"Pulsuz pendir yalnız siçan tələsində olur"... İnsanlar TikTok-dakı səhifələrə aldanıb, "qurban"a çevrilirlər
Bu gün, 12:24

Bir sıra hallarda insanlar nəyisə daha ucuz qiymətə almaq, hansısa işi nisbətən aşağı məbləğə başa gətirmək istərkən dələduzluğun qurbanına çevrilirlər.
Bizimyol.info xəbər verir ki, TikTok-da açılmış “Alpha_tikinti_temir 01” səhifəsini açan Pərviz ora yerləşdirdiyi evlərin layihələri ilə diqqət cəlb edərək, neçə-neçə adamın olan-qalan pulunu da əllərindən alıb. O, adamları daha ucuz qiymətə ev tikmək adı ilə aldadaraq, onları pulunu ələ keçirib. Zərərçəkmişlər arasında eləsi olub ki, hətta ev tikmək üçün bankdan götürdüyü krediti gətirib ona verib.
Pərviz əvvəl “Alfa Tikinti Təmir” MMC-ni yaradaraq qeydiyyatdan keçirib. Adamlarla söhbət zamanı da özünü şirkət rəhbəri kimi təqdim edib. Hətta inandırıcı görünsün deyə, zərərçəkmişlərdən biri – Aytacla görüşməyə gedərkən icarəyə ağ rəngli “Range Rover” də götürüb.
Ağcabədi sakini olan Aytac yaşadığı rayonda ev tikintisi üçün TikTok-da ona yazıb. Razılaşıblar və Pərviz onunla görüşüb, qiymət məsələsini danışmaq üçün Ağcabədiyə gedib. Orada Aytacın istədiyi layihə üzrə evin 30 min manata başa gələcəyini deyib. Aytac bankdan götürdüyü 20 min manat kreditin 10 min manatını ilkin ödəniş kimi ona verib. Lakin onunla müqavilə bağlamaq istəyib. Pərviz deyib ki, işlə bağlı müqavilədə vergi çox tutulacaq, yaxşısı budur, notarial qaydada borc müqaviləsi bağlasınlar. “Asan Xidmət”də 10 min manatlıq borc müqaviləsi bağlayıblar.
Pərviz etiraf edir ki, Aytacda daha 10 min nağd pul qaldığını görüb, onu da almağın yollarını düşünüb. Ona deyib ki, əgər ilkin ödəniş daha çox olsa, ümumi məbləğ 30 min yox, 26 min ola bilər. Aytac bayramqabağı xərcləri olduğunu deyərək, pulun üstündən 1000 manat görürüb, qalan 9 minini də ona verib.
Pərviz daha 20 min manat isə Bakıda Zabrat qəsəbəsində bacı-qardaşdan alıb. Onların hər biri Digan qəsəbəsində özlərinə məxsus torpaq sahəsində yanaşı ev tikmək istəyib. Əvvəl bacı – Təbəssüm 10 min manatı qardaşı ilə birlikdə gətirib Pərvizə verib. Daha sonra qardaş – Zeynal da pulu verərək, onun üçün də ev tikməsini istəyib.
Pərviz deyir ki, aldığı pulları özü üçün xərcləyib. Amma Aytacı şübhələndirməmək üçün bir dəfə Ağcabədiyə təxminən 250 manatlıq inşaat materialları göndərib. O da narazılıq edib ki, 19 min manat pul alıb, göndərdiyi materiallar budur.
Adamları ev tikmək adı ilə aldadan şirkət rəhbəri həbs olunub. O, həbsdə olduğu dövrdə Ağcabədidən olan zərərçəkmişin pulu qaytarılıb. Bacı-qardaşa dəyən ziyan isə qismən ödənilib – birinə 3 min, o birinə isə 2 min qaytarılıb.
28 yaşlı Pərviz ölkəni tərk etmək istərkən Aytacın şikayəti əsasında dələduzluq şübhəsi ilə hava limanında saxlanılıb. 8 ay həbsdə qalandan sonra azadlığa buraxılıb. O, dələduzluqda təqsirli bilinsə də, himayəsində azyaşlı uşağı olması, əməlini etiraf etməsi və peşmançılığı, zərərin bir hissəsini ödəməsi kimi hallar nəzərə alınıb. Ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. O, cəzası bitənə qədər elektron qolbaqla gəzməlidir.
Aytən, Bizimyol.info