2016-cı ildə neftin qiymətinə təsir edəcək 5 faktor - TƏHLİL

2-12-2015, 13:35           
2016-cı ildə neftin qiymətinə təsir edəcək 5 faktor - TƏHLİL
Dekabrın 4-də Vyanada Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) növbəti yüksək səviyyəli görüşü keçiriləcək. İclas ərəfəsində müxtəlif proqnozlar səslənir. Gözlənilir ki, iclasda neftin qiymətlərinə təsiredici qərarlar qəbul ediləcək. Ən böyük ehtimal iclasda neftin hasilatı üzrə maksimal kvotaların dəyişdirilməsinə dair qərarların qəbulu ilə bağlıdır. Aydındır ki, kvotaların azalması qiymətlərə yüksəldici, artırılması isə endirici təsir edə bilər. Beləliklə, kvotaların hansı istiqamətə dəyişəcəyi barədə proqnoz irəli sürməklə qiymətlərin dinamikasını təxmini də olsa, proqnozlaşdırmaq olar. Amma bu, çox primitiv ehtimaldır.

İclasda İndoneziyanın təşkilata yenidən üzv olması məsələsi ilə bağlı müsbət qərarın veriləcəyi gözlənilir. Hazırda OPEC-in üzvləri Əlcəzair, Anqola, Ekvador, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri və Venesueladır. Formal olaraq İndoneziyanın təşkilata qayıtması neftin qiymətlərinə hər hansı təsir etməməlidir, lakin dolayı yolla təsir edə bilər. Belə ki, bəzi analitiklərin fikrincə, İndoneziyanın OPEC-ə üzv olması kartelə kvotanın qaldırılması üçün formal səbəb ola bilər ki, nəticədə kvota indiki günə 30 mln. bareldən 31 mln. barelə qədər artırıla bilər. Maraqlıdır ki, İndoneziya 2009-cu ildə OPEC-dən neft hasilatının, daha dəqiq desək, ixracın kəskin azalması səbəbindən çıxıb. İndi isə bildirilir ki, İndoneziyanın OPEC sıralarına qayıtması ixracın artımı ilə bağlı deyil (çünki, bu fakt mövcud deyil), əksinə kartel çərçivəsində investisiya, texnologiyaların cəlb edilməsi məqsədi daşıyır. Bu isə İndoneziyaya neft hasilatını artırmaq imkanı verir. Bu baxımından İndoneziyanın OPEC-ə yenidən üzv olması Vyana toplantısının ən vacib gündəm maddəsi sayılmır. Amma Səudiyyə Ərəbistanı haqqında isə bunu demək olmaz.

Bəzi mənbələrin məlumatlarına görə, OPEC daxilində Səudiyyə Ərəbistanın mövqeyinə qarşı ciddi müqavimət var və bu qarşıdurma dekabrın 4-də keçiriləcək iclasda üzə çıxmalıdır. Məlumdur ki, son zamanlar Səudiyyə Ərəbistanı dünya neft bazarında aparıcı mövqeyini saxlamaq üçün hər bir addıma əl atır. Bura Avropaya ciddi qiymət güzəştləri edilərək neftin satılması ilə yanaşı, kartel çərçivəsində kvotaları azalmamaq cəhdlərini aid etmək olar. Eyni zamanda OPEC-in bəzi üzvləri neftin ucuzlaşdırılması siyasəti ilə barışmaq istəmir, çünki bu, nəinki onların neft gəlirlərini azaldır, hətta neft hasilatını maliyyə baxımından səmərəsiz edir. Faktiki olaraq Səudiyyə Ərəbistanının ucuz neft faktorundan doğan zərərləri hasilat və ixracatın artırılması ilə kompensasiya etmək taktikası bir çox OPEC üzvlərinin təqdirini qazanmır. Xatırladaq ki, bu taktika bir il əvvəl səslənəndə və OPEC-ə təqdim ediləndə burada böyük dəstəklə qarşılanıb, lakin o vaxt neft həmin taktika nəticəsində yalnız 100 dollara qədər ucuzlaşıb, hazırda isə neftin qiyməti heç bu rəqəmin yarısına da bərabər deyil. Ümidlərin özünü doğrultmaması OPEC daxilində hasilatın artırılması taktikasına yanaşmanı da dəyişib. İlk narazılardan olan Venesuela və Nigeriyaya artıq İran da qoşulub. İran son zamanlar açıq bəyan edir ki, Səudiyyə Ərəbistanını bu siyasətdən daşındırmağa çalışacaq. Lakin qlobal mahiyyətli hər bir problemdə olduğu kimi burada da bir neçə məqam var.

İlk növbədə onu qeyd etmək lazımdır ki, hazırda dünya neft bazarı İrana qarşı sanksiyaların ləğvini gözləməkdədir. Bu fakt o baxımdan vacib görünür ki, İran məhdudiyyətsiz neft satmaq hüququnu bərpa etdikdən sonra hasilat üzrə kvotaların azaldılması məsələsi indikindən daha aktual olacaq. Aydındır ki, sanksiyaların ləğv edilməsi dünya neft bazarında təklifi daha da artıracaq. İran neft bazarına daxil olduqdan sonra alıcılara təklif olunan gündəlik neftin miqdarının təxminən 1 mln. barel artacağı proqnozlaşdırılır. Bu rəqəm necə əsaslandırılır? Cavab aydındır - İran sanksiyaların təsiri altında neft hasilatını cəmi 1 milyon barel azaldıb və gözlənilir ki, sanksiyalar qalxdıqdan sonra ən azı bu həcmdə neft dünya bazarına qayıdacaq. Hazırda isə dünya neft bazarında təklifin tələbatı üstələmə miqdarı artıq 1,5 mln. barelə yaxındır, buraya daha 1 mln. bareli əlavə etsək, prosesin qiymətlərə necə təsir edəcəyi barədə mübahisə etməyə dəyməz. Bu baxımından OPEC tərəfindən kvotaların azaldılması yeganə çıxış yolu kimi görünür.

Qeyd edək ki, neftin qiymətinin daha da ucuzlaşacağına İran amilindən başqa, ABŞ-da şist neftin hasilatının artması, dünyada iqtisadi artımın hələ də istənilən səviyyəyə çıxmaması kimi amillər də təsir göstərir. Səudiyyə Ərəbistanının mövqeyi isə bu ucuzlaşmanı dayandırmağa açıq-aşkar mane olur.

Baha bir məqamı də qeyd edək. Belə ki, dünya bazarında təklifi OPEC-ə daxil olmayan ölkələrin hesabına həyata keçirmək ehtimalları da real görünmür. Aydındır ki, belə ölkələrə ilk növbədə Rusiyanı aid etmək olar. Lakin Rusiya özü neftin ucuzlaşması ilə hasilatı artırmaqla mübarizə apardığı bir dövrdə, indi də ortaya Avropa amili çıxıb. Səudiyyə Ərəbistanı dempinq siyasətinə əl ataraq Şərqi Avropaya nefti yüksək endirimlərlə satır və bu amil Rusiyanı adekvat addımlara məcbur edir. Çünki, başqa yolla Avropa bazarı uğrunda mübarizə aparmaq mümkün olmayacaq. Səudiyyə Ərəbistanını Avropa bazarında dempinq siyasəti yürütməkdə günahlandıran Rusiya hazırda Avropa bazarını tam itirmək təhlükəsi ilə üz-üzədir. Bu təhlükəni önləmək üçün Rusiya özü Avropaya satılacaq neft üzrə güzəştli qiymətlər elan edib. Bütün bu proseslər isə yekunda neftin qiymətinin ucuzlaşmasına birbaşa təsir göstərir. Buraya İraq və Liviyanın neft hasilatını artırmaq planlarını əlavə etsək, neftin nə zamansa bahalaşacağı perspektiv üfüqdə belə görünmür.

Durum belədir, bəs 2016-cı ildə neftin qiymətləri ilə bağlı konkret hansı proqnoz irəli sürmək olar? Bu suala birmənalı cavab olmasa da, ehtimallar var. İlk ehtimalı “Goldman Sachs” analitikləri irəli sürür. Onların fikrincə, əgər hazırda neft bazarında mövcud olan vəziyyətə nisbətən yumşaq qış amili də əlavə etsək, neftin qiymətinin 2016-cı ildə hətta 20 dollara qədər ucuzlaşması mümkündür. Rusiya analitikləri isə neftin 30 dollaradək ucuzlaşması təqdirdə ölkə iqtisadiyyatda baş verə biləcək prosesləri artıq təhlil edirlər. Beləliklə, artıq 20-30 dollarlıq səviyyə bir çoxlarına qeyri-real görünmür. Hazırda isə neftin qiyməti 42-44 dollara bərabərdir. Əgər

1) OPEC çərçivəsində hasilatın azalması barədə razılıq əldə edilməsə,
2) İran neft bazarına ixracatı artırsa,
3) Avropa İttifaqında sənaye istehsalı sektorunda müasirləşmə nəticəsində neftdən istifadə azalmaqda davam etsə,
4) nəhayət Səudiyyə Ərəbistanı ilə Rusiya arasında Avropa bazarı uğrunda qiymət müharibəsi davam etsə, neftin qiyməti həqiqət 30 dollara, hətta ondan da aşağı səviyyəyə düşə bilər.

Beşinci faktor isə yuxarıda qeyd etdiyimiz yumşaq qış amilidir. Hazırda həmin amillərin sırasında yalnız OPEC-in addımları neftin ucuzlaşmasını dayandıra biləcək amil kimi görünür. Mövcud olan maneələrə baxmayaraq, OPEC-in dekabrın 4-də baş tutacaq iclas hələlik yeganə ümidverici hadisədir. İclasda hasilatın azalması barədə razılıq əldə olunsa, neftin qiymətləri dərhal bir qədər artacaq. Bununla da 2016-cı ildə, İran bazara gündəlik əlavə 1 mln. barel nefti çıxarsa belə, bunun endirici təsiri əvvəlcədən tarazlaşdırılmış olacaq. Lakin bu ehtimalları qiymətləndiriləndə biz yenidən Səudiyyə Ərəbistanının sərt mövqeyinə qayıdırıq. Bu mövqeni nəzərə alsaq, OPEC-in iclasında kvotaların azaldılması mümkünlüyü real görünmür. Ümid edək ki, bu ehtimal reallaşmayacaq və kvotaların azaldılması barədə razılıq əldə olunacaq. Çünki, neftin hətta indiki qiymətləri bütün ixracatçı ölkələrə ziyan vurur, qiymətlərin daha da aşağı düşməsi isə həqiqətən faciə ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.