Nardaran hadisələrində həbs olunan radikalların iç üzü - TƏHLİL
1-12-2015, 11:48
Azərbaycanın dini tolerant ölkə olması bütün dünyaya bəllidir. Ölkədə məscid və kilsələrin bərpası, həmin obyektlərin tarixi memarlıq abidəsi kimi qorunub saxlanılması, ölkənin İslam dininin inkişafına töhfələri Azərbaycanda bu sahəyə xüsusi diqqətdən xəbər verir.
Bu gün Azərbaycanda din dövlətdən ayrı olsa da, bu sahədə də güclü inkişaf var. İnsanların dini etiqad azadlığı qanunvericiliklə qorunur, insan hüquqlarının pozulmasının qarşısı lazımi səviyyədə alınır, insanların sabitlik və təhlükəsizlik şəraitində yaşaması, sosial rifahının yaxşılaşması üçün ardıcıl və məqsədyönlü addımlar atılır. Məqsəd Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək, cəmiyyətdə sabitlik yaratmaqdır. Amma bu gün Azərbaycanın bu inkişafından, İslam dininə böyük önəm verməsindən narahat olan bəzi qüvvələr sapı özümüzdən olan baltalarla dövlətimizin bu inkişafına, nailiyyətlərinə mane olmağa cəhd edirlər. Ölkədə hakimiyyətin uğurlu siyasətinə qısqanclıqla yanaşan bu qüvvələr müəyyən yollarla Azərbaycanda sabitliyi pozmağa, ölkədə demokratiyanın guya boğulması barədə həqiqətəuyğun olmayan məlumatlar yaymağa cəhd edir, Bakıda və bölgələrdə təxribat törətmək üçün müxtəlif boşluqlardan istifadə edirlər.
Həmin qüvvələrin bu cür iyrənc hərəkətlərindən biri də Nardaranda baş verən hadisələrin şişirdilməsidir. İslam dinindən məlumatı olmayan bu şəxslər həmin hadisəni dindarlara təzyiq kimi qələmə verməyə, Azərbaycanda dinlə dövləti üz-üzə qoymağa cəhd edirlər. Vaxtilə Azərbaycanın müstəqilliyinə mane olmağa çalışan bu iyrənc xislətlilər bu cəhdlərinin boşa çıxmasından sonra ölkədə müxtəlif yollarla aranı qarışdırmağa, sabitliyi pozmağa yenidən can atırlar. Amma onlar dərk etməlidirlər ki, Azərbaycan hüquqi, demokratik, dinamik inkişaf edən dövlətdir, ölkədə bütün məsələlər mövcud qanunvericilik əsasında tənzimlənir. Bu cür vəziyyətdə isə həmin şəxslərin niyyətləri daim faş olacaq.
Nardaran qəsəbəsində baş verən hadisə əslində Nardaran dindarlarının polisə müqaviməti deyildi. Bu, həmin təxribatçı qüvvələrin hazırladığı “kadr”ların Nardaran dindarları arasına sızması və nardaranlılar adından danışması nəticəsində yaranan təxribatdır. Bu təxribatın da qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındı. Hadisədən sonra Nardaran dindarları, sakinlər də bu təxribatı pislədilər və aydın oldu ki, həmin qüvvələrin əməlləri bu dəfə də boşa çıxdı. Həmin təxribatçıların Nardaran sakinlərinə təzyiqləri, onları zorla ələ alması bu cür təxribatlara gətirib çıxarır. Baxın, bu gün Azərbaycanın əksər ərazilərində dinlə məşğul olan şəxslər var və onların sayı on minlərlədir. Maraqlıdır, niyə həmin ərazilərdə dindarlara heç bir təzyiqlər göstərilmir? Niyə məhz Nardaran?
Çünki həmin şəxslər, əsasən, dindarların sıx yaşadıqları ərazilərə yol tapmaqla, orada din adı altında təxribat xarakterli təlimlər keçərək insanları yoldan azdırmaq, onların savadsızlığından istifadə edərək təxribatçı kimi yetişdirməklə qarışıqlıq yaratmağa cəhd edirlər. Bu da məlumdur. Nardaranda dindarlar arasına sızan və özlərini “imam” adlandıran bu radikallar qəsəbənin dindarlarını da manqurtlaşdırmağa, onları din adı altında radikallığa, terrorizmə sürükləyirlər. Həmin şəxslər nardaranlıların bəzilərini yoldan çıxararaq uşaqların məktəbə getməsinə qarşı çıxır, insanları savadsızlığa və cəhalətə sürükləyirlər. Çünki onlar bu yolla insanların, gənc nəslin beynini məhv etməyin asan olduğunu bilirlər. Artıq Nardaran həmin radikalların səyi nəticəsində radikallaşmağa meyillənir. Həmin radikallar bu yolla özlərinin əhatəsini genişləndirməyə, radikal dini qurum yaratmaqla hakimiyyəti ələ almağa cəhd edirlər.
Baxın, əməliyyat zamanı həbs olunan şəxslərin başçısı, “Müsəlman birliyi” adlı qondarma və əsassız birləşmə yaradan Taleh Bağırov və onun ətrafı əslən nardaranlı deyil və həmin şəxslər Nardaran sakinləri də deyillər. Bu şəxslər burada parazit göbələk kimi kök salmağa çalışıblar. Bu məqsədlə bəzi sakinləri təhsildən yayındıraraq öz dərnəklərinə cəlb edib və nəticədə onları da təxribata sürükləməyə müvəffəq olublar. Nəticə isə göz qabağındadır. Özlərini nardaranlılara dindar adı ilə sırıyan bu terrorçu ünsürlər sakinlərin dövlətə qarşı çıxmasına cəhd edir, özlərini ”Ağayi”, “Kəbleyi” və sair adlandırıb nüfuz qazanmaq istəyirlər. İş o yerə çatıb ki, Nardaran sakinləri uzun illərdir ki, istifadə etdikləri elektrik enerjisinin, təbii qazın pulunu belə dövlətə ödəməkdən boyun qaçırıblar. Nəticədə qəsəbənin istifadə etdiyi elektrik enerjisinə görə dövlətə 43 milyon manat borcu yaranıb.
Qəsəbədə əməlli-başlı anarxiya hökm sürür. Kənardan dindar adı ilə nardaranlıların içərisinə sızan radikallar, terrorçu ünsürlər qəsəbənin sakinlərini bu cür yollarla dövlətə qarşı çıxarmağa cəhd edir, onları terrora sürükləyir. Hüquq-mühafizə orqanları da bu cür iyrənc məqsədli insanlara qarşı lazımi qaydada tədbir görməyə, kimliyindən asılı olmayaraq, Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin qarşısını almağa qadirdir.
Bir sözlə, Azərbaycanda bu cür halların qarşısı alınmalı, ölkənin qanunları hər bir vətəndaş üçün ali olmalıdır. Nardaran sakinləri də həmçinin. Azərbaycan müstəqil dövlətdir və dövlət Konstitusiya qanunları ilə idarə olunur. Azərbaycanda yaşayan hər bir vətəndaş isə kimliyindən asılı olmayaraq, bu qanunlara tabe olmalıdır.
Samir Məmmədov - Trend