçısı Veronika Kışş sədrə müraciət etdi ki, zalda məhkəməni müşahidə edənlərdən kimlərsə fotolar çəkir. Onun fikrincə prosesdə yalnız jurnalistlər bunu edə bilər. Bundan sonra sədrlik edən zalda şəkil çəkən azərbaycanlıdan jurnalist vəsiqəsini tələb etdi. Həmin şəxs jurnalist olmasını lakin vəsiqəsini oteldə unutduğunu dedi. Sədrlik edən zalda olan jurnalistlərin vəsiqələrinə baxdıqdan sonra bildirdi ki, məhkəmə prosesində yalnız jurnalist vəsiqəsi olan şəxslər çəkiliş apara bilərlər. Yazdıqlarım məhkəmənin iclas protokolunda öz əksini tapıb. Yəqin ki, nə vaxtsa bizim məhkəmələr də jurnalistlər üçün bu şəraiti yaradacaqlar.
Jurnalistlərdən söhbət düşmüşkən bir xatirəmi də paylaşım. Sonuncudan əvvəlki məhkəmə iclasında ANS-in təsisçisi Vahid Mustafayev iştirak edirdi. O, mənə dedi ki, Ramil Səfərovla müsahibə etmək istəyir, bu mümkündürmü? Vahidin xahişini Səfərovun vəkillərinə çatdırdım.Onlar hakimlə danışıb razılıq aldılar və həmin gün Mustafayev indi çoxlarınızın baxdığı müsahibəni etdi. Vahid Mustafayevin operatoru olmadığından həmin müsahibəni peşəkar kamera ilə mən çəkmişəm. Çəkilişdən qabaq Vahid mənə kameradan necə istifadə edəcəyimi başa saldı. Operatorluğum vəkilliyimə çatmasa da, məncə yazıçılığımdan pis alınmayıb.

DİDƏRGİN OMONÇUNUN ARZUSU

2006-cı ildəki məhkəmə proseslərində bir nəfər daim iştirak edirdi. Onun barəsində yazmağı özümə borc bilirəm. Həmyerlimiz olan bu şəxs məhkəmədən əvvəl mənə yaxınlaşıb özünü təqdim etdi. İdmançı bədən quruluşlu təxminən 35-40 yaşlı bu şəxsin danışdıqlarından məlum oldu ki, o vaxtı ilə macəra axtarışı ilə 20 yaşlarında Qazax OMONuna qoşulanlardan biri olub. 1995-ci ildə OMON hadisələrindən sonra Azərbaycanı tərk edib. 2003-cü ildə saxta pasportdan istifadə etdiyi üçün Budapeştdə həbs olunub. Ramil Səfərov həbs edilən vaxt onunla eyni həbsxanada, hətta eyni mərtəbədə imiş və Səfərova həbsinin ilk dönəmlərində əlindən gələn yardımı edib. Ramil mənə onun dediklərini təsdiq etdi. Vətənindən didərgin düşən 08 dekabr 1973-cü il təvəllüdlü həmin OMON-çu 25 ildir ki, qaçaqdır. Respublika Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində onun barəsində 57-ci maddə ilə cinayət işi başlanaraq axtarışa verilib. Mən vətənə qayıtdıqdan sonra bir neçə dəfə ona kömək etməyə çalışsam da prokurorluqla olan gərgin münasibətlərim buna imkan vermədi. Adının çəkilməsini istəməyən həmin şəxs bu yazını oxuyandan sonra məni aradı və çox xahiş etdi ki, mümkündürsə yazıda onun vətənə qayıtmaq və yaşlı valıdeynləri ilə görüşmək arzusunu müvafiq qurumlara çatdırım. Adının çəkilməsini istəməməsinin iki səbəbi olmasını dedi, bir özünü reklam etmək istəmədiyi, iki bundan sonra hüquqmühafizə orqanlarımızın ona kömək etmək əvəzinə tutulmasından ötrü daha intensiv hərəkətə keçəcəyindən ehtiyatlandığı üçün. Mən onun arzusunu paylaşdım. Bilirəm ki, səhifəm hüquq-mühafizə orqanları tərəfindən daim izlənilir. Onların həmyerlimizin arzusunu gerçəkləşdirmək üçün əməli addımlar ataçağına ümidim var. Beləcə bu yazımın da bir vətəndaşımıza faydası olardı...
Davamı olacaq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.