Cənubi Qafqazda ən aşağı iqtisadi artım Azərbaycandadır - Dünya Bankı
Bu gün, 10:08

Cənubi Qafqazda Ümumi Daxili Məhsulun (ÜDM) ən aşağı artım tempi Azərbaycandadır - bunu Dünya Bankı açıqlayıb.
Beynəlxalq Valyuta Fondu (BVF) isə yazır ki, ümumilikdə bir ölkədə iqtisadiyyatın artım sürətinin aşağı olması çox vaxt həm də orada məşğulluğun azalması deməkdir.
Dövlət Statistika Komitəsinə görə, bu ilin ilk altı ayında ÜDM istehsalı 0.9 faiz artıb - ötən ilin eyni dövrü müqayisədə təxminən 2 milyon manat çox.
Gürcüstanda eyni dövrdə artım 8.3 faiz olub. Ermənistanla bağlı yarımillik informasiya olmasa da, ilin ilk üç ayında artımın 5.2 faiz olduğu açıqlanıb. Dünya Bankının hesablamalarına görə, adambaşına düşən ÜDM həcmi Gürcüstanda təxminən 9 min, Ermənistanda 8 min 500, Azərbaycanda 7 min 100 dollardır.
İqtisadçı: "1 faiz vergi verirlər"
Azərbaycanın qonşularından bu məsələdə geri qalmasının səbəbini iqtisadçı Natiq Cəfərli belə izah edir: "Gürcüstanda, məsələn, kiçik sahibkarlar yarım milyon lari (350 min manat) civarında dövriyyələri olanda cəmi 1 faiz vergi verirlər... Azərbaycanda isə çox çətindir. Kiçik sahibkarlığın illik dövriyyəsi 200 min manatı keçən kimi 18 faiz Əlavə Dəyər Vergisi (ƏDV) ödəməli olur ki, bu da kiçik sahibkarlığa mane olan faktorlardan biridir. Azərbaycanda Gürcüstana, Ermənistana nisbətən kredit imkanlarına çıxış zəifdir, biznes kreditlərinin faizləri yüksəkdir".
Dünya Bankının statistikasına görə, son 10 ildə Azərbaycanda ÜDM-in həcmində ən yüksək göstərici koronavirus pandemiyasının başlamasından iki il sonra nəzərə çarpıb - təxminən 78 milyard dollara qalxıb. Dünya Bankı Azərbaycanın 2024-cü ildəki 4.1 faiz artımını müqayisə edərək, bu rəqəmin 2025-ci ildə yavaşlayaraq 2.6 faizə enəcəyini və qarşıdakı ildə də təxminən oxşar göstəricidə qalacağını proqnozlaşdırır.
Deputat: "Allah qoysa, yaxşı olacaq!"
Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rövşən Muradov deyir ki, yarımillik hesabatlarda ÜMD az görünsə də, il sonunda adətən gözləntilər özünü doğruldur: "O, 0.9 faiz ilkin göstəricidir. İqtisadiyyat Nazirliyi 3 faiz nəzərdə tutub, Maliyyə Nazirliyi isə 3.5 faiz, Mərkəzi Bank isə 3.7 faiz. Yəni, bu proqnozdur, 100 faiz icra olunmaya da bilər. Amma düşünürəm ki, ilin sonuna göstərilən proqnozlar yerinə yetiriləcək, haradasa 3 faizdən yuxarı olacaq... İlin sonuna, Allah qoysa, yaxşı olacaq!"
Azərbaycanın Maliyyə Nazirliyi də öz proqnozlarını aşağı salıb. Avqustun 19-da yaydığı sənəddə deyilir ki, 2025-ci il üzrə ÜDM-in 3 faiz artacağı proqnozlaşdırılır. Amma ilin əvvəlində 3.7 faiz artım proqnozlaşdırılırdı.
İqtisadçı N.Cəfərli bildirir ki, hökumət ÜDM həcmində artım istəyirsə, ilk növbədə kiçik və orta sahibkarlığa dost olan bir sistem qurmalıdır: "Əsasən də vergi və gömrük məcəllələri sıfırdan yenidən yazılmalıdır. Bank sistemində islahatlar aparılıb kiçik və orta sahibkarlığa dəstək üçün aşağıfaizli və uzunmüddətli kreditlərə çıxış imkanları sadələşdirilməlidir. Ən vacibi isə, bizdə həddindən artıq yüksək səviyyədə aşırı tənzimləmə qanunları və idarələri yaradılıb, bunlar ləğv edilməlidir, biznesin idarə olunması və nəzarət sistemi asanlaşdırılmalıdır. Məhkəmə sistemi ədalətli və tez çalışan, iqtisadi mübahisələri tez çözə bilən bir işlək mexanizmə çevrilməlidir".
Azərbaycan hökuməti artıq bir neçə ildir ki, məhkəmə sistemində islahatlar başlatdığını açıqlayıb, işsizlik rəsmi olaraq 5 faizdir. Müstəqil şərhçilərsə bu statistikaları həmişə şübhə altına alır.