"Bəzi məmurlar prezidentimizin tapşırıqlarına ciddi yanaşmayıb" - Mikayıl Cabbarova müraciət...

29-10-2019, 16:59           
"Bəzi məmurlar prezidentimizin tapşırıqlarına ciddi yanaşmayıb" - Mikayıl Cabbarova müraciət...
Azərbaycanda maliyyə və mühasibatlıq sahəsində uzun müddətdir fəaliyyət göstərən “AMV Consulting” şirkəti hazırki durumda bəzi vergi məmurlarının vergi ödəyicilərinə yaratdığı problemlər haqqında fikirlərini redaksiyamızla paylaşıb. Belə ki, şirkətin təsisçisi Orxan Şükürovun bildirdiyinə görə, “AMV Consulting” şirkəti yarandığı gündən prioriteti sahibkarları qara mühasıbatlıqdan uzaqlaşdırıb, şəffaf mühasibatlığa keçidə səsləmək və bu istiqamətdə onlara xidmət göstərmək olmuşdur.
Cənab Prezidentimiz İlham Əliyev bütün fəaliyyəti dövründə ölkə iqtisadiyyatımızın inkişafı üçün böyük miqyasda islahatlar həyata keçirmiş və bu islahatların nəticəsində iqtisadiyyatımız hər gün güclənməkdədir. Cənab prezident çıxışlarında qeyri-neft sektorunun inkişafının iqtisadiyyatımızın prioriteti olduğunu və dövlət məmurlarının sahibkarlara dəstək olmalarını bildirmişdir. Həmçinin, kölgə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara bu fəaliyyətlərindən əl çəkib şəffaf fəaliyyət göstərməyə, dövlət vergilərinin düzgün və vaxtında ödəməyə çağırmışdır. Şəffaf fəaliyyət göstərən sahibkarlara da maneçilik yaradanları “vətən xaini” adlandırmış və ən sərt şəkildə cəzalandırılacaqlarını bildirmişdir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov hələ Vergilər naziri təyin olunduğu vaxtdan sahibkarların qara mühasibatlıqdan imtina edib şəffaf mühasibatlığa keçməsini fəaliyyətinin əsas istiqaməti seçmişdir. Bu fəaliyyətin nəticəsində qısa müddətdə böyük uğurlar əldə edilib. Lakin əfsuslar olsun ki, bəzi məmurlar prezidentimizin tapşırıqlarına ciddi yanaşmayıb, Mikayıl Cabbarovun fəaliyyətinə kölgə salaraq, ölkəmizdə aparılan islahatlara və iqtisadiyyatımızın inkişafına maneçilik törədirlər.
Şikayətimiz 6 saylı Ərazi Vergilər Baş İdarəsindəndir. Belə ki, xidmət göstərdiyimiz sahibkara (kommersiya sirri olduğu üçün sahibkarın ad, soyadını təqdim etmirik) Baş idarə tərəfindən ilk olaraq bu ilin mart ayında fəaliyyətinə problemlər yaradılmışdır. Əsassız olaraq bank hesablarına sərəncamlar qoyulub, daha sonra hesabından pul silinmişdir. Vergilər Nazirliyinə şikayətdən sonra bu sahibkarın xeyrinə qərar qəbul edilib, silinmiş məbləğ şəxsi hesab vərəqəsinə artıq ödəmə kimi geri qaytarılmışdır. Nəzərinizə çatdırım ki, sahibkarın bank hesabına sərəncamın qoyulması onun bütün fəaliyyətini iflic edir. Bunlardan sonra sahibkar fəaliyyətini dayandırıb və şəxsi hesab vərəqəsində olan artıq ödəməni geri qaytarması üçün Nazirlər Kabinetinin və Vergi Məcəlləsinin müəyyən etdiyi qaydalara əsasən, Baş İdarəyə müraciət edib. Lakin Baş İdarənin bir neçə əməkdaşları bundan sonra sahibkara telefon zəngləri edərək, onu səyyar vergi yoxlaması ilə təhdid edib, ərizəni geri götürməyini tələb edirdilər. Vergi ödəyicisinin artıq ödənilmiş vəsaiti 45 gün ərzində geri qaytarılmalı olduğu halda, 90 gün keçməsinə baxmayaraq artıq ödənilmiş vəsait hələ də geri qaytarılmayıb.
Bundan sonra Baş idarə qanunlara əməl etmək əvəzinə, onları daha da kobud şəkildə pozmağa davam edib. Belə ki, sahibkarın adından başqa bir şəxsin imzasi ilə hesabat təqdim edilib. Bu hesabata dərhal kameral yoxlama aparılıb, əlavə vergi məbləği hesablanıb. Bütün baş verən hadisələr hesabatın məhz Baş idarənin əməkdaşları tərəfindən göndərildiyinə dəlalət edir. Sahibkarın hüquqlarını təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyinə 30 gündən artıqdır ki, şikayət verilib. Şikayətin icrası Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin kameral vergi yoxlamalarına nəzarət şöbəsinə verilib, şöbə ilə qeyd edilən telefon nömrələri ilə dəfələrlə əlaqə saxlamağa çalışılsa da, nə zənglərə, nə də şikayətə cavab verilməyib.
Bu cür problemlər sahibkarların şəffaf fəaliyyət göstərməklərinə maneçilik yaradır. Biz sahibkarlarla görüşümüzdə onları şəffaf mühasibatlıqla fəaliyyət göstərməyə çağırır və bunun onların fəaliyyətinin inkişafına səbəb olacağını, heç bir maneələrlə rastlaşmaycaqlarını bildiririk. Sahibkarlar ilk öncə məmurların şəffaf fəaliyyət göstərməsinə, qanunun tələblərinə əməl etmələrinə əmin olmalıdırlar ki, onlar da səmimi və şəffaf olsunlar.
Müraciətimiz İqtisadiyyat nazirimiz Mikayıl Cabbarovadır.
Hörmətli Mikayıl müəllim, Sizə ilk növbədə yeni işlərinizdə uğurlar arzu edirik. “AMV Consulting” şirkəti gənc iqtisadçılardan ibarət şirkətdir. Biz gənclər öz fəaliyyətimizlə sizi dəstəkləyir və fəaliyyətimizdə ilk növbədə ölkə iqtisadiyyatımızın inkişafına tövhə verməyə çalışırıq. Bu cür problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görəcəyinizə inanırıq.
Yenigundem.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.