Təyyarə bileti almaq üçün ən uyğun vaxt – Səyahətçilər bu tarixi seçsin
Bu gün, 10:27

Səyahət planlaşdıran insanların bir çoxu özləri üçün təyyarə biletlərinə verilən pulu ən böyük xərclərdən biri kimi hesab edir. Daha ucuz bilet almaq üçün müxtəlif yollar axtarır.
Bəzən insanlar qiymətlər ucuz olsun deyə bileti bir neçə həftə, bəzən də bir neçə ay əvvəldən almağa çalışır. Bir çox insan bilet qiymətlərinin niyə bu qədər dəyişkən olduğunu və ucuz qiymətləri necə əldə edə biləcəyini düşünür. Əslində, aviaşirkətlər dinamik qiymət siyasəti tətbiq edir və biletlər günün, həftənin, hətta ilin müxtəlif dövrlərində fərqli qiymətlərə satılır.
Bəs uçuş bron etmək üçün ən uyğun vaxt hansıdır? Həftənin hansı günləri bilet almaq daha sərfəlidir?
Valyuta.az bu sualların cavabını tapmaq üçün aparılan araşdırmalara və təcrübələrə əsaslanaraq ətraflı məlumatı təqdim edir:
İlk olaraq qeyd edək ki, aviaşirkətlər biletlərin qiymətini tələb və təklif əsasında müəyyən edir. Yüksək tələbat olan günlərdə - bayram, yay tətili, həftəsonunda qiymətlər artır, daha az tələbat günlərində isə qiymətlər ucuz olur. Bundan əlavə, bilet satış platformaları istifadəçinin axtarış tezliyinə görə də qiymətləri dəyişə bilir.
Təhlillər göstərir ki, uçuş bron etmək üçün bir neçə ən yaxşı vaxt mövcuddur.
Araşdırmalar göstərir ki, beynəlxalq uçuşlar üçün ən yaxşı bronetmə vaxtı uçuşdan 2-6 ay əvvəldir. Daxili uçuşlar üçün isə ucuz bilet bron etmək uçuşdan 1-2 ay əvvəl daha yaxşıdır. Adətən uçuş edəcəyiniz tarixdən cox erkən, məsələn, 3-6 ay əvvəl və ya çox gec, yəni uçuşdan bir neçə gün əvvəl bilet almaq adətən bahalı olur. Təcrübələr göstərir ki, həftənin müəyyən günlərində bileti daha ucuz almaq olur. Məsələn, çərşənbə axşamı və çərşənbə bilet almaq üçün ən sərfəli günlər hesab olunur.
Həftə sonunda -cümə, şənbə, bazar günlərində biletlər adətən daha bahalı olur ki, bunun da səbəbi, daha çox insanın səfərini həmin günlərdə planlamasıdır.
Ümumiyyətlə, səhər tezdən və gecə uçuşları gündüz saatlarına nisbətən ucuz olur. Biletlərin qiyməti ilin mövsümlərinə uyğun olaraq da dəyişir. Məsələn, yanvar və fevral aylarında biletləri daha ucuz almaq olar.
Bunun əksinə olaraq, yay mövsümü və bayram günlərində biletlər daha baha satılır. Payızın ortası, yəni sentyabr və oktyabr ayları səyahət üçün ideal və sərfəli dövr hesab olunur.
Unutmayın, ucuz bilet tapmaq üçün əsas qayda, erkən planlaşdır, çevik ol və qiymətləri izləmək üçün texnologiyadan istifadə etməkdir.
Bundan başqa, səyahət planlayarkən müxtəlif aviaşirkətlərin təqdim etdiyi bilet qiymətlərini qarşılaşdıra, müxtəlif proqramlardan istifadə etmək olar. Bütün bu qaydalara əməl etməklə düzgün vaxtda doğru bileti seçməklə büdcənizə böyük qənaət edə bilərsiniz.