Rusiya-Türkiyə münasibətləri - Azərbaycan kimin tərəfindədir?
1-12-2015, 20:47
Uzun illərdir siyasi və iqtisadi sferalar başda olmaqla, bir çox sahədə sıx əməkdaşlıq edən Türkiyə və Rusiya arasında son zamanlar gərginləşən münasibətlər hal-hazırda dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən Rusiya hərbi təyyarəsinin vurulması, bununla da iki ölkə arasındakı əlaqələrin fərqli müstəviyə qədəm qoyması bəzi xarici ölkələrin və siyasi dairələrin məmnunluğuna səbəb olsa da, Azərbaycan baş vermiş insdenti dərin narahatlıq və təəssüf hissi ilə qarşıladı. Çünki Azərbaycan hər iki ölkə ilə qədim tarixi əlaqələrə və dostluq münasibətlərinə malikdir.
Rusiya təyyarəsinin vurulmasından bir gün sonra, hələ hadisənin təfərrüatları tam müəyyənləşməmiş, Türkiyənin bəzi media vasitələrində Azərbaycanın mövqeyi ilə bağlı qərəzli iddiaların səslənməsi diqqətdən yayınmadı. Aydındır ki, Türkiyə ilə Rusiya arasında yaşanan böhranın dərinləşməsini və qonşu dövlətləri də əhatə etməsini istəyən müəyyən qüvvələr ölkəmizi münaqişə tərəflərindən biri kimi görmək istəyirlər. Hər iki ölkə ilə yüksək siyasi və iqtisadi əlaqələrə sahib olan Azərbaycanın Rusiya-Türkiyə gərginliyində tərəfə çevrilməsi isə bu ölkələrin hər hansı biri ilə münasibətlərimizdə arzuolunmaz situasiyaların yaranmasına gətirib çixara bilərdi. Baxmayaraq ki, söz və ifadə azadlığının mövcud olduğu digər dövlətlər kimi, Azərbaycanda da Türkiyə ilə Rusiya arasında yaşanan insdentlə bağlı fikirlər birmənalı deyil. Türkiyənin və yaxud Rusiyanın haqlı olması, beynəlxalq hüquq normalarının hansı dövlət tərəfindən pozulması Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirə olunur.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici işlər Naziri Mövlud Çavuşoğlunu qəbul edərkən, sözügedən məsələ ilə bağlı dövlətimizin mövqeyini qəti şəkildə ortaya qoydu. Hər iki ölkənin Azərbaycan üçün əhəmiyyətini vurğulayan İlham Əliyev Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün əməli fəaliyyətə hazır olduğunu da qeyd etdi. Beləliklə Azərbaycan Respublikasının Prezidenti özünün tərəfsizliyi və sülhpərvər mövqeyi ilə Türkiyə və Rusiya arasındakı mövcud gərginliyi körükləyən müəyyən qüvvələrdən fərqli olaraq, regionun bu iki böyük aktoru arasında qarşılıqlı əlaqələrin və mehriban dostluq münasibətlərinin yenidən bərpa olunmasın prosesinə önəmli töhfə verdi.
Türkiyədən Qazaxıstan, Qırğızıstan və Tacikistana yük daşıyan, ancaq son hadisələrlə bağlı Rusiya-Gürcüstan sərhəddində saxlanılan türk maşınlarının Azərbaycan ərazisindən tranzit yol kimi istifadə etmələrinə icazə verilməsi də məhz Türkiyə-Rusiya münasibətlərinin normallaşması, daha da gərginləşməməsi üçün atılan addımlardandır.
Qeyd etməliyik ki, Türkiyə mətbuatında geniş şəkildə yer alan və təqdirlə qarşılanan bu informasiya Türkiyə cəmiyyətində Rusiyaya qarşı yaranmış ümumi narazılığın və psixoloji narahatlığın təzyiqini əhəmiyyətli dərəcədə aşağı salıb. Əminliklə demək olar ki, bölgədə sülh və əminamanlığın, iqtisadi-siyasi sabitliyin qorunmasının tərəfdarı olan Azərbaycan Rusiya Federasiyasının da analoji vəziyyətlə üzləşəcəyi təqdirdə istənilən formada öz köməyini əsirgəməyəcək . Çünki Azərbaycan Respublikasının xarici siyasəti dünyada və regionda asayişin, faydalı qarşılıqlı əlaqələrin, səmərəli əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi kimi ali məqsədlərə xidmət edir.
Orxan Quluzadə - Trend