İrandan gələn tabutlar və ya evdən kənarda hər şey yaxşıdırmı... - PROBLEM
30-11-2015, 15:18
...Ötən həftə azərbaycanlı gəncin İranda cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişməsi ilə bağlı məlumat yayıldı.
Bundan əvvəl isə Maştağa sakini, 9 yaşlı Asim Məmmədovun İranda müalicə aldığı xəstəxanada ölməsi ilə bağlı xəbər verilmişdi.
Dünyanın istənilən ölkəsində cərrahiyyə əməliyyatı zamanı ölüm mümkündür və heç kim bundan sığortalanmayıb. Buna görə də belə məlumatlar ağrılı olsa da təəccüblü deyil.
Amma məsələnin maraqlı məqamları var. İran tərəfi nədənsə müalicə məqsədilə ölkəsinə gedən və tabutu qayıdanların sayı ilə bağlı açıqlama vermək istəmir. Hətta qonşu ölkənin mətbu orqanları ötən il İran xəstəxanalarında ölən azərbaycanlıların statistikası ilə bağlı məlumatları təxribat adlandırmışdı. Halbuki müalicə üçün İranı seçən azərbaycanlıların statistikası (şişirdilmiş olsa da) açıqlanır, yaş qrupu belə göstərilir.
Biz hələ müalicəsi mümkün olmayan xəstəliklərə İranda möcüzə vədləri ilə bağlı iddiaları xatırlatmırıq...
Bu ilin əvvəlindən indiyədək ölkə mətbuatında İranda müalicə zamanı dünyasını dəyişənlərlə bağlı 17 məlumat verilib. Təəssüf ki, ölənlərin arasında azyaşlılar da var. Bu məlumatlar mətbuata yalnız ölən şəxsin qohumlarının açıqlaması və ya narazılıqlar zamanı bəlli olub.
Bundan əlavə, xəstəxanaya borclu olduğu üçün tabutu Azərbaycana gətirə bilməyənlərin yardım istəyi zamanı ölüm faktı işıqlandırılır. Halbuki il ərzində İrandan Azərbaycana daşınan tabutların sayı az deyil.
Bəs ağır xəstə olan azərbaycanlıları qonşu ölkəyə aparan səbəb nədir? Doğrudanmı Azərbaycanda müalicəsi mümkün olmayan xəstələr İranda şəfa tapır? Azyaşlıların bu ölkəyə aparılmasının səbəbləri ucuz müalicə istəyidirmi?
Virtualaz.org saytı bu suallara cavab axtarıb.
“Uşağa sətəlcəm diaqnozu qoydular, qorxduq ki...”
“Elmi-Tədqiqat Pediatriya İnstitutunda uşağa sətəlcəm diaqnozu qoydular. Qorxduq ki, qohumlar xəbər tutar, qız uşağıdır, gələcəkdə ailə qurması problem olar. Ona görə də uşağı yüksək hərarətlə İrana apardıq” - bunu Saray qəsəbəsində yaşayan Tamella Məmmədli deyir.
T.Məmmədlinin sözlərinə görə, onun qorxusu 14 yaşlı qızına “xəstə damğası” vurulması olub: “Ərdəbildə həkimə apardıq. Azərbaycanda aparılan müayinələrə baxmadılar. Yenidən müayinə etdirdik, sətəlcəm, yəni pnevmaniya diaqnozu təsdiqlədi. Həkim xəstəxanada yatmağı məsləhət bilmədi. Dərman yazdılar, geri döndük”.
Ana deyir ki, qəbul etdiyi dərmanlardan sonra da qızın vəziyyəti yaxşılaşmayıb: “Hərarəti düşmürdü, öskürürdü. Buna görə də xəstəxanada müalicəyə məcbur olduq. Çəkdiyimiz xərc bir yana, vəziyyəti bir az da pisləşmişdi”.
Hüseyn Kazımov isə oğlu Həsəni müayinə üçün İrana aparıb: “Uşaq əsəbi olmuşdu, üzünün ətrafında, qulağının dibində quruluq yaranmışdı, yaddaşı zəifləmişdi. Tez-tez baş ağrıları olurdu. Bakıda hərtərəfli müayinə etdirdik, qurd çıxdı. Amma inanmadım, çünki televizorda qurd dərmanı reklam edilirdi. Qurdun əlamətlərinə oxşamırdı. Uşaqda ciddi xəstəlik olduğunu düşündüm. Klinikaların birində də İrana aparmağı məsləhət gördülər. Həkim mənə iranlı həmkarının telefonunu verdi. Biz də həkimlə əlaqə yaradıb Təbrizə getdik”.
Təbrizdə Həsəndə dəri xəstəliyi olduğu bildirilib: “İranlı həkimlər dedilər ki, uşaq əsəbidir. Bir də üzündəki izlər dəmrovdur, bütün bədəninə yayılacaq. Hətta bizim həkimlərin savadsız olduğunu söylədilər. Təyin etdikləri dərmanları, mazları alıb geri qayıtdıq. Bir müddətdən sonra üzərindəki qızartılar azaldı. Lakin baş ağrıları yenidən qayıtdı, əsəbi oldu. Dəri-zöhrəvi xəstəxanasına apardıq, təkrar müayinə edildi”.
Amma uşaqda dəmrov aşkarlanmayıb: “Uşağın üzündən, qulağının dibindən analiz götürüldü. İranda qoyulan diaqnoz təsdiqlənmədi. İranda yazılan dərmanlar allergiya və göbələk əleyhinə olub. Hətta mazların tərkibində belə dəmrov əleyhinə heç nə yox idi. Buna görə də qurda qarşı müalicələrə başlayıb. Hələ də kimin doğru, kimin yanlış olduğunu ayırd edə bilmirəm”.
Elvira Səmədova isə 8 yaşlı qızında şiş xəstəliyi olduğuna inanmayıb. Elə ümidlə də İrana, Tehrana gedib: “Uşağın başında şiş olduğunu öyrənəndən keyləşmişdim. Qohumların məsləhəti ilə İrana apardıq. Yüz dənə misal sadalayırdılar, hamı gedib müalicə olunub geri dönürmüş. Tehranda əməliyyat təyin etdilər, sonra isə müalicə yazacaqdılar. Əməliyyat üçün 7 min dollar, xəstəxana xərcləri, müayinələrə pul lazım idi”.
Ailəyə əməliyyatın riskli olduğunu söyləyiblər: “Dedilər ki, uşaq əməliyyatdan ayılmaya bilər. Yad ölkədə tək qalmışdım, nə edəcəyimi bilmirdim. Müayinə, əməliyyatdan sonra günlərlə xəstəxanada yatmaq lazım gəlirdi. Buna görə də Bakıya qayıtdıq”.
8 yaşlı qız Bakıdakı xəstəxanaların birində əməliyyat olunub: “Əməliyyatdan sonrakı bir ay hər ikimiz əzab çəkdik. Amma nəticəsi yaxşı oldu. İndi mütəmadi müayinələrə gedirik, vəziyyəti gündən-günə yaxşılaşır. Yaxşı ki, İranda deyil, Bakıda əməliyyata qərar vermişik”.
Uşaqlar xəstədirsə...
Hazırda Azərbaycanda uşaqlar arasında rast gəlinən xəstəliklər sırasında tənəffüs yolları xəstəlikləri birinci yerdədir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 0-13 yaşlı uşaqlar arasında belə xəstələrin sayı 341 min 598 olub. Yoluxucu və parazitar xəstəliklərdən əziyyət çəkən uşaqların sayı 63 min 478, həzm prosesi xəstəliklərindən isə 49 min uşaq əziyyət çəkib.
Rəsmi göstəricilərə inansaq, Azərbaycanda uşaqlar arasında xəstələnmə faizi sürətlə azalmağa doğru gedir.
Şiş xstəlikləri də daxil olmaqla bütün xəstəliklərin Azərbaycanda müayinə və müalicəsi aparılır.
Təbii ki, bunu xatırlatmaqla həkim seçiminə müdaxilə etmirik. Məsələ ondadır ki, xarici ölkələrə, xüsusilə də İrana gedənlərin əksəriyyəti aldadılırlar. Onların peşəkar mütəxəssislərə müraciəti mümkün olmur.
Elə mütəxəsislər də bu fikirdədirlər.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev də virtualaz.org saytına açıqlamasında xaricə müalicəyə gedənlərin reklama aldandığına əmin olduğunu deyib: “Burada birinci növbədə reklam rol oynayır. Xəstələr müxtəlif vasitələrlə aldadılırlar. Etiraf edək ki, bəzi həkimlər İranlı həmkarları ilə işbirliyindədirlər. Onlar xəstələri İrana göndərməklə faiz alırlar. Xəstə isə bunu bilmir. İranda da daxil olmaqla xarici ölkələrdə xəstəyə müştəri kimi yanaşırlar. Yəni xəstə onlar üçün həm də pul mənbəyidir”.
“Bu il dövlət yalnız 1 nəfəri xaricə müalicəyə göndərib”
Qeyd edək ki, Nəsib Quliyev həm də Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyanın rəhbəridir.
N.Quliyev deyir ki, bu il yalnız bir nəfər xaricdə müalicəyə göndərilib: “Bu komissiya 2005-ci ildən fəaliyyət göstərir. Bu il daxil olan olan müraciətlərin hər biri araşdırılıb. Onların Azərbaycanda müayinə və müalicəsinin mümkün olduğuna qərar verilib. Yalnız bir nəfər xaricdə müalicəyə göndərilib. Komissiyanın əsasnaməsində göstərir ki, konkret bir xəstəliyin obyektiv səbəblərdən ölkədə müalicəsi mümkün deyilsə və həmin xəstəliyin ölkədən kənarda ümumi qəbul olunmuş müalicə metodu mövcuddursa xəstə xaricə göndərilə bilər. Artıq neçə ildir müraciət edənlərin xəstəliklərinin Azərbaycanda tam müalicəsinin mümkün olduğunu görürük. Hazırda İranda müalicə olunan, lakin Azərbaycanda müalicəsi mümkün olmayan xəstəlik yoxdur. Hətta indi qonşu ölkələrdən Azərbaycana müalicəyə gəlinlər var. Məsələn, Milli Onkologiya Mərkəzinə şüa terapiyası üçün yeni cihaz alınıb. Bu cihazdan nəinki regionda, hətta bir çox inkişaf etmiş ölkələrdə yoxdur. Buna görə də xəstələr Azərbaycana gəlirlər. Uşaq nefrologiyası, uşaq onkohematologiyası, uşaq nevrologiyası, uşaq kardiologiyası, uşaq kardiocərrahiyyəsi, uşaq onkologiyası yenidən yaradılıb. Əgər Azərbaycanda bu xəstəliklərin müalicəsi mümkün olmasaydı, “Uşaqların icbari dispanzerizasiyası haqqında” qanun qəbul edilməzdi. Qanunda həm uşaqlara qarşı bütün profilaktik işlər, həm də onların sağlamlığının qorunması üçün lazım olan digər tədbirlərin aparılması nəzərdə tutulub. Yəni ilk dəfə olaraq uşaq sağlamlığının qorunması qanunla tənzimlənib”.
Baş pediatr son 10 ildə ölkədə 560 tibb müəssəsinin istifadəyə verildiyini də dedi: “Tibb müəssisələrində müayinə və müalicəyə hərtərəfli şərait yaradılıb. Yəni maddi-texniki baza mövcuddur. Kadr potensialına gəldikdə isə xarici ölkələrdə təcrübə keçmiş, savadlı kadrlar yüzlərlədir. Buna görə də uşaqlar arasında xəstələnmə və ölüm halları ildən ilə azalır. Məsələn, 1992-93-cü ildə azərbaycanda 1 yaşa qədər ölüm göstəricisi 29,5 promilli təşkil edirdisə, yəni 1 il ərzində dünyaya gələn hər 1000 nəfərin 30-u 1 yaşa çatmamış ölürdü. Hazırda həmin göstərici 10,2 promilliyə düşüb. Yəni hər min diridoğulan uşağın 10-u dünyasını dəyişir. Bu göstərici isə inkişaf etmiş ölkələrin göstəricisi ilə eynidir”.
“İranda qarın boşluğunu deşib Azərbaycana göndəriblər”
N.Quliyev rəhbərlik etdiyi xəstəxanada İranda müalicə olunmuş, amma fəsadlaşmış halda geri dönən uşaqların müalicə aldıqlarını da xatırlatdı: “Azyaşlılardan birinin ağciyəri əməliyyat edilib, lakin irinləşmiş halda Azərbaycana göndərilib. Digərləri sidik kisəsindən əməliyyat olunmuşdu, amma fəsad yaranmışdı. Əməliyyat zamanı qarın boşluğu deşilmiş azyaşlını da müalicə etdik. Buna görə də valideynlər ehtiyatlı olsunlar”.
Pediatr Afət Məmmədova da bu fikirdədir: “Mən tibbi turizmə qarşı deyiləm. Amma etiraf edək ki, İrana gedənlərin əksəriyyəti aztəminatlı təbəqədən olanlardır. Onlar isə ucuz müalicə vədinə inanaraq Ərdəbil, Təbriz, Urmiya kimi şəhərlərə, qeyri-mütəxəssislərin yanına gedirlər. Almaniya, Türkiyə və ya digər ölkələrə gedənlərin maddi vəziyyəti nisbətən yaxşı olur. Yəni mütəxəssislərə əlçatanlığı baxımından İrana gedənlərin şansı azdır. Buna görə də onlar reklama inanmasınlar. “Ucuz ətin şorbası olmaz” məsəli səhiyyə üçün də keçərlidir. Xüsusilə də azyaşlıların fəsadlarla geri qayıtmasının şahidi oluruq. Uşaqlara həddən çox ağrıkəsicilər, allergiya əleyhinə dərmanlar təyin edilir. Məsələn, bizim xəstəxanaya müraciət edənlərdən birinə qurd əleyhinə dərman əvəzinə türkəçarə məsləhət görülmüşdü. Uşaq allergiya əleyhinə dərman qəbul edirdi, həm də onun bağırsağına şor qoyurdular. Biz hələ bu müalicənin şokundayıq. Nəticədə uşağın bağırsaqlarında problem yaranmışdı. Biz hələ İranda ölənlərin statistikasından xəbərsizik”.
...Həkim seçimi sərbəstdir. Amma “mən harada yoxamsa, orada hər şey yaxşıdır” prinsipi ilə düşünənlər həkim seçimi edərkən iki dəfə düşünsünlər. Ən azı azyaşlıların taleyi ilə bağlı qərar verərkən...