RAMIL SƏFƏROVLA SONUNCU GÖRÜŞÜMÜZ - HEKAYƏNİN SONU

15-08-2019, 23:27           
RAMIL SƏFƏROVLA SONUNCU GÖRÜŞÜMÜZ -  HEKAYƏNİN SONU
Tanınmış vəkil Adil İsmayılov Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərov haqda növbəti yazısını yazıb. Teref.az vəkilin "facebook" profilində tanınmış hərbiçi barədə yazdıqlarını təqdim edir:
RAMIL SƏFƏROVLA SONUNCU GÖRÜŞÜMÜZ HEKAYƏNİN SONU

Nəhayət hamının səbirsizliklə və həyəcanla gözlədiyi gün gəldi. 13 aprel 2006-cı ildə Ramil Səfərov barəsində hökm oxundu. Hakimin oxuduqlarını mənə Anadolu ajansının Budapeştdəki təmsilçisi türk dilinə tərcümə edirdi. Nə cəza verildi sualıma adam mühebbet verdilər abi dedi . Mühebbet nədi soruşanda isə ömrünün sonuna kimi həbsxanada olacaq dedi. Vəziyyətimi təsəvvür edə bilərsiniz. Hakimin məhkəmə boyu davranışı bunun əksindən xəbər versə də mən həqiqətən son dəqiqəyə kimi Səfərova ömürlük həbs cəzası veriləcəyi fikrini yaxın qoymamağa çalışırdım. Bu bizim Ramil Səfərovla sonuncu görüşümüz oldu.
Bakıya qayıdanda məni növbəti sürpriz gözləyirdi. Ramilin atası iş yerimə gəlib üzrxahlıq etdi və ona vəkillikdən kənarlaşdırılmağımın məsləhət görüldüyünü dedi. Məsləhətli don gen olar və haqqımı halal edirəm deyərək həmin gündən sonra bu işdən uzaqlaşdım. Məndən imtinanın səbəbini başa düşmək üçün o dövrdəki fəaliyyətimə nəzər yetirsəniz kifayətdir. 2005-ci iin martında Hacı Məmmədov, iyulunda Zakir Nəsirov həbs edilmişdilər, bu işdə Zakir Nəsirovun və paralel olaraq oktyabr ayından dövlət çevrilişinə cəhd işində təqsirləndirilənlərdən adının çəkilməsini istəməyən birinin vəkili idim. 2006-cı ilin mayında Zakir Nəsirovun işi məhkəməyə getdi. Həmin işlərdəki prinsipial mövqeyim bəzilərinin xoşuna gəlmirdi. Maraqlıdır ki, o vaxt apardığım bütün işlərdə mənə qarşı təzyiqlər vardı, eyni zamanda müdafiə etdiyim şəxslərə də məndən imtina etmələri üçün təzyiqlər olurdu, bu proses müəyyən fasilələrlə bu günə kimi də davam edir. 2005-2006-cı ildə iki dəfə baş prokurorun birinci müavini, bir dəfə isə özü mənim VK-dan uzaqlaşdırılmağım üçün VK-ya təqdimatlar göndərdilər. Bu az qala mənim vəkillikdən uzaqlaşdırılmağımla nəticələnəcəkdi.
Şərhlərdə səslənən sualları ümumiləşdirib cavab olaraq deyim ki, mən bu müddət ərzində 11 dəfə , bundan 4 dəfəsini öz vəsaitim hesabına Budapeştə getmişəm və hər dəfə Ramil Səfərovla görüşmüşəm. 23 noyabr 2004-cü, 8 fevral,10 may,27 sentyabr, 15 dekabr 2005-ci və 7 mart, 4 aprel, 13 aprel 2006-cı illərdə məhkəmə iclaslarında iştirak etmişəm. Ramil Səfərovun həbsindən sonra pul yığılmasından məlumatım olsa da cəmi nə qədər pul yığılmasından və hara xərclənməsindən xəbərim yoxdur. Bu işlə bağlı Ramil Səfərovun ailəsindən və heç bir iş adamından pul istəməmişəm və almamışam, əslində pul verən də olmayıb. Verən olsa bəlkə də götürərdim. Bu işdə yardımçı olan insanlar çox olub, söhbət maddiyatdan getmir, hər birinə minnətdaram.
Mən vəkillikdən uzaqlaşandan sonra məlum oldu ki, Ramil Səfərovun müdafiəsinə Azərbaycandan iki tanınmış vəkil qoşulub. Bunlardan biri Azərbaycan Vəkillər Kollegiyasının sədri rəhmətlik Azər Tağıyev, o biri isə VK-nın Rəyasət Heyətinin üzvü , hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan İkram Şirinov idi. Mənim üçün çox qəribə idi ki, İkram Şirinov az müddət öncə Rəyasət heyətində mənim vəkillikdən çıxarılmağım təklifini verəndə VK RH-nın 9 üzvündən 8-i lehinə səs vermişdi, bir nəfər əleyhinə səs verən isə Azər Tağıyev idi. ( Bu iclas barədə də nə vaxtsa yazacam).
2007-ci il fevralın 22-də Budapeşt Apellyasiya Məhkəməsində Ramil Səfərovun ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair Budapeşt məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə baxıldı və hökm dəyişdirilmədən saxlanıldı. Müdafiə tərəfi nəyə görəsə bu qərardan kassasiya şikayəti vermədi. Beləliklə, Səfərov 2012-ci ilin avqust ayına kimi həbsdə qaldı. 31 avqust 2012-ci ildə Səfərov Azərbaycana ekstradisiya olundu və həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edildi. Bu barədə fikirlərimi FB-də və KİV-lərdə ətraflı paylaşmışam. Kim istəsə tapa bilər.
Sentyabrın 2-də mən gözaydınlığı vermək üçün Biləcəriyə onların evinə getdim. Mən gələndə Ramil və atası evdə deyildilər, tanıdığım başqa kimsə də yox idi.. Məlum oldu ki, Müdafiə Nazirliyinə gediblər. Bir qədər oturub oranı tərk etdim.
Arada özümə sual verirəm ki, zaman geri qayıtsa oxşar situasiyada yenə də eyni cür davranardımmı? Cavabım tərəddüd etmədən “HƏ” olur. MƏN hər nə edirəmsə özümə görə edirəm, etmişəm və bundan sonra da edəcəm. Bu işdə iştirak etmiş üç yəhudi barədə yazdıqlarımı bir daha oxumanız məsləhətdi, bəlkə nə vaxtsa hakim haralıdı sualı vermək ağıla da gəlməyəcək, didərgin vətəndaşlarımız vətənə dönəcək . Məndən bu qədər. Həyat prinsiplərim və peşə etikasının imkan verdiyi çərçivədə bu iş barədə xatirələrimi faktları təhrif etmədən paylaşdım. Qiymət vermək sizlikdi. Ola bilsin nə vaxtsa insanlar bir-birinin kitabını oxumağa başlayanda xatirələrimi kitab şəklinə salacam.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.