Könlü balıq istəyən... Şirvan kanala gəlməsin - ARAŞDIRMA

3-12-2015, 17:59           
Könlü balıq istəyən... Şirvan kanala gəlməsin - ARAŞDIRMA
Bir müddətdir ki, feysbukda həvəskar balıqçıların, necə deyərlər deyişməsini izləyirəm. Həvəskarlar bir əldən brakonyerlərə saldırır, onları “balıqların qənimi” adlandırır. Şirvan və Mil-Muğan kanalından çəkilmiş cərgə ilə düzülən tor şəbəkəsi şəkillərinə isə hərə öz anladığı kimi şərh verir. Biri deyir su polisi hara baxır, digəri müfəttişləri günahlandırır, başqa birisi elə acgöz brakonyer balıqçıları ittiham edir... Bu deyişmələrə ən yaxşı reaksiya verən isə Ekologiya Nazirliyi oldu və mətbuatda gedən şəkillərdən gördüm ki, yerində qanunsuz torları yığıb yandırdılar, kanalları təmizlədilər. Yazdılar ki, hətta həvəskar balıqçılar da iştirak etdi bu təmizləmədə və mənzərəni gözləri ilə gördülər. Amma həqiqət belə imiş ki, kanalların ağzında, dənizə tökülən yerində qurulan torlar elə doğrudan da kanalın qabağını kəsmək üçünmüş və dövlətə məxsus balıqartırma zavodlarına aiddir. Sadəcə quraşdırılmış tor və avadanlıqların görkəmi lazımınca deyil, izahedici lövhələr yerində deyil və s... Bu barədə sonra.

Balıqçı dostumun dedikləri

Dostum bir gün balıq tutmaq üçün Şirvan kanalına gedib, elə tilovunu atar-atmaz bir nəfər gəlib ki, burda balıq tutmaq qadağandır. Niyə, nə səbəbə, gör neçə yerdə tilov atan var, kanalın qabağını da torlarla az qala hasara alıblar, o brakonyerləri niyə dayandırmırsiz?- deyə dostum etirazını bildirib. Sonradan həmin şəxs ona Şirvan kanalının da, balıqçıların üz tutduğu Mil-Muğan kollektorunun da vəziyyətini anladıb. Deməli, kanalın qabağı ona görə müxtəlif balıq tutma vasitələri ilə kəsilir ki, balıqlar kanala keçməsin. Şirvan da, Mil-Muğan da drenaj sularından formalaşmış kollektor olduğundan mənbəyi gedib hansısa fermerin tarlasına çıxır və balıqlar burada tələf olur, onların bu tarlakənarı arxlarda kürü tökməsi mümkün deyil və mənasızdır. Drenaj sularının da tərkibində bitki üçün təhlükəli dərəcədə duzlar varsa da, dəniz suyundan xeyli az duzlu olduğu üçün balığı çaşdırır. Bunu çay kimi qəbul edən balıq özünü vurur kanala ki, kürü töksün. Amma balıq o kanal ilə yuxarı gedib hara çıxacaq? Hansısa bir dağın dibindəki çayın çınqıllı-daşlı sahilinəmi çıxacaq ki kürü töksün? Yox, gedir bataqlığa, hansısa drenaj kanalına, yaxud da kiminsə tarlasına çıxır və məhv olur. Kanalda ölü balıq görəndə də bəzən deyirlər ki, tokla öldürülür, düzdür bu da istisna deyil, amma bu əsasən kollektorların balıqlar üçün təbii şəraitsizliyindəndir...

Rəsmi açıqlama

Feysbuk araşdırmasını sona vermək üçün rəsmi münasibəti də gərəkli saydım və öyrəndim ki, həqiqətən də Ekologiya Nazirliyi sosial şəbəkədə müzakirə olunan məsələyə cəld reaksiya verib. Rəsmi açıqlamada bildirilir ki, “bəzi ərazilərdə qanunsuz balıq ovu ilə bağlı faktların həvəskar balıqçılar tərəfindən sosial şəbəkədə işıqlandırılmasına və qanunsuz balıq ovçularına qarşı tədbirlər görülməsi tələblərinə dərhal reaksiya verilib. Bu cür hallara cavabdeh dövlət qurumu olaraq həvəskar balıqçılara, ictimaiyyət nümayəndələrinə ətraf mühitin qorunması və mühafizəsinə göstərdikləri diqqətə görə minnətdarlıq bildiririk. Ümumiyyətlə, ilboyu aparılan qanunların tələblərinə uyğun olmayan halların mütəmadi olaraq qarşısının alınması istiqamətində fəaliyyətimiz çərçivəsində sözügedən ərazilərdə də həvəskar balıqçıların iştirakı ilə reydlər və yoxlamalar keçirildi, obyektiv və subyektiv səbəblər, o cümlədən yerlərdəki şərait bir daha araşdırıldı. Müəyyən yerlərdə qanunsuz balıq ovu halları aşkar edildi və dərhal tədbirlər görüldü”.

Açıqlamada qeyd olunur ki, “bununla belə, Xəzər dənizinin Baş Şirvan və Mil-Muğan kollektor sularına qarışdığı hissəsində mövcud olan vəziyyət və obyektiv şərait barədə hamımız üçün gərəkli olan məlumatları həvəskar balıqçıların diqqətinə çatdırmağı zəruri hesab edirik”.

Şirvan və Mil-Muğan kanalları balıqların yaşaması üçün təhlükəlidir!

Nazirlikdən verilən məlumatda bildirilir ki, “Xəzər dənizinin Baş Şirvan və Mil-Muğan kollektor sularına qarışdığı hissəsində nisbətən az duzlu və balıqların çay suyu kimi qəbul edib kürü tökməyə yönləndiyi kanallarda dövlət əhəmiyyətli stansiyalar qurulub. Yəni respublikada fəaliyyət göstərən Kür-Təcrübi Nərəbalıqartırma, Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma və digər mövcud balıqartırma müəssisələrinin bu sularda dayaq stansiyalarının olması, vətəgə postlarının qoyulması balıqartırma sahəsində elmi yanaşmanın nəticəsi olaraq zəruri və mühüm tədbir kimi hələ SSRİ dövründə müəyyənləşdirilib və dövlət əhəmiyyətli balıqartırma obyekti kimi indi də fəaliyyət göstərir.

Stansiyaların qurulmasında əsas məqsəd də balıqların yaşaması, kürü tökməsi üçün münbit şəraiti olmayan, hidrokimyəvi tərkibi balıqların yaşaması üçün uyğun olmayan Şirvan və Mil-Muğan kollektoruna balıqların daxil olmasının qarşısının alınmasından və eyni zamanda balıqartırma məqsədləri üçün törədici balıqların (yetkin erkək və dişi fərdlər) balıqartırma zavodlarında kürü tökməsini təmin etməkdən ibarətdir. Çünki faktiki olaraq heç bir çayla əlaqəsi və təbii şirin su mənbəyi olmayan, balıqların uzun müddət yaşaması və kürü tökməsi üçün əlverişsiz olan belə kollektorlarda ümumiyyətlə balıqların qalması elmi, praktiki və balıqartırma prosedurları baxımından tam olaraq yolverilməzdir. Bu səbəbdən kollektorların mənsəbində yerləşdirilən stansiyalardakı torlar və digər balıqtutma vasitələri balıqların kollektora keçməsinin qarşısını almaq üçündür və burda toplanan ana balıqlar çeşidlənərək diri-diri müvafiq balıqartırma zavodlarına paylanılır ki, onlardan alınan kürüdən əldə olunan körpə balıqlar yenidən dənizə buraxılsın.”

60-70-ci illərdə qurulan stansiyalar dəyişdirilərək müasir standartlar səviyyəsinə gətirilir

Xüsusilə qeyd olunmalıdır ki, qızıl balıqların və nərəkimilərin artırılması sahəsində bu kollektorlarda mövcud olan vətəgə tipli stansiyaların əhəmiyyəti əvəzsizdir. Çünki Azərbaycan ərazisində Xəzərə tökülən ən böyük şirin su mənbəyi sayılan Kür çayının bir neçə yerdə qarşısının kəsilməsi, yəni su elektrik stansiyaları və digər təyinatlı dambalara görə bu növ qiymətli balıqların təbii olaraq artımı çoxdandır ki, çətinləşib və bu məqsədlə də hələ sovet dövründən Kür çayının mövcud dambalara çatmayan yerləri də daxil olmaqla, Şirvan və Mil-Muğan kollektorlarında da törədici balıqların toplanaraq süni balıqartırma zavodlarına paylanması zərurəti yaranıb. Amma yenə də qeyd edilməlidir ki, həm də bu kollektorlardakı şərait balıqların yaşamasına və artımına zərərlidir. Digər tərəfdən, bu stansiyalar 60-70-ci illərdə qurulduğundan hazırda estetik görkəmi yoxdur və həmin stansiyalardakı avadanlıqlar artıq Nazirlik tərəfindən dəyişdirilərək müasir standartlar səviyyəsinə gətirilir.

Başqa bir məsələ isə bu stansiyaların təyinatı üzrə nə qədər düzgün və məqsədyönlü istifadə olunması ilə bağlıdır. Yəni burada insan faktoru var və bu o deməkdir ki, brakonyerlik faktları da, brakonyer torları da mövcuddur. Ekologiya Nazirliyi də bunları nəzərə alaraq həvəskar balıqçıların və ictimaiyyət nümayəndələrinin daxil olduğu Komissiya yaradıb və bu cür faktlara qarşı respublikanın bütün sututarlarında ciddi tədbirlər görür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.