"Azərbaycanın Naradaran problemi yoxdur, bir neçə qonşu dövlətin Azərbaycan problemi var" - Ən doğru qiymətləndirmə

2-12-2015, 13:59           
"Azərbaycanın Naradaran problemi yoxdur, bir neçə qonşu dövlətin Azərbaycan problemi var" - Ən doğru qiymətləndirmə
Nardaranda baş verən hadisələr ölkə gündəminin ən aktual mövzusuna çevrilib. Bu olaya münasibət bildirən siyasətçilər, millət vəkilləri, eləcə ölkə ictimaiyyəti hadisələri pisləyir, dini radikalizmi lənətləyirlər.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Nardaran hadisələrinə münasibətdə ciddi bir məqama toxunub. O, ölkə ziyalılarının bu məsələyə münasibət bildirməməsindən gileylənib. Qeyd edib ki, ziyalılar Nardaran olayına münasibət sərgiləməli, onlar bu istiqamətdə çağırışlar etməlidir.

AzVision.az mövzunun aktuallığını nəzərə alaraq bir neçə ziyalıdan Nardaran olayına münasibət öyrənib.

Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev AzVision.az-a verdiyi açıqlamada Nardaranda baş verən hadisəni faciə adlandırıb.

Tanınmış yazıçı bildirib ki, Azərbaycanın sakitliyin hökm sürdüyü yeganə ölkədir: “Belə bir hadisənin baş verməsinə çox təəssüf edirəm. Bu kimi hadisələrin olmasından xoşum gəlmir. Orada nəyin, necə olmasını deyə bilmərəm. Amma insanların ölümü faciədir”.

İnsan ölümlərini heçə sayan yazıçıları tənqid edən Ç. Abdullayev onlara başqa işlə məşğul olmağı məsləhət görüb: “Orada faciə baş verib. İnsan ölümü baş veribsə, yazıçı bu hadisəyə yaxşı deyirsə, deməli o yazıçı deyil. Getsin, başqa işlə məşğul olsun. Nardaranda insan ölüb, yaralananlar olub. Təbii ki, buna faciə kimi baxmaq lazımdır”.

Tanınmış şair Aqşin Yeniseyin fikrincə, son vaxtlar Nardaranda və ölkənin bəzi əyalətlərində baş verən hadisələr onu göstərir ki, cəmiyyətin müəyyən zümrələri dövlətin dini tolerantlığına qarşı intolerantlıqla cavab verirlər. Yəni tolerantlığı özlərinin şəxsi mənafelərinin, icma məqsədlərinin üstünlükləri kimi başa düşürlər: “Ümumiyyətlə, başqalarının həyatına, fikir və inancına tolerant olmayanlara qarşı hər hansı güzəşt gələcək faciələr üçün zəmin yaradır. Bundan başqa bu gün özünü psixoloq adlandıran falçıları, şair adlandıran meyxanaçıları, alim adlandıran dindarları özümüz köməkləşib cəmiyyətə sırımışıq. Televiziyalarımız, mətbuatımız bu yolda əlindən gələni edib”.

Aqşin Yeniseyin sözlərinə görə, Azərbaycanda hər iki məktəbə sayca ortalama bir məscid düşür və yeni yetişən gənclik təhsilin, incəsənətin cavab verməli olduğu, amma verə bilmədiyi saullara dində, xurafatda cavab axtarır.

“Odur ki, bir balaca paytaxdan kənara çıxıb məscidlərin və məktəblərin, sadəcə, yaraşığına baxmaq kifayətdir. Bir sözlə, Azərbaycanın Naradaran problemi yoxdur, bir neçə qonşu dövlətin Azərbaycan problemi var”.

“525-ci” qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə hesab edir ki, Nardarana baş verənlər təsadüf deyil, bundan öncə də bu kimi xoşagəlməz hallar yaşanıb.

“Aydın görünür ki, Nardaranda din pərdəsi altında qonşu ölkənin maraqlarına xidmət edən, onların sifarişlərini yerinə yetirən insanlar var. Dövlət orqanları qeyd edirlər ki, hələ bu günə kimi Nardaranda bələdiyyə qurmaq mümkün olmayıb. Məscidlərin hamısı qeydiyyatsızdır. Azərbaycana aid olmayan atributlar, bayraqlar, şüarlar orada öz əksini tapıb. Nardaranlılar dövlətin qanunlarına, bayrağına, atributlarına hörmət etməlidirlər. Hər hansı kənar qüvvələrin təsirlərini müdrik Nardaranlılar oradan uzaqlaşdırmalıdırlar. Bilirəm ki, Nardaranda dünyanı dərk edən insanlar çoxdur. Onlar eksterimist, radikal qüvvələrə, başqa ölkələrin dəyirmanına su tökən güclərə imkan verməməlidirlər. Onlar dövlətin gördüyü tədbirləri dəstəkləməlidirilər. İnanıram ki, bu proseslər yaxşı sonluqla bitəcək və Nardaran Azərbaycanın inkişafına tövhə verən bir kənd kimi bizim yaddaşımıza yazılacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.